Məhkəmə qərarları › İş №2-1(112)-835/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-835/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-835/2020 05.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X4 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri 16 saylı Vəkil Bürosunun cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kateqoriyanın dəyişdirilməsi barədə iddiası üzrə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 16 saylı Vəkil Bürosu cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunaqarşı Bakı şəhəri 16 saylı Vəkil bürosunun tələbini 7-ci kateqoriyadan Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməli kateqoriyaya keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Hüquq Məsləhətxanası, hazırda Bakı şəhəri 16 saylı Vəkil Bürosu ilə "xxxx" ASC-nin “Kapital” filialı arasında bağlanmış Bank xidməti müqaviləsinə əsasən büroya aid AZ 13 TECİ ******************** hesablama-hesabı açılmışdır. 2016-cı ildən başayaraq hesablanşa hesablarında olan vəsaitdən istifadə hüquqları onlara məlum olmayan səbəblərdən məhdudlaşdırmanın səbəbəri ilə əlaqədar xx.xx.2016-cı il tarixli müraciətlərinə Ləğv prosesində olan Texnikabankın xx.xx.2016-cı il tarixli, 2-14/2752-16 saylı məktubu ilə X3 Heyətinin xx.xx.2015-ci il tarixli, 10/1 saylı qərarına əsasən, "xxxx" ASC-nin lisenziyasının ləğv olunması, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 nömrəli Qərarına əsasən, “Texnika-bank” müflis elan edilərək iflas proseduruna başlanılması, "xxxx" MMC "xxxx" ASC-nin ləvğedicisi təyin olunması və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənməsi, kreditor tələblərinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qeydiyyata qəbul edilməsi və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq ödənişlərin növbəlilik daxilində ödəniləcəyi” bildirilmişdir. 2016-cı ildən hazırki vaxta kimi heç bir ödəniş aparılmadığını nəzərə alaraq cavabdeh təşkilata ünvanlanan müraciətləri mahiyyəti üzrə cavablandırılmadan xx.xx.2018ci, xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixli cavab məktubları ilə “Banklar haqqında” Qanunun 76.1 və 82-ci maddələrinə istinadən tələbləri həmin Qanunun 82-ci madəsinə əsasən 7-ci növbəli kateqoriya üzrə “təminatsız kreditorlar” siyahısına alınmasını və “ödənişlərin növbəlik qaydasında” aparılacağı bildirilmişdir. Məhkəməyə qədər nizama salma barədə xx.xx.2019-cu il tarixli sonuncu müraciəti yenədə mahiyyəti üzrə cavablandırmadan xx.xx.2019-cu il tarixli məktubla “Banklar haqqında” Qanunun 76.1 və 82-ci maddələrinə istinadən “ödənişin növbəlik daxilində həyata keçiriləcəyi” bildirilmişdir. Hesab edir ki, büronun hesabında olan vəsait vəkillərin qonorarlarına (əmək haqlarına) aid vəsait olduğundan, büronu “Banklar haqqında” Qanunun 76.1 və 82-ci maddələrinə əsasən “təminatsız kreditorlar” siyahısına alınması və “ödənişləri növbəlik qaydasında” aparılacağının bildirilməsinə baxmayaraq uzun müddət heç bir ödənişin aparılmaması, vəkillərin qonorarlarının (əmək haqqlarının) təmin olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirərək, qeyri-mümkün vəziyyətə gətirilməsi, mülkiyyət hüquqlarının toxunlmazlığı və müdafiə olunması barədə konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Məcəllənin 20-ci fəsli müqavilə hüququndan bəhs edir. Həmin fəsildə göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və ya bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddəinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyinin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsində göstərilmişdir ki, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğində çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “... bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır...” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017ci il tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..”. “Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 76.1-ci maddəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləvğedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibət uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarışlar və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş krditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısında daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Göründüyü kimi iddiaçı ərizə ilə müraciət edərək tələbini qeydə aldırmışdır. Bununla bağlı iddiaçıya qəbz təqdim edilmişdir. İddiaçının tələbi iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının iddia tələbinə Bankın iflas proseduru çərçivəsində olan iclaslarına nəzarət edən məhkəmə (Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki tələbi Azərbaycan Respulikası İnzibati Prosessual Məcəlləsinin 2.2.9-cu maddəsində nəzərdə tutulmuş (“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə) iddia növünə aiddir. Həmin iddia növü İnzibati Prosessual Məcəlləsini XİX-cu fəsli, 131-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrə dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının hazırki tələbinə birinci instansiya məhkəməsi qismində apelyasiya instansiyasının inzibati kollegiyası tərəfindən baxılmalıdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki tələbə birinci instansiya məhkəməsi qismində Bakı İnzibati Məhkəməsi tərəfindən baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri 16 saylı Vəkil Bürosunun iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar