Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8358/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, “Qafqaz” qəzetində baş redaktor vəzifəsində işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq şöbəsinin müdiri vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya aid olan, onun evinə bitişik 2.5 kv.m sahənin ona məxsus olması barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya aid olan, onun evinə bitişik 2.5 kv.m sahənin ona məxsus olması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən ünvan 1 ünvanında yaşayır. Evinin qabağında, evinə bitişik sanitar qovşağı olub. Bu tikili taxta materiallardan olub və yararsız vəziyyətə düşüb. Buna görə iddiaçı həmin tikilini söküb və imkanın olmadığına görə bir müddət tikə bilməmişdir. İki il öncə iddiaçı həmin sanitar qovşağını tikmək istədi, bir metr hündürlüyə kimi tikmişdir ki, 48 saylı MKİS-nin mühəndisi gəlib iddiaçı evdə olmayan vaxt tikilini uçurtmuşdur (həmin yer iddiaçının texniki pasportunda göstərilmişdir). Buna görə də iddiaçı 48 saylı MKİS-ni Bakı İnzibati Məhkəməsinə verdi. Məhkəmə ekspertizası təyin olunmuş və 48 saylı MKİS-nin mühəndisini 50 manat iddiaçının xeyrinə cərimə elədi, bu barədə Bakı İnzibati Məhkəməsi qərar çıxartdı. İddiaçı həmin ona məxsus olan sahəni tikmişdir. Texniki pasport isə iddiaçıdan əvvəl orda yaşayan adamın adında qalıb. Ev iki otaqdan ibarətdir və otaqlar da olduğu kimi göstərilib. İddiaçı texniki pasportunu almaq üçün Asan xidmətinə müraciət etmişdir. Ona bildirdilər ki, bunun üçün o Cavabdehnə ərizə ilə müraciət etməlidir və rayon İcra Hakimiyyəti həmin məhkəmənin qərarına əsasən ona məxsus olan evinə bitişik sahə barədə sərəncam verməlidir və həmin sərəncamı ilə birlikdə sənədləri Asan xidmətinə təqdim etməlidir. Bundan sonra isə evinə yeni texniki pasport ala bilər. İddiaçı bununla əlaqədar yazılı şəkildə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov küçəsi 15 saylı evin 55 saylı mənzilində yaşayan İddiaçı Cavabdehnə A-81-151 saylı, 02.06.2021-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 15 saylı evin 55 saylı mənzilinə bitişik olan ondan əvvəl mülkiyyətçi tərəfindən özbaşına tikilmiş sanitar qovşağı onun mənzilinə birləşdirilməsinə dair müvafiq sərəncam verilməsini xahiş etmişdir. Təqdim ounmuş sənədlərdən yerində aparılmış baxışı zamanı məlum olmuşdur ki, İddiaçı məxsus mənzil binanın 4-cü mərtəbəsində yerləşir və özbaşına tikilmiş sanitar qovşağı 55 saylı mənzilin giriş qapısın kənarda yerləşir. Cavabdeh 9/A-81-151 saylı, 21.06.2021-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, qaldırdığı məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İddiaçını cavab qane etmədiyindən o məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğuların (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir və bunun üçün əsaslar olub-olmaması müvafiq icra orqanı tərəfindən araşdırılaraq qəbul edilmiş qərar əsasında həyata keçirilir. Nəsimi rayonu, Mərdanov küçəsi 15 saylı evin 55 saylı mənzilində yaşayan İddiaçı tərəfindən sanitar qovşağın mənzildən kənarda özbaşına tikildiyini nəzərə alaraq texniki pasporta salınması üçün sərəncam verilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1, 23.2 və 35.1-ci maddələrinə istinad edərək hesab edir ki, onun 9/A-81-151 saylı, 21.06.2021-ci il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və təqdim edilmiş etirazı nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübutlar qismində məhkəməyə şəxsiyyət vəsiqənin, mənzilin texniki pasportunun, qeydiyyat vəsiqəsinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1907/2015 nömrəli 23.06.2015-ci il tarixli qərardadın və 2-1(81)- 1907/2015 nömrəli 15.12.2015-ci il tarixli qərarın, ekspert rəyi və ona əlavə olunmuş smetanın, 48 saylı Mənzil-kommunal istismarı sahəsi tərəfindən verilmiş mənzilin sxeminin və cavabdehin 21.06.2021-ci il tarixli imtina məktubunun kserosurətlərini təqdim etmişdir. Məhkəmə İddiaçı iddianı aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir: “2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti...” Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İşin faktiki hallarına əsasən, İddiaçı onun mülkiyyətində olan Nəsimi rayonu, Mərdanov küçəsi 15 saylı evin 55 saylı mənzilindən kənarda tikilmiş sanitar qovşağının ona məxsus olmasına dair inzibati akt(sərəncam) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 35.2.-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Qanunun 35.3.-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Həmin qanunun 35.4.-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. İşin faktiki hallarına əsasən iddiaçının tikili (sanitar qovşağı) mənzilin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan dəhlizdə yerləşən tikilidir. Belə olan halda, qanun normasından göründüyü kimi, tikiliyə həmin binanın bütün sahə mülkiyyətçilərinin razılığının alması tələb olunur. Yuxarıda qeyd edilən qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə riayət edilməsinə dair sübutların mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3.-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Odur ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “iddiaçıya aid olan, onun evinə bitişik 2.5 kv.m sahənin ona məxsus olması barədə cavabdeh tərəfindən iddiaçıya sərəncam verilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8358/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8358/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver