Məhkəmə qərarları › İş №2-1(112)-8340/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8340/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8340/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Qarayeva Ləman Natiq qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X7, Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər X19 və X3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və X4 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası, X12 məxsus olan Bakı şəhəri, ünvan 3 evdə iddiaçı və digər qardaş və bacıları uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Cavabdeh X19 rəhmətə gedən qardaşı Qafar Yusifovla 1987-ci ildə ailə qurduqdan sonra həmin evə gəlin köçmüşdür. 2010-cu il tarixdə cavabdeh İradə Yusifova qardaşı Qafar Yusifova qarşı həmin evə hüququnun tanınması və qeydiyyata alınması tələbi barədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmə də həmin qətnaməni qüvvədə saxlamışdır. Həmin qətnamə qəbul edilənədək İradə Yusifova qardaşı Qafar Yusifovdan artıq 2010-cu ilin avqust ayında boşanmışdır. Boşandıqdan sonra İradə Yusifova qardaşı Qafarla birgə nikah dövründə aldıqları Nəsimi rayonu, N.Əlizadə küçəsi, 40 saylı evdə yaşamışlar. Daha sonra İradə Yusifova mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilib onun xeyrinə qətnamə qəbul edilmiş və mənzilə köçürülmüşdür. İradə Yusifova mənzilə köçürülməyə dair məhkəmə qətnaməsini əsas götürərək, qətnamə qanuni qüvvəyə minməmiş Nəsimi Rayon “Mənzil İstismar Sahəsindən” qanunsuz arayış alaraq Nəsimi Rayon Polis İdarəsinin pasport və qeydiyyat idarəsinin adı iddiaçıya məlum olmayan vəzifəli şəxsi ilə əlbir olub qanunsuzluq edərək atasına məxsus olan Bakı şəhəri, ünvan 3 evə öz oğlu Yusifov Əliəkbər ilə birlikdə, 2010cu ilin 04 noyabr tarixində qanunsuz qeydiyyata düşmüşdür. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi həmin evə qeydiyyata alınmaq üçün əsas deyildir. Evə qeydiyyata alınmaq üçün həmin evin mülkiyyətçisinin (sahibinin) rəsmi icazəsi lazımdır, lakin İradə Yusifovaya belə icazə verilməmişdir. İradə Yusifovanın qanunsuz qeydiyyata düşməsi faktının araşdırılması, hüquqi qiymət verərək onun barəsində cinayət işinin başlanılması üçün Nəsimi Rayon Prokurorluğuna ünvanladığım ərizəyə baxılaraq Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara görə İradə Yusifovanın və oğlu Yusifov Ələkbərin qeyd olunan ünvana saxta sənədlər əsasında qeydiyyata düşməsi müəyyən olunmuş, lakin CM-nin 75.1.1-ci maddəsinin tələblərinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında qanunun 5-ci maddəsində qeydiyyata düşməyin əsasları göstərilmişdir. Həmin maddədə göstərilən əsaslardan heç birini İradə Yusifovaya şamil edib onu atasına məxsus olan evə qeydiyyata salmaq mümkün deyildir. Həmin maddədə mənzilə köçürülmə barədə qətnamənin olması qeydiyyata alınmaq üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X19 və X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X5 yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli iş üzrə qətnaməsində üçüncü şəxs və vəkili dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edərək Bakı şəhəri M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə hüququnun tanınması və qeydiyyata alınmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qət etdi hissəsində iddiası təmin olunub, Bakı şəhəri M.Əlizadə küçəsi 48 (səhv olub, əslində 46/48 olmalı idi) saylı evə hüququ tanınıb və qətnamə qanuni qüvvəyə minəndən sonra yaşayış sahəsinə qeydiyyata alınma üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)- 694/2010 saylı iş üzrə qətnaməsinin qət etdi hissəsində onun 46/48 saylı evə hüququnun tanınması hissəsində iddia tələbi təmin olunmayıb. Bakı şəhəri M.Əlizadə küçəsi 46/48 saylı evə qeydiyyata alınmağına dair hissəsində isə məhkəmədə baxılmalı olmadığına görə xitam verilib. Nəsimi rayon Məhkəməsinin xx.xx.2010-cu il 2(006)- 3683/2010 saylı qətnaməsinin müəyyən etdi hissəsində məhkəmədən o, Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı evə köçürülməsini xahiş etmişdir yazılıb. Bundan başqa 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnamənin axırıncı səhifəsində məhkəmə X5 Bakı şəhəri Nəsimi rayonu M.Əlizadə küçəsi 46/48 saylı mənzilə köçürülməlidir sözlərini yazmışdır. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2 (103)-364/2010 saylı Qətnaməsi və Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli 2 (102)-1902/2011 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə 59 saylı MKİS tərəfindən ona təqdim edilmiş evin sxemini İddiaçı saxtakarlıq edib, ona məxsus oluğunu bildirən başlıq yazısını silib, birinci mərtəbənin sxeminə əlavə etmişdir. Hazırki işə mərhum qaynatası X8 istifadəsində olmuş iki mərtəbəli ev kimi təqdim edib. 2(006)-3058/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadından istifadə edən İddiaçı ona görə onu və birinci qrup əlil oğlumu qeydiyyatdan çıxartmaq istəyir ki, guya onun özü orada rəsmi qeydiyyatdadır və onu birinci qrup əlil oğlu ilə evindən çölə atsın. 22 saylı vəkil bürosundan daxil olan sorğu əsasında 59 saylı MKİS tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən edilir: Sözügedən ünvanda mərhum X8 istifadəsində olmuş birici mərtəbədəki yaşayış sahəsi ölçülüb, lakin ikinci mərtəbənin ölçülməsinə yerində şərait yaradılmadığından ölçülməsi mümkün olmadı. Bütün bunlar ərazidə "xxxx" MMC tərəfindən aparılan söküntü və yeni hündürmərtəbəli binaların tikintisi zamanı veriləcək pul komensasiyası ilə əlaqədardır. İddiaçı cavabdeh Bakı şəhəri, Nəsimi RPİ-nə qarşı "iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsinə ”dair iddia tələbi üzrə iddiaçı özünün şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanının M.Əlizadə küçəsi, ev 48 deyil, M.Əlizadə küçəsi ev 46/48 kimi göstərilməsini xahiş etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-9989/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2544/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeydiyyatla bağlı saxtalaşdırmanın olması ilə bağlı aşağıdakı qərarlarla öz təsdiqini tapmamışdır: 1.İlkin olaraq Nəsimi RPİ- nin 20-ci PB-nin (təhqiqatçı Orxan Qurbanov) xx.xx.2012ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İradə Yusifova tərəfindən hər hansı saxtalaşdırma xətşünaslıq ekspertizası tərəfindən müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. 2.Eyni əsaslarla Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2021-ci tarixli (müstəntiq Sübhan Zeynalov) Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 3.Əməlində cinayət faktının olmaması əsası ilə Nəsimi RPİ-nin İŞ- nin xx.xx.2021-ci tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 4.Əməlində cinayət faktının olmaması əsası ilə Nəsimi RPİ-nin İŞ- nin xx.xx.2021-ci tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 5.Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. 6.Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(006)-38/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsinə dair Nəsimi RPİ- nin İŞ-nin qərarı qanuni hesab edilmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(103)-106/2022 saylı qərarı ilə Nəsimi RPİ- nin İŞ-nin xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuni hesab edilməsinə dair xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 8.Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. 9.Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət tərkibi olmaması səbəbi ilə, cinayət işinin başlanması rədd edilmişdir. 10.Nəsimi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı heç bir subyektiv hüququ yoxdur. Evlər özbaşına tikili olduğu üçün paylı mülkiyyətdən, mirasdan, vərəsədən söhbət gedə bilməz. Hazırda təqdim etdiyi 59 saylı MKİS-nin arayışın surəti ilə müəyyən edilir ki, ünvan 3 ünvanda Yusifova İradə və oğlu Yusifov Əli-Əkbər qeydiyyatdadır və yaşayır. Təqdim etdiyi ”Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən M.Əlizadə küçəsi ev 46/48 saylı ünvanda qeydiyyatda olan şəxslər; X16, oğlu Yusifov Əli- Əkbər Qafar oğlu və mərhum qaynatası X21 olmuşdur. İddiaçı nəinki həmin ünvanda yaşamır, o cümlədən həmin ünvana hər hansı bir hüquq müəyyənedici sənəd belə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15709/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-1668/2024 saylı 06 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15709/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan mülki qaydada baxılmış məhkəmə aktlarından görünür ki: İ.İddiaçı X19 cavabdeh X9 qarşı dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə hüququnun tanınması və qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X7 iddiası təmin edilərək, onun Bakı şəhəri, M.Əlizadə küçəsi, 48 saylı evə hüququnun tanınması, qətnamə qnauni qüvvəsini aldıqdan sonra yaşayış sahəsinə qeydiyyata alınma üçün əsas olduğu qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-694/210 saylı 03 mart 2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X7 iddiası təmin olunmamış və həmin evə qeydiyyata alınmasına dair tələbinə məhkəmədə baxılmalı olmadığına görə qərardad çıxarılmaqla xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2390/10 saylı xx.xx.2010-cu il tarixli qərarı ilə X7 verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-694/210 saylı 03 mart 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İİ.X7 cavabdeh X12 və X10 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilmiş və İradə Yusifovanın cavadehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsindən görünür ki, cavabdehlər X17 və X6 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2011-ci il tarixli, 2(102)- 1902/2010 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/10 saylı 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin, 48 saylı mənzilinə gəldikdə müəyyən olunmuşdur ki, X16 göstərilən ünvanda yaşayır. X2 bildirmişdir ki, tələbkar Yusiova İradənin göstərilən ünvanda yaşamasına heç bir maneçilik və etirazı yoxdur. Aktın doğruluğunu icra məmuru, tələbkar, borclu və 2 nəfər hal şahidi öz imzaları ilə təsdiq etmişlər. İİİ. Nəsimi rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı işin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, ünvan 3 evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X27 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı X16 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunması nəticəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İV. İddiaçı Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh X14 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X14 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-88/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-963/2024 saylı işin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5610/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 399-C-22 saylı material üzrə törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 399-c-22 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırılma zamanı X1 rayonu 59 saylı MKİS-in saxtalaşdırılmış arayışı əsasında özbaşına tikili olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 46/48 ünvanına qeydiyyata düşməsi müəyyən edilsə də həmin arayışın kim tərəfindən və hansı formada saxtalaşdırılması müəyyən edilməmişdir. Qeyd olunan əməli törətmiş şəxsin (şəxslərin) şəxsiyyətləri müəyyən edildiyi halda belə törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məsuliyyətə cəlb edilməsi (edilmələri) Azərbaycan Respublikası CM-nin tələblərinə əsasən qeyrimümkün hesab edildiyindən xx.xx.2023-cü il tarixdə material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə istinad edilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2 40420/23 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında xx.xx.1964-cü il təvəllüdlü X19 xx.xx.2010-cu il tarixdən, xx.xx.1997-ci il təvəllüdlü X20 xx.xx.2013-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-Y-3424 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1938-ci il təvəllüdlü X11 xx.xx.1972-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48-də, xx.xx.2005-ci il tarixdən Nəimi rayonu, M.Əlizadə küçəsi ev 46/48 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir; xx.xx.1963-cü il təvəllüdlü X15 xx.xx.1983-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdən şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir; 1932-ci il təvəllüdlü X21 xx.xx.1958-ci ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46-da, xx.xx.2005-ci ildən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunalı təsərrüfatı birliyi 59 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli məktubundan görünür ki, İddiaçı həmin ünvandan 52 metr aralıda yerləşən sonradan özbaşına inşa edilmiş evində qeydiyyatsız yaşayır və həmin evə aid MKİS-də heç bir sənəd yoxdur. həmin ünvanda mərhum X8 övladları onun özü ilə birlikdə M.Əlizadə küçəsi 46/48 saylı ünvanda anadan olub, onlar doğulandan bu ünvana qeydiyyata alınmışlar. Lakin, bizə məlum olmayan səbəblərdən onların şəxsiyyət vəsiqələrində M.Əlizadə 46.48.46/48 kimi mənzil nömrələri qeyd olunmuşdur. MKİS-də olan sənədlərə əsasən bu evlər eyni ünvan kimi (Forma B kartada) göstərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunalı təsərrüfatı birliyi 59 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 434 nömrəli arayışına əsasən X16 oğlu X20 ilə birlikdə həqiqətən də Məsud Əlizadə küçəsi 46/48 saylı evdə yaşayırlar. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 13-19/2/- 158 nömrəli arayışa əsasən X16 həqiqətən o əraziyə xidmət göstərən 59 saylı MKİS-in təqdim etdiyi arayışa və faktiki sxemə görə istifadəsində olan ünvan 8 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 51/2-Y-34603 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, ünvan 11 2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı qərardadını ləğv edərkən hesab etmişdir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia üzrə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olduğunu müəyyən etdiyindən və İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburi olduğundan hazırkı məhkəmə iddianın mümkünlük şərtlərinə cavab verdiyi qənaətinə gələrək iddia tələbinin mahiyyəti üzrə dəyərləndirilməsinə keçir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlir. İşin hallarından görünür ki, ünvan 16da yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınamış əmlakdır. Üçüncü şəxs X7 pasport qeydiyyatı əvvəllər ünvan 10 ünvanında olmuş, xx.xx.2010-cu il tarixdən isə ünvan 16a qeydiyyata alınmışdır. ünvan 11 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “İddiaçı pasport qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48, 3-cü şəxs X5 pasport qeydiyyatı isə ünvan 12 ünvan göstəricilərinin fərqli olmasına baxmayaraq söhbət faktiki olaraq eyni daşınmaz əmlakdan gedir.” İddiaçı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin atası 1932-ci il təvəllüdlü mərhum X12 məxsus olduğunu, üçüncü şəxs X7 onun mərhum qardaşının keçmiş həyat yoldaşı olmaqla sözügedən ünvana qanuni əsaslar olmadan qeydiyyata düşdüyünü əsas gətirərək üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb edir. İddiaçı üçüncü şəxslərin qeydiyyatlarının qanunsuz olması ilə bağlı sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad etmişdir. Həmin qərarla X7 özbaşına tikili olan ünvan 16a qeydiyyata düşməsi üçün Nəsimi rayonu MKİS-in arayışının kim tərəfindən və hansı formada saxtalaşdırılması müəyyən edilmədiyi, əməli törətmiş şəxs və ya şəxslərin şəxsiyyətləri müəyyən edildiyi halda belə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən sonuncu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bilavasitə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarına hüquqi əsas kimi çıxış etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunvericilik qeydiyyatın yalnız saxta sənədlər əsasında aparıldığı və bununla bağlı vəzifəli şəxsin hərəkətlərinin qanunsuzluğu müəyyən edildiyi halda qeydiyyatdan çıxarmanı müvafiq icra hakimiyyəti orqanına həvalə edir. Sözügedən sənədlərin saxtalığı və ya vəzifəli şəxsin hərəkətlərinin qanunsuzluğu barədə isə müvafiq cinayət mühakimə icraatı qaydasında məhkəmənin qanuni qüvvəsini almış məhkəmə hökmünün olması tələb olunur. Hazırkı iş üzrə isə Qanunun 9-cu maddəsində nəzərdə tutulan qeyd edilən məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 65.1-ci maddəsinin tələbinə əsaslanaraq cinayət prosesini həyata keçirən istintaq orqanının cinayət təqibini istisna edən qərarının hazırkı məhkəmə üçün preyudisial hüquqi əhəmiyyətə malik olduğu və qeyd edilən Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmiş faktların, o cümlədən üçüncü şəxsin həmin ünvana 59 saylı MKİS-in saxtalaşdırılmış arayışı əsasında qeydiyyata düşməsinin müəyyən edildiyi qəbul edilmiş olsa belə adıçəkilən cinayət prosesini həyata keçirən orqanın qərarı və həmin qərarla müəyyən edilmiş hallar hazırkı halda üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmalarına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin: -13.1-ci maddəsinə görə yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. -14.1-ci maddəsinə görə yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Sadalanan normalardan görünür ki, qanunverici hər hansı şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi də bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması isə vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bilavasitə vəzifəsidir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan qeydiyyata alınma üçün əsas olan sənəd-“yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd” anlayışı özündə şəxsin müvafiq yaşayış sahəsi ilə bağlılığını ifadə edən sənədləri ehtiva edir. Həmin maddədə yaşayış sahəsinə köçmək üçün əsas olan sənədlərdən bir də “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd”lərdir ki, qeyd edilən sənədlər eyni zamanda şəxsin müvafiq yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini də nəzərdə tutur. Təsadüfi deyildir ki, qeyd edilən Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyata alınmağa əsas verən sənəd kimi “yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər” qeyd olunduğu halda həmin normaya əks olaraq Qanunun 9-cu maddədə yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaya əsas verən sənəd qismində yaşayış sahəsindən çıxarılma barədə qətnamə və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin adı çəkilir. Başqa sözlə, yuxarıda sadalanan normaların müqayisəli təhili onu deməyə əsas verir ki, qeydiyyat haqqında qanunvericiliyə əsasən yaşayış sahəsi qanunla nəzərə tutulmuş yaşayış yeridir. Yaşayış sahəsinə köçürülmə barədə qətnamə həm də məhkəmə tərəfindən bilavasitə şəxsin yaşayış yerinin müəyyən edildiyini ehtiva edir. Şəxsin qeydiyyatı yaşayış yeri üzrə olmalıdır. Şəxsin yaşayış sahəsindən çıxarılması barədə qətnamə şəxsin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas verdiyindən, yaşayış sahəsinə köçürülmə barədə qətnamə də şəxsin köçürüldüyü yaşayış sahəsinə qeydiyyata alınmasına və yaxud həmin ünvanda qeydiyyatda qalmasına bilavasitə hüquqi əsas kimi çıxış edir. Hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli ünvana qeydiyyata düşməsinə əsas olan sənəd kimi bilavasitə köçürülmə barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olması müəyyən olunmasa belə, lakin, sonuncunun hazırkı halda həmin ünvana köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur, həmin qətnamələr icra olunmuş, üçüncü şəxs mübahisəli ünvana köçürülmüş və hazırda üçüncü şəxslər qeydiyyatda olduqları həmin ünvanda faktiki olaraq yaşayırlar. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmiş, qətnamə ilə nəzərdə tutulmuş icra tədbiri həyata keçirilmiş və üçüncü şəxsin sözügedən ünvana köçürülməsi xx.xx.2011-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, Nəsimi rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı işin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, ünvan 3 evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X27 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı X5 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi qət edilmiş, qətnamə ilə nəzərdə tutulmuş icra tədbiri icra edildiyindən Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırkı halda təqdim edilmiş Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunalı təsərrüfatı birliyi 59 saylı Mənzil-Kommunal İstismar sahəsinin yaşayış yeri üzrə arayışlarında X5 oğlu X20 ilə birlikdə həqiqətən də Məsud Əlizadə küçəsi 46/48 saylı evdə yaşadıqları bildirilmişdir. Üçüncü şəxslərin hazırda məhkəmə qətnamələri ilə köçürüldükləri adıçəkilən ünvanda faktiki yaşadıqları mübahisə olunmur. Yuxarıda sadalanan mülki məhkəmə qətnamələrinə əsasən X5 gəlin köçdüyü ev qayınatası X12 məxsus olmaqla, həmin evin ünvanının əvvəllər ünvan 14simi rayonu, M.Əlizadə küçəsi ev 46/48 olduğu, hər iki ünvan göstəricisindəki evin faktiki olaraq eyni daşınmaz əmlak olduğu müəyyən olunduğundan (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən), üçüncü şəxsin həmin ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğundan, həmin qətnamələr əsasında üçüncü şəxsin sözügedən ünvana köçürüldüyü və hazırda da ünvan 16da faktiki yaşadıqlarından, qanunla şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatda qalması tələb olunduğundan üçüncü şəxslərin hazırkı halda mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üçüncü şəxsin sözügedən fərdi yaşayış evində yaşayış hüququ təmin edilərək onun həmin özbaşına tikiliyə köçürülməsi təmin edilmişdir. İddiaçının barəsində adıçəkilən qanuni qüvvəyə minmiş köçürülmə barədə məhkəmə qətnamələri belə hazırkı halda yaşayış yeri üzrə mübahisəli ünvana qeydiyyata alınmaya əsas verən Qanunun 5-ci maddəsindəki “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” qismində çıxış edir. Çünki həmin qətnamələr ilə iddiaçının yaşayış yeri müəyyən edilmiş və onun məhz mübahisəli ünvanda yerləşən evdə yaşamaq hüququ bilavasitə təsdiq edilmişdir. Qanunun tələbindən də müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Belə olan halda üçüncü şəxsin mübahisəli ünvana qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlərin qiymətləndirilməsinə hüquqi zərurət aradan qalxmışdır. İddiaçının iddiasında qeydiyyatdan çıxarılmaya əsas kimi qeydiyyatın qanunsuz olması ilə bağlı istinad etdiyi hallar üçüncü şəxsin hazırkı halda mübahisəli ünvanda qeydiyyatda qalmasına əsas verən hüquqi əsaslarla müqayisədə öz əhəmiyyət və aktuallığını itirmişdir. Qeyd edildiyi kimi üçüncü şəxsin ünvan 16a köçürülməsi barədə ləğv edilməmiş, qanuni qüvvədə olan, icra olunmuş köçürülmə barədə qətnamələr var, üçüncü şəxs köçürüldüyü həmin ünvanda faktiki olaraq yaşayır və köçürüldüyü ünvan qanunla onun yaşayış yeri hesab olunmaqla, yaşadığı həmin ünvan üzrə də qeydiyyatda qalması qanuni və əsaslıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər X19 və X3) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar