Məhkəmə qərarları › İş №2-1(112)-8352/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8352/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8352/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmuş ödənişlərin geri qaytarılması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulması nəzərdə tutulan təqaüdün və sosial müavinətin tutulmasının dayandırılmaması və tutulan təqaüdün və sosial müavinətin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ondan tutulması nəzərdə tutulan təqaüdün və sosial müavinətin tutulmasının dayandırılması və bu günə kimi tutulan Prezident təqaüdün, sosial müavinətin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlildir. Qeyd edilmişdir ki, əvvəlcə iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bununla bağlı ona xx.xx.2018-ci ildən təqaüd və müavinət təyin edilmiş, lakin sonradan təqaüd və müavinət dayandırılmış, elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq və heç bir məlumat verilmədən etibarsız hesab edilərək təqaüd və müavinəti dayandırılmışdır. Ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlillik etibarsız hesab edildiyi üçün ödənilmiş təqaüd və müavinət hissə-hissə geri tutulur. Sonradan iddiaçının müraciətinə əsasən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2020-ci ildə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi əsassız olaraq əliliyinin ləğv etdiyi üçün etibarlı hesab edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi bərpa edilməlidir. Belə ki, cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlillik etibarsız edildiyi üçün ona ödənilmiş təqaüd və müavinət geri qaytarılmaqla əlil və sosial hüquqları pozulmuşdur, bu səbəbdən də xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən yeni əlillik təyin edilən xx.xx.2020-ci il tarixədək bərpa edilməsi qanunamüvafiqdir. Gpstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Bildirilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2020ci il tarixədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2020-ci il tarixli müayinə əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iddiaçının İİİ dərəcəli əlilliyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 210 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manat və xx.xx.2023-cü il tarixdən 330 manat məbləğində müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin olunmuşdur. Bildirilir ki, MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş İİ dərəcə əlilliyi etibarsız edilmişdir. Bu səbəbdən Prezident təqaüdü üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıqödəmə müəyyən olunmuşdur. İddaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əlilliyi “Əlillik” alt sistemində etibarsız edildiyi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli Qərarına əsasən təqaüd işi üzrə 4440,82 manat və sosial müavinət işi üzrə 2397,32 manat olmaqla ümumilikdə 6838,14 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir. Artıq alınmış 6838,14 manat məbləğ Prezident təqaüdü işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 330,00 manat, sosial müavinət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 150,00 manat olmaqla cəmi 480,00 manat tutulularaq Filialın hesabına bərpa edilmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinin 8-ci abzasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarsız hesab edilmiş əllilyinin bərpa edilməsini də qeyd etmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi, əlilliyin qiymətləndərilməsi Fondun səlahityyətləri xaricindədir. Qeyd olunanlara əssaən iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək bildirdi ki, hazırkı tələbi mübahisəli dövr üzrə artıq ödənilmə kimi hesablanmış müavinət və təqaüd məbləğinin tutulmasının dayandırılması, tutulmuş məbləğlərin geri qaytarılması ilə bağlıdır. Tutulma ilə bağlı onun razılığı alınmayıb. Odur ki, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: iddiaçının müavinət işinə əlavə edilmiş: -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tairxədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 2052 nömrəli qərarından görünür ki, X2 xx.xx.2018-ci ildən 2-ci dərəcəli müharibə əlilliyinə görə sosial müavinət təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2023-cü il tarixli,1-İMTK-2023/003845 №li qərarının qeyd hissəsində göstərilmişdir ki, 456206 nömrəli ərizəyə əsasən xx.xx.2018-xx.xx.2020-ci il tarixinədək olan dövr üçün artıq ödəmə müəyyən edilmişdir. Vətəndaşa rəsmi məlumat verilsin. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının sosial müavinətlər üzrə xx.xx.2024-cü il tarixli, 3-17-1/1-H-82759/2024 №li qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2018-xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsilə əlaqədar İİ dərəcə əlilliyi Əlillik AS-də etibarsız hesab edilərək xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həmin səbəbdən İİİ dərəcə əlilliyi müəyyən edilmədiyindən xx.xx.2018xx.xx.2020-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 1- İMTK-2023/003845 nömrəli qərar qüvvədə saxlanılır. Vətəndaşa rəsmi məlumat verilsin. -AR Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi TSEK-də sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tairxədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. -Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2025-ci il tarixədək) üçüncü dərəcəli əlillik statusuna malikdir. -Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçının təqaüd və müavinət işinə dair sənədlərdə tutulmanın aparılmasına dair razılıq ərizəsi və ya məhkəmə qərarı aşkar edilməmişdir. Beləliklə, işin hallarına görə, iddiaçıya xx.xx.2018-ci il tarixdə müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş, lakin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş İİ dərəcə əlilliyi etibarsız edildiyindən cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təqaüdün ödənilməsi dayandırılmış və nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıqödəmə müəyyən olunmuşdur. Sonradan yeni göndəriş əsasında iddiaçıya səlahiyyətli orqanın qərarı ilə xx.xx.2020-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edildiyindən cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 210 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manat və xx.xx.2023-cü il tarixdən 330 manat məbləğində müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin olunmuşdur. Bundan sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödəmə kimi müəyyən edilmiş təqaüd işi üzrə 4440,82 manat və sosial müavinət işi üzrə 2397,32 manat olmaqla, ümumilikdə 6838,14 manat məbləğində vəsait iddiaçının təqaüdündən tutulmağa başlanılmışdır. İddiaçı hazırda cavabdehin mübahisəli dövr üzrə (xx.xx.2018-xx.xx.2020-ci illər) inzibati orqanın tutulma ilə bağlı hərəkətlərini mübahisələndirir. “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, hər iki qanun istər artıq ödənilmiş müavinətin, istərsə də artıq ödənilmiş əmək pensiyasının tutulmasına yönəlmiş inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən etmişdir. Belə ki, qanunverici bu cür tutulmanın ya əmək pensiyaçısının (müavinət alan şəxsin) razılığı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı əsasında aparılmalı olduğunu müəyyən edir. Lakin hazırkı halda cavabdeh tərəfindən qeyd olunan əsaslarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh həmçinin inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Sözügedən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Oxşar mübahisə üzrə qəbul edilmiş AR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-257/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş təqaüd məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin təqaüdün təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində təqaüdün artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin geri tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı olduğu təqdirdə həmin məbləğin geri qaytarılması barədə qərar qəbul etməyə və ya məhkəmədə iddia qaldırmağa haqlı sayılmalıdır”. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və əlilliyin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış və iddiaçıdan tutulmuş Prezident təqaüdünün və sosial müavinətin tutulması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilməli, iddiaçıdan əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış və artıqödəmə kimi tutulmuş məbləğlərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış və iddiaçıdan tutulmuş Prezident təqaüdünün və sosial müavinətin tutulması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin. İddiaçıdan əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış və artıqödəmə kimi tutulmuş məbləğlərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar