Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8355/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki sənədin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X2 06 №-li, 17 fevral 2000-ci il tarixli əmrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq, İddiaçı 0,04 ha torpaq sahəsi ayrılmışdır. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...Abşeron Rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X6 X2 06 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinə əsasən torpaq sahəsi ayrılan zaman hüquq sahibi məhdud fəaliyyət qabiliyyətli olmuşdur (12 yaşı olmuşdur)”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarışın daşınmaz əmlaka dair texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o, və ailə üzvləri 1988-ci ildə Ermənistan Respublikasından deportasiya olunaraq Bakı şəhərinə köçmək məcburiyyətində qalmışlar. Həmin vaxt anası X1 işləməyə başlamışdır. Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X2 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən yuxarıda qeyd olunan sərəncama uyğun olaraq onun anasına 0,14 ha torpaq sahəsi verilmişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0.01 ha-dan 0.1 ha-ya kimi torpaq sahəsi ayrılsın. Vətəndaşlara verilən torpaq sahəsi 0.10 ha-dan çox olduqda çox olan hissə ailənin digər üzvlərinin adına qeydə alınırdı. Bu səbəbdən ailə tərkibləri böyük olduğundan anasına 0,14 ha torpaq sahəsi verilmiş, 0.10 ha anasının adına, 0.04 ha isə onun adına qeydə alınmışdır. Anası tərəfindən onuna adına qeydə alınmış torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış alınmışdır. O, da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın xx.xx.2024-cü il tarixli bildirişinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. 2000-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi faktiki olaraq mənim mülkiyyətimdədir. Həmin torpaq sahəsi hasara alınaraq orada təmir-tikinti işləri həyata keçirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X6 X2 06 nömrəli, xx.xx.2000-ci il tarixli əmrindən çıxarışa əsasən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur. Belə ki, iddiaçının 12 yaşı olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi ümumi hasardaxili sahənin bir hissəsidir. 02 iyul 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinin tələbinə əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. 14 yaşından 15 yaşınadək yeniyetmələrlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlanılmasına, onların valideynlərindən, övladlığa götürənlərdən (qəyyumlarından) birinin yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı ilə yol verilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X2 06 №-li, 17 fevral 2000-ci il tarixli əmri ilə iddiaçıya Ramana qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair cizgi sxemi hazırlanmşdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Abşeron Rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X2 06 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinə əsasən torpaq sahəsi ayrılan zaman hüquq sahibi məhdud fəaliyyət qabiliyyətli olduğunu bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İstinad edilən normalardan göründüyü kimi, iddiaçının təqdim etdiyi kənd X2 əmri torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən Sərəncam ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. Həmçinin torpaq sahəsinin yerləşməsinə dair cizgi sxemi tərtib edərək iddiaçıya vermişdir. Məhkəmə torpaq sahəsi ayrılan zaman hüquq sahibi iddiaçının məhdud fəaliyyət qabiliyyətli olması ilə bağlı qeyd edir ki, sözügedən əmrlə vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0,01 ha-dan 0,1 ha-ya kimi torpaq sahəsi ayrılması qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya əmək müqaviləsi üzrə işlədiyi üçün deyil, ailə tərkibini üzvü olaraq 0,04 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı da qeyd olunan əmrə əsaslanaraq ona ayrılmış torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata alınmasını xahiş etmişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0.01 ha-dan 0.1 ha-ya kimi torpaq sahəsi ayrılsın. İddiaçı bildirir ki, vətəndaşlara verilən torpaq sahəsi 0.10 ha-dan çox olduqda çox olan hissə ailənin digər üzvlərinin adına qeydə alınırdı. Bu səbəbdən ailə tərkibləri böyük olduğundan anasına 0,14 ha torpaq sahəsi verilmiş, 0.10 ha anasının adına, 0.04 ha isə onun adına qeydə alınmışdır. Anası tərəfindən onuna adına qeydə alınmış torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarıları iddiaçının bildirdiklərini təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının etimad hüququ qorunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 67.5-ci maddəsinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarışın daşınmaz əmlaka dair texniki sənədin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8355/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8355/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver