Məhkəmə qərarları › İş №2-1(112)-8357/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8357/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8357/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil və qaraj sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil və qaraj sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edildiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181 E, mənzil 66 və 1 saylı qaraja dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxaırşın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası "xxxx" MT tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilmişdir. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Bu zaman binada 66 saylı mənzil və 1 saylı qaraj isə pay haqqının əvəzinə ona verilmişdir. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhər İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixi, 523 saylı sərəncamı ilə təsdiq edilib və 27 noyabr 2014-cü ildə həmin akt MKT tərəfindən cavabdehə təqdim olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən əmlak dövlət reyestrində qeydiyyata alınmır. Halbuki, sakinlərin əksəriyyətinin mənzili artıq qeydiyyata alınmışdır. Onların bəzilərinin iddiaları məhkəmədə təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qərarları ilə qanuni hesab edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektinin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı "xxxx" MMC göstərilmişdir. Mülki qanunvericiliyə əsasən podratçı gördüyü işə mülkiyyət hüququ əldə etmir və həmin əmlak üzərində sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Belə ki, Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında əlaqələndirici sənədlər, həmçinin tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin sahəsi sənəd üzrə 87.7 kv.m qeyd olunsa da, faktiki olaraq 80.6 kv.m təşkil edir. Qarajın sahəsi isə sənəd üzrə 30 kv.m qeyd olunsa da, faktiki olaraq 29.1 kv.m təşkil edir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. “"xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 08 saylı protokolu”dan çıxarışa əsasən İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, o, razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 3 ünvanında tikilən 12 mərtəbəli “İ” girişli yaşayış binasının 11-ci mərtəbəsində, 2 (iki) otaqlı, ümumi sahəsi 87.8 kv.m olan 66 saylı mənzilə payçı qəbul edilmişdir.

8. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş İM-003-2/24 nömrəli 12 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvanında yerləşən “İ” girişli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 11-ci mərtəbəsində, 2 (iki) otaqlı, ümumi sahəsi 87.7 kv.m olan 66 saylı mənzilin pay haqqı İddiaçı tərəfindən tam ödənilmişdir.

9. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 06 saylı protokolu”dan çıxarışa əsasən İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, o, razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 4 ünvanda yerləşən yaşayış binasının zirzəmisində, ümumi sahəsi 30 kv.m, 1 saylı qaraja payçı qəbul edilmişdir.

10. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş İM-003-2/22 nömrəli 30 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küəsi, 181 E ünvanında yerləşən “İ” girişli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın zirzəmisində, ümumi sahəsi 30 kv.m, 1 saylı qarajın pay haqqı İddiaçı tərəfindən tam ödənilmişdir.

11. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, **********433000 nömrə çıxarışa əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (qeydiyyat tarixi: xx.xx.2004-cü il, qeydiyyat nömrəsi – 0104-P79-41354) İlkin-Y” MTK-ya çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyi "xxxx" MTK-nə keçmişdir.

12. Bakı şəhər İcra Hakimiyyəti başçısının 523 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Sosial Rifah Partiyasının ünvan 6 ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3.30 m səviyyəsində zirzəmi və - 6.60 m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq olunmuşdur.

13. Azərbaycan Sosial Rifah Partiyası və "xxxx" Məhdud Məsuliyyətli cəmiyyəti arasında bağlanmış 01 saylı xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə səasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 3152-3156 saylı məhəllələrindəki sifarişçinin qərargah binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0.9 ha torpaq sahəsi ərazisində 1 girişli, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binaların infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi, sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları podratçının xeyrinə güzəştə etməyi öz öhdəsinə götürmüşdür.

14. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Z0030-8/2024 **********32 nömrəli məktubla imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı hesab edildiyindən təmin edilməlidir.

21. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. 22.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir».

25. Eləcə də, həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

26. Göründüyü kimi, iddiaçı sözügedən yaşayış və qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 06 və 08 saylı protokolu”ndan çıxarışlar, maliyyə arayışlarnı əlavə etməklə inzibati orqana təqdim etmişdir ki, həmin protokoldan çıxarışlar və maliyyə arayışları da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən iddiaçının qeyd olunan yaşayış və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınması üçün əsasdır.

27. Cavabdeh öz imtinasında sözügedən çoxmənzilli yaşayış binasının podratçısı olmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyinə istinad etsə də, iş materiallarında "xxxx" MMC-nin təşkilatı hüquqi formasının dəyişərək, hüquqi varisliyinin "xxxx" MTK-ya keçməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarış mövcuddur ki, həmin Çıxarış cavabdehin imtinasında göstərdiyi arqumenti əsassız edir.

28. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında mübahisəli yaşayış sahəsinin yerləşdiyi yaşayış binasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmiş başqa payçıların iddiaçı olduqları məhkəmə mübahisələrinə dair qərar mövcuddur. Bundan başqa, həmin yaşayış binasının başqa payçılarına cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

29. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

30. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir.

31. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15,1 2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1,3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1 4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyicı sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

32. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır.

33. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.

34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır.

37. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181 E, mənzil 66 və 1 saylı qaraja dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar