Məhkəmə qərarları › İş №2-1(112)-8348/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8348/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8348/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X3 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək 14 noyabr 2019-cu il tarixdə müvafiq olaraq iddiaçının adına çıxarış verilmişdir. Bu ünvanda qeydiyyatda olan X4 tanımır, bu ünvanda yaşamamışdır, iddiaçının qohumu və ailə üzvü deyildir və bu mənzillə heç bir əlaqəsi olmamışdır, onun hansı əsasla qeydiyyata alınması barədə məlumatı yoxdur, iddiaçının xəbəri olmadan bu ünvana qeydiyyata alınmışdır. Onun pasport qeydiyyatında qalması iddiaçının xüsusi mülkiyyətində olan mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, bir mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Həmin şəxs bu mənzildə yaşamamışdır, harada yaşaması iddiaçıya məlum deyildir və ona aid bu mənzildə heç bir əşya və əmlak olmamışdır, bu mənzilə heç bir aidiyyəti yoxdur və bu ünvana heç bir hüquq əldə etməmişdir. İddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Həmin şəxsin pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin ərizənin icrasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi barədə xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Halbuki, cavabdeh tərəf həmin şəxsin pasport qeydiyyatından çıxarılması barədə tədbir görməli idi. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8348/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 059-23588-1222 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 7-ci mkr., ev 76, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1938-ci il təvəllüdlü X6 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018- 12891-1222 nömrəli məktubunda bildirilmişdir ki, X6 xx.xx.2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlər arxivdə aşkar olunmadığından göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubunda bildirilmişdir ki, eyni ünvan göstəricilərinə malik 2 ədəd mənzil aşkar edilmişdir. Belə ki, ünvan 4 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Dövlət reyestrində qeydiyyata alınmış digər eyni ünvan göstəricilərinə malik Bakı şəhəri, ünvan 6 ünvanı isə X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan X3 hər 2 (iki) ünvan üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - X7 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 040648 nömrəli, xx.xx.1999-cu il tarixli orderə əsasən Binəqədi XDS-in xx.xx.1999-cu il tarixli 790 nörməli qərarı ilə S.H.Hüseynova ailə tərkibi ilə birlikdə (S.H.Hüseynov - özü 1961, N.C.Qurbanova - h/yold 1962, S.S.Hüseynov - oğlu 1985, B.S.Hüseynov - oğlu 1987) X.Dairəvi küçəsi, ev 75, mənzil 5 ünvanında yerləşən 1 otaqlı 19,6 kv.m sahəsi olan mənzil verilmişdir. - X7 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 040589 nömrəli, xx.xx.1999-cu il tarixli orderə əsasən Binəqədi XDS-in xx.xx.1999-cu il tarixli 813 nömrəli qərarı ilə R.Q.Muxtarova ailə tərkibi ilə birlikdə (R.Q.Muxtarov - özü 1954, Z.B.Məmmədova h/yold 1954, R.R.Muxtarov - oğlu 1980, M.R.Muxtarov - oğlu 1985) X.Dairəvi küçəsi, ev 75, mənzil 5 ünvanında yerləşən 2 otaqlı 39,2 kv.m sahəsi olan mənzil verilmişdir. - 089463 nömrəli, xx.xx.2000-ci il tarixli müqavilədən görünür ki, satıcı X8 Bakı şəhəri, 7-ci mkr., ev 76, 5 saylı mənzili alıcı İddiaçı satmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 059-23959- 1222 nömrəli məktubunda bildirilmişdir ki, X6 xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Bildirilir ki, qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkan xaricindədir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X3 Binəqədi rayon icra hakimiyyətinin 11 noyabr 1999-cu il tarixli 813 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 80 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 502 nömrəli arayışında qeyd olunmuşdur ki, 7-ci mkr., A.Kunanbayev küçəsi, ev 76, mənzil 5 ünvanındakı mənzil MKİS-də olan məlumata əsasən İddiaçı məxsusdur. Mənzildə X6 daimi qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 059-41992- 1222 nömrəli məktubunda bildirilmişdir ki, X6 xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. X3 Forma 1 (fərdi uçot) vərəqəsi Binəqədi RPİ-nin QMB-nin arxivində aşkar olunmadı. Qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkan xaricindədir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 059-9310M-3222 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X1 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 7-ci mkr., ev 76, 5 saylı mənzilin mülkiyyətçisidir. Sözügedən mənzil Binəqədi XDS-in xx.xx.1999-cu il tarixli 790 nörməli qərarı əsasında verilmiş 040648 nömrəli, xx.xx.1999-cu il tarixli orderlə ilk növbədə X5 istifadəsində olmuş, S.H.Hüseynov 089463 nömrəli, xx.xx.2000-ci il tarixli müqavilə ilə həmin mənzili İddiaçı satmışdır. Üçüncü şəxs X6 xx.xx.2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Sözügedən ünvanda yerləşən mənzillə bağlı daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş hüquqmüəyyənedici sənədlərdə X3 mənzilə dair hüquqmüəyyənedici sənədləri aşkar olunmamışdır. Əksinə, iş üzrə müəyyən olunur ki, iddiaçı X6 Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayon icra hakimiyyəti başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı sərəncamının ləğv edilməsi iddia tələbini irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı 7-ci mkr, X.Dairəvi küç, 76 saylı binanın 5 saylı mənzilinə dair ilkin sənəd Binəqədi XDS-in xx.xx.1999-cu il tarixli 790 nömrəli qərarına əsasən X5 adına verilmiş orderdir. İddiaçı 7-ci mkr, X.Dairəvi küç, 76 saylı bina müvafiq icra hakimiyyətinin balansına verildikdən sonra həmin yataqxanadakı 5 saylı yaşayış sahəsində faktiki yaşamamış və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya hüquqi yardım göstərərək müvafiq orderin və sərəncamın (Binəqədi XDS-in xx.xx.1999-cu il tarilxi 790 nömrəli qərarına əsasən X5 adına verilmiş orderin) mübahisələndirilməsinə dair hüquqi yardım göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir”. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının qeyd edilən mənzilə dair əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd hazırkı iş üzrə mövcud deyildir. Bundan əlavə üçüncü şəxsin sözügedən ünvanda faktiki olaraq yaşadığı da müəyyən olunmamışdır. Yuxarıda qeyd edilən qanun normalarının və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxs iddiaçının ailə üzvü olmamaqla, onunla birlikə yaşamayan, ona məxsus evə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, əmlak hüquqları olmayan şəxs olduğundan evin mülkiyyətçisi üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1938-ci il təvəllüdlü X3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar