Məhkəmə qərarları › İş №2-1(112)-8344/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8344/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8344/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair orderin (kirayə müqaviləsinin) dəyişdirilməsi barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair orderin (kirayə müqaviləsi) dəyişdirilməsi barədə sərəncam verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair verilmiş orderin (kirayə müqaviləsi) onun adına dəyişdirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi vəzifəsinin Suraxanı RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il tarixli 249711 nömrəli orderə əsasən əsasında ünvan 1 ünvanında yerləşən mənzil X12 verilmişdir. Orderə əsasən həmin mənzildə özü S.A.Ovanesov, arvadı H.S.Ovanesova, qızları A.S.Ovanesova, E.S.Ovanesova qeydiyyatda olmuşlar. X1 Ermənistan Respublikasının İrəvan şəhərində doğulmuş və uzun müddət orada yaşamışdır. 1990-cı ildə məlum hadisələrlə bağlı babası ailə üzvləri ilə Bakı şəhərinə köçmüş və hazırda yaşadıqları evi (Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “V” y/s. ev 13, mənzil 35) erməni milliyyətindən olan S.Ovanesova ilə dəyişdirmişdir. Bundan sonra mənzildə yaşayan şəxslər mənzili birdəfəlik tərk edərək öz torpaqlarına köçmüşlər. Bundan sonra həmin mənzildə babası ailə üzvləri ilə birlikdə yaşamışdır. X30 1990-cı ildə Suraxanı Rayon Xalq Deputatlar Sovetinə yazılı qaydada müraciət edərək, ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə qeydiyyata alınmasını xahiş etmişdir. Onun ərizəsinə baxılmış və Suraxanı Rayon Xalq Deputatlar Soveti tərəfindən verilmiş 17 yanvar 1990-cı il tarixli 01 saylı Qərara əsasən babası İ.Həsənovun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması qərara alınmış və qərarın icrası jekin müdriyyətinə həvalə edilmişdir. Sonradan babası və ailə üzvlərinin qeydiyyatda olması mənzilə dair orderdə qeyd edilməmişdir. Lakin babasının həmin mənzildə qeydiyyatda olması ona məxsus SSR pasportunda qeyd edilmişdir. Hazırda o, və ailə üzvləri babasından onlara miras qalmış həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Lakin mənzilə dair orderin atasının, daha sonra onun adına rəsmiləşdirilməsini həyata keçirə bilmirlər. O mənzilə dair Suraxanı RİH ilə kirayə (icarə) müqaviləsinin bağlanması üçün cavabdeh inzibatı orqana müraciət etmişdir, inzibati orqanın xx.xx.2024-cü il tarixdə "mərhum babanızın digər vərəsələrinin vərəsəlik şəhadətnaməsi və mənzilin kirayə müqaviləsinin sizin adınıza bağlanmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri olmaması" səbəbindən müraciətin icrasından imtina etmişdir. O, hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi Belə ki. O, cavabdeh orqana babasının vəfat etmiş övladlarına, eyni zamanda vəfat etmiş övladlarının övladlarına məxsus ölüm haqqında şəhadətnamələrin surətlərini təqdim etmişdir. Həmçinin o babasının sağ olan övladlarının ataları İ.Həsənova məxsus miras əmlakdan onlara çatası payları qəbul etməmələri və gələcəkdə də həmin payla bağlı iddialarının olmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizələrini, eyni zamanda babasının digər övladlarının və nəvələrinin mübahisəli mənzilin onun adına özəlləşdirilməsinə, çıxarışın və texniki pasportun onun adına verilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişdir. Hal-hazırda o, və ailə üzvləri həmin mənzildə yaşayır və mənzildən istifadə edirlər. Bu səbəbdən də hazırki imtinada göstərilən əsaslar onun müraciətinə imtina cavabının verilməsi üçün əsas ola bilməz. imtina tamamilə qanunsuz va əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Suraxanı RİH-nin iddia tələbinə dair 07 aprel 2025-ci il tarixli yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və ya orderlərin dəyişdirilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı mübahisəli mənzilə dair orderin (kirayə müqaviləsinin) onun adına dəyişdirilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lenin rayon XDS İK tərəfindən xx.xx.1987-ci il tarixdə xx.xx.1987-ci il tarixli 34/13 saylı qərar əsasında X23 verilmiş 249711 №li orderin surətindən müəyyən olunur ki, qeyd olunan order ona ailə üzvləri ilə birgə Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilinə köçmək üçün verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 02 iyul 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) “X4 dörd nəfərdən ibarət ailə üzvləri ilə (özü və üç övladı) qeydiyyata alınması barədə” xx.xx.1990-cı il tarixli 01 saylı qərarından (surəti) müəyyən olunur ki, X4 dörd nəfərdən ibarət ailə üzvləri ilə birgə Ermənistan SSR Ararat rayonunun sakinləri kimi 16.08.89-cu il tarixli D 5/1-453 reyestr nömrəli №li etibarnamə əsasında Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilini X23 ilə həyata keçirilmiş dəyişdirmə əsasında əldə etdikləri nəzərə alınmaqla onların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları qərara alınmış və MİS-nə mənzilə dair şəxsi hesabın dəyişdirilməsi tapşırılmışdır. 12 avqust 1996-cı il tarixdə verilmiş İV-JQ seriyalı 442300 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 12 avqust 1996-cı il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixdə “Asan 4” tərəfindən X9 verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı (xx.xx.1982), X14 (xx.xx.2007), X10 (xx.xx.1977), X15 (xx.xx.2006), X20 (xx.xx.2007) qeydiyyatdadırlar. X6, X7, X5, X8, X2, X16, X21, X25, X11, X3, X22, X22, X10 və X17 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizələrində onlar mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciəti ilə əlaqədar cavabdeh Suraxanı RİH tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Mərhum babanıza məxsus mənzilin kirayə müqaviləsinin Sizin adınıza bağlanmasına köməklik göstərilməsi haqqında ünvanladığınız ərizəyə Suraxanı RİH-də baxılmışdır. Bildiririk ki, mərhum babanızın digər vərəsələrinin vərəsəlik şəhadətnaməsi və mənzilin kirayə müqaviləsinin Sizin adınıza bağlanmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri olmadığından Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, yeni Günəşli “V” yaşayış sahəsi, 13 saylı evin 35 saylı mənzilinin kirayə müqaviləsinin Sizin adınıza bağlanılması ilə bağlı müraciətinizin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir”. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”

14. İş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir.

28. Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanması Qaydaları”

1. Yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; ... 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. ... 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; ... 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. ... 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ...

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri ... 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək;

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. .... Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində mübahisəli mənzilə dair verilmiş orderin onun adına dəyişdirilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçının hazırki tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə verilmiş cavabdan və iş maeriallarından müəyyən olunmuşdur ki, iddiaçı əslində kurayə müqaviləsinin onun adına dəyişdirilməsi niyyətini irəli sürmüşdür. İstinad olunmuş normalara məcmu şəkildə qiymət verərək ilkin olaraq iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edilməlidir ki, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Bu müqavilənin bağlanmasının əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərarı dayanır. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həm köhnə, həm də hazırda qüvvədə olan redaksiyasına görə mənzilin kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin kirayəçisi ilə bərabər hüquqlara malikdirlər ki, onların öz adlarına kirayə müqaviləsinin dəyişdirilməsini tələb etmək hüquqların (kirayəçinin və digər ailə üzvlərinin razılığı ilə) olduğu maddənin normasına nəzərdə tutulmuşdur. Bu hüquq həmçinin kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə də məxsusdur. Eyni zamanda istinad olunmuş maddi hüquq normalarının tələblərinə görə, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi çıxış edirlər. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə” də nəzərdə tutulmuşdur. Həmin Əsasnaməyə görə: “1.Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir. 2. Yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. ... ;

16. Müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır...” Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə də rəhbər tutaraq bildirir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi ilə vətəndaş arasında bağlanan elə bir müddətsiz müqavilə növüdür ki, həmin müqavilə vətəndaşa yaşamaq hüququnu və gələcəkdə yaşayış sahəsi üzərində yaranmış hüquqların qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Nəzərə alınmalıdır ki, qüvvədə olan MM-nin 68-ci maddəsi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini ehtiva edir. Mübahisəli mənzilin 1990-ci il tarixindən fasiləsiz olaraq iddiaçının babasının, sonradan isə onun ailə üzlərinin istifadəsində olması iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə icarədarın ailə vərəsələri və üzvü kimi yaşayan həddi-buluğa çatmış şəxslər yaşayış sahəsinə dair icarə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə, notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 17.3.1.-ci mаddəsinə əsаsən- sоsiаl təyinаtlı mənzil fоndu- dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. İş mаtеriаllаrındаn isə göründüyü kimi inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq kirayə müqaviləsi onun adına dəyişdirilməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 13 ünavnında yerləşən 35 saylı mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar