Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-835/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Rəhimov Babək Zahid oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatddır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Zaidov Nail Sabir oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçıya ayrılmış torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Abşeron rayon Donuzkökəltmə sovxozunun 27 nömrəli, 29.04.1998-cı il tarixli əmri ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda iddiaçının istifadəsində olan 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayon Donuzkökəltmə sovxozunun 27 nömrəli, 29.04.1998-ci il tarixli əmri ilə iddiaçıya ayrılmış və sərhədləri yerində müəyyən edilərək təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən 20.11.2018ci il tarixdə həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı iddiaçıya verilmişdir. Bundan sonra iddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozunun 27 nömrəli, 29.04.1998cı il tarixli əmri ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi üçün cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir. Həmçinin 29.04.1998-ci il tarixli, 27 saylı əmrdən çıxarışda (verilmə tarixi 18.02.1998-ci il) uyğunsuzluq vardır. Cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Donuzkökəltmə sovxozunun 27 nömrəli, 29.04.1998-cı il tarixli əmri hal-hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması üçün əsas hesab edilir. Eyni zamanda, torpaq sahəsinin ayrıc aktından kənarda olub-olmaması iddiaçıya məlum deyildir. İddiaçı həmin torpaqdan hal-hazırda istifadə edir. Bundan başqa həm əmrdən çıxarışda, həm də bu barədə arxiv arayışında əmrin tarixi 29.04.1998-ci il, sıra sayı isə “27” qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazidən (ayrıc aktındaqn) kənarda yerləşmişdir. Həmçinin 29.04.1998-ci il tarixli, 27 saylı əmrdən çıxarışda (verilmə tarixli 18.02.1998-ci il) uyğunsuzluq vardır. Cavadeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Rəhimov Babək Zahid oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 cavabdehin iddia tələbinə etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.07.2019cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşməsi, 29.04.1998-ci il tarixli 27 nömrəli əmrdə (torpağın ayrılması barədə) uyğunsuzluq olması göstərilmişdir. Cavabdehin 09.03.2021-ci il tarixli imtina məktubuna əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yenidən cavabdehə müraciət etmiş və onun müraciətinin təmin edilməsindən imtina edilərək cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 19.07.2019-cu il tarixli məktubda qeyd olunan iradların aradan qaldırılmadığı göstərilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 29 aprel 1998-cı tarixli, 27 nömrəli əmrdən çıxarışa əsasən Zaidov Nail Sabir oğluna fərdi ev tikmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş qərarın tələbinə uyğun olaraq 0,08 ha həyətyani torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin 20.11.2018-ci il tarixli, iddiaçıya ünvanlanmış məktubuna əlavə edilmiş sənədə əsasən iddiaçının torpaq sahəsinin cizgisi və xəritədən çıxarış hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon dövlət arxivinin F-321 nömrəli, 02.04.2018-ci il tarixli məktubunda əks olunan arxiv çıxarışına əsasən Donuzkökəltmə sovxozunun 27 №li, 29.04.1998-ci il tarixli əmri ilə Zaidov Nail Sabir oğluna Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli, 521 №li qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə kollektiv şurasının birgə ümumi iclasının 12 mart 1994-cü il tarixli qərarı əsas götürülərək 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçının əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı 14.05.1997-ci ildən 25.08.2000-ci ilə qədər Abşeron rayon Donuzkökəltmə sovxozunda traktorçu vəzifəsində işləmişdir. Cavabdehin 29.11.2021-ci il tarixli məktubuna əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozuna dair yerquruluşu planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: “... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;..” daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçının barəsində plan-ölçünün, ünvanın verilməsini, üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi iddiaçıya işlədiyi sovxozun həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş qərarın tələbinə uyğun olaraq sovxoz direktorunun əmri əsasında ayrılmışdır.Həmin əmr isə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Cavabdehin 29.04.1998-ci il tarixli, 27 saylı əmrdən çıxarışda uyğunsuzluğun olması barədə etirazda və imtina məktubunda bildirdiklərinə gəldikdə isə heç bir uyğunsuzluq məhkəmə tərəfindən müəyyən edilməmişdir.Belə ki, həmin əmr arxivdə mövcuddur, əmrin tarixi 29 aprel 1998-ci ilə təsadüf edir, nömrəsi isə “27”-dir. Cavabdehin imtina məktubunda torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi barədə bildirdiklərinə gəldikdə isə cavabdeh tərəfindən bununla bağlı – cavabdehin istinad etdiyi ayrıc aktından kənarda olmasına, nə qədər kənarda olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehin iddiaçıya ayrılmış torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda yerləşməsi barədə bildirdiklərinin heç bir əsası yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Donuzkökəltmə sovxozunun 27 nömrəli, 29.04.1998-ci il tarixli əmri ilə iddiaçı Zaidov Nail Sabir oğluna ayrılmış 0.08 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçı Zaidov Nail Sabir oğlunun adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin daşınmaz əmlaka ünvan verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2.2-ci, 62-ci, 68-ci, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozunun rəhbərinin 27 nömrəli, 29.04.1998-ci il tarixli əmri ilə iddiaçı Zaidov Nail Sabir oğluna ayrılmış 0.08 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçı Zaidov Nail Sabir oğlunun adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin daşınmaz əmlaka ünvan verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-835/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-835/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver