Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8356/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdehə qarşı “uşağın soyadının dayişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adının Aylin kimi dəyişdirilərək bu barədə müvafiq doğum haqqında şəhadətnamə verilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə İddiaçı2 ilə faktiki nikaha girərək ailə qurmuş, xx.xx.2016-cı ildə nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X5 adında uşaqları doğulmuşdur. İddiaçı2 ilə nikahları məhkəmə qaydasında pozulmuş və bu barədə xx.xx.2018-ci ildə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bildirirəm ki, Qızılgül doğulandan indiyə kimi o və ailə üzvləri ona Aylin kimi müraciət etmiş, o da özünün adının Aylin olduğunu bilib, ona Aylin kimi cavab vermişdir. Hazırda ona Qızılgül kimi müraciət edəndə o, onlara çox vaxt cavab vermir, Aylin kimi müraciət edəndə isə dərhal cavab verir. Bu isə həm uşağa, həm də onlara qarşılıqlı ünsiyyətdə olmaqlarına böyük çətinlik yaradır. Baş vermiş ziddiyyətin aradan qaldırılması məqsədi ilə, yəni Qızılgül azyaşlı olduğundan onun mənafeyini nəzərə alaraq onunla rahat və asan münasibətdə olmaq üçün keçmiş həyat yoldaşı İddiaçı2 ilə birlikdə onun adını dəyişdirməyə qərar verdilər və bu məqsədlə cavabdeh təşkilata ərizə ilə müraciət edərək, həmin ərizəyə qızları Qızılgülün adının Aylin kimi dəyişməsinə notariat qaydasında təsdiqlənmiş razılıq ərizəmizi təqdim etdilər, lakin cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli S-32-164 saylı cavabında aşağıdakılar qeyd edilmişdir: “Sizin Cavabdehə (RİH) ünvanladığınız müraciətinizə X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada (YYÇİHMK) baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşma çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azyaşlı övladlarının adının onun mənafeyinə zidd olduğu barədə Komissiyaya əsaslı sübutlar təqdim etmədiyinizdən Komissiya, sözügedən məsələnin həllini məqsədəmüvafiq hesab etmir”. Bundan sonra o qızı Qızılgülün adının Aylin kimi dəyişdirməsi ilə əlaqədar Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbədə ona bildirmişlər ki, onlar 18 yaşı tamam olmuş vətəndaşların ərizəsini qəbul edib, rəsmi qaydada cavablandırırlar. Hesab edir ki, qızı Qızılgülün adının Aylin kimi dəyişdirilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə tam müvafiqdir. Həmin maddənin tələbinə görə valideynlərin razılığı və uşağın mənafeyi əsas götürülməklə uşağın adının dəyişdirilməsinə icazə verilə bilər.
3. xx.xx.2017-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsindən görünür ki, atası İddiaçı2, anası İddiaçı1dır.
4. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı2 və İddiaçı1 arasında xx.xx.2016-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı1 yanında saxlanması qərara alınmışdır.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı2 ərizəsi əsasında İddiaçı2 İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı adın dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır.
6. İddia tələbi xx.xx.2017-ci il təvəllüdlü X3 adının “Qızılgül”dən “Aylin”ə dəyişdirilməsinə icazə verilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulması kimi dəyidirilmişdir.
7. Məhkənin hazırlıq icraatı üzrə iclasında iştirak edən birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 və baxış iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.
8. İddiaçı2 və İddiaçı1 xx.xx.2017-ci il təvəllüdlü qızları X3 adının “Aylin”ə dəyişdirilməsi barədə müraciətlərinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtinada bildirilmişdir ki, azyaşlı övladının adının onun mənafeyinə zidd olduğu barədə X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya əsaslı sübutlar təqdim edilmədiyindən Komissiya, sözügedən məsələnin həllini məqsədəmüvafiq hesab etmir.
9. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
11. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000ci il tarixli 297 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
15. Odur ki, Cavabdehin müvafiq rəyin verilməsindən imtinası inzibati aktın qəbulundan yazılı imtina kimi qiymətləndirilməli və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.
18. X7 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X7 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
19. İlk növbədə qeyd edilməlidir ki, X7 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).
20. Odur ki, məhkəmə şəxsin adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X7 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.
23. X7 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X1rşı).
24. Uşağın adını seçmək (təyin etmək) hüququ onun valideynlərinə məxsusdur və (uşağın) şəxsiyyəti ilə qırılmaz bağlı olan hüququdur. Odur ki, açıq-aşkar uşağın mənafeyinə zidd olmadıqca inzibati orqanın həmin məsələyə müdaxiləsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Uşağın adının “Qızılgül”dən “Aylin”ə dəyişdirilməsinin onun mənafeyinə zidd olduğunu əsaslandırmalı olduğu halda, inzibati orqan həmin sübutetmə yükünə dönüş etməklə uşağın adının onun mənafeyinə zidd olmasının əsaslandırılmasını valideynlərin üzərinə qoymuş, bununla da inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmayan nəticəyə gəlmişdir.
25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 adının “Qızılgül”dən “Aylin”ə dəyişdirilməsinə icazə verilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva