Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8351/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.1977-ci ildə Laçın rayonunun Qozlu kəndində anadan olmuşdur. 1987-ci ildən Şuşa şəhəri, Füzuli küçəsi 8 ünvanında qeydiyyata düşmüş, orada yaşamışdır. Şuşa rayonundan məcburi köçkündür. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 anadan olublar. İddiaçıların qanuni nümayəndəsinin məcburi köçkünlük statusu və vəsiqəsi olmasına baxmayaraq, övladlarına məcburi köçkünlük statusu və vəsiqəsi verilməsindən imtina edilib. Bununla bağlı, Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli 3-36-3/2-H-11xx-xx/2025/1702 nömrəli məktubu ilə övladları xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə dövlət Komitəsinə daxil olmuş övladlarınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş Azərbaycan Respublikasında Məcburi Köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün satusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, İddiaçı2 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 anası X1 qeydiyyatı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi Komitənin imkanı xaricindədir”. İddia ərizəsinə əlavə edilən Qaradağ rayonu, Lökbatan qəsəbəsi Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 577 nömrəli arayış təsdiq edir ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu park 2” yaşayış kompleksi, bina 12, mənzil 50-də məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışlar. Hazırda iddiaçıların qanuni nümayəndəsi özü məcburi köçkün statusuna malikdir və övladları xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 da həmin tarixdən onun himayəsində yaşayırlar. Qeyd olunanlara əsasən iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər.
3. Məcburi köçkün statusunun verilməsi ilə bağlı iddiaçıların qanuni nümayəndəsinin müraciətinə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli imtinasında bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş ““Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı1 anası X1 qeydiyyatı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, üzümçülük sovxozunda olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.”
4. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 004059 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə 1992-ci ildə Laçın rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir. Vəsiqə xx.xx.1999-cu il tarixdə verilmişdir.
5. AZ-T seriyalı, 277743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Qanuni nümayəndə, anası X3r.
6. AZ-T seriyalı, 266059 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur, atası Qanuni nümayəndə, anası X3r.
7. AZ-T seriyalı, 059701 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə və X7 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
8. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Qaradağ rayonu Lökbatan Mənzil-Kommunal İstismar Sahəsinin 577 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Qanuni nümayəndə Şuşa şəhərindən məcburi köçkündür və Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən Qobu Park 2 yaşayış kompleksi, bina 12, mənzil 50 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşağıdakılardan ibarətdir:
1. Həyat yoldaşı- X7-1987-ci il təvəllüdlü
2. Oğlu- İddiaçı1-2010-cu il təvəllülü
3. X2 qızı-2018-ci il təvəllüdlü
4. İddiaçı2-2008-ci il təvəllüdlü. Qeyd: Həyat yoldaşı X1 məcburi köçkün statusu yoxdur.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin 56 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü hərbi vəzifəli Qanuni nümayəndə, həqiqətən, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1999-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsində hərbi qeydiyyatdadır.
10. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 22/133 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Qanuni nümayəndə, həqiqətən, məcburi köçkün kimi Şuşa rayonundan 3 nəfərə adambaşına 60 (altmış) manat olmaqla ayda 180 (bir yüz səksən) manat vahid aylıq müavinət alır. Şuşa şəhəri, ünvan 4 ünvanında daimi qeydiyyatdadır və Bakı şəhəri, ünvan 6 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Ailə tərkibi aşağıdakı kimidir:
1. X7 –həyat yoldaşı (vahid aylıq müavinət almır)
2. İddiaçı2-qızı (vahid aylıq müavinət alır)
3. İddiaçı1 –oğlu (vahid aylıq müavinət alır)
4. X4-qızı (vahid aylıq müavinət almır)
11. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyətinin 5-77/2-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda Şuşa rayon sakinləri İddiaçı1 və İddiaçı2 Şuşa rayonu üzrə vahid aylıq müavinət aldıqları bildirilmişdir.
12. Cavabdeh tərəfindən sərəncamın icrası təmin edilməmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
15. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı: Bənd 2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir.
17. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Əsasnaməsi: Bənd 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; Bənd 3.11. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir.
18. İddiaçılar inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edirlər.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. İddia tələbi mümkündür.
İİİ.Məhkəmənin mövqeyi
22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
23. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.
24. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1690/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli və 2-1(102)-2212/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
25. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.
26. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.
27. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçılar onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçıların anasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən onlara məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
28. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.
29. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.
30. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçılara münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçıların atası Qanuni nümayəndə (xx.xx.1977-ci il təvəllüdlü, Laçın rayonunda doğulmuşdur) xx.xx.1999-cu il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Şuşa rayonundan məcburi köçkündür. Cavabdehin imtinasının əsas dəlili iddiaçılara münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçıların atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anasının qeydiyyatı Bakı şəhərindədir.
31. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.
32. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçıların vəziyyətini ağırlaşdırmışdır. İddiaçıların doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamışdır. İddiaçılar məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onlarn güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir.
33. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçılara məcburi köçkün statusu almış şəxslər kimi güzəştlər tətbiq edildikdən sonra qanunvericilikdə baş vermiş onların hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçılara münasibətdə tətbiq edilə bilməz.
34. Eyni zamanda məhkəmə hesab edir ki, övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz.
35. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçıların qanunla qorunan hüquqları pozulmuşdur.
37. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva