Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8359/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçnın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə yaşayış yeri ürə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X6 göstərilməklə ünvan 1 ünvanından X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8359/2022 saylı qərardadı ilə X6 hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********78-10301 reyestr nömrəli çıxarış verilmişdir. Mənzilində ondan başqa X7, X11, X6 və X10 qeydiyyatdadırlar. Qeydiyyatda olan X6 artıq uzun müddətdir ki, qeyd olunan ünvanda yaşamır. Aldığı məlumata əsasən o, Lerik rayonunda atasına məxsus evdə yaşayır. Halhazırda ona məxsus mənzildə qeydiyyatda qalması, mülkiyyətçi olaraq onun sərəncam vermək hüquqlarını tam həyata keçirməsinə mane olur. Bununla bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 055-85277-3222 saylı cavab məktubu verilərək qeydiyyatdan çıxarılmadan imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxs isə gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Xəzər rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 055-8527Ə-3222 məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu bəndinin tələblərinə müvafiq olaraq iddiaçıya sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X6 yaşayış yeri üzrə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 130.70 kv.m olan mənzil İddiaçı adına xx.xx.2021-ci il qeydiyyat tarixli, **********78- 10301 reyestr nömrəli, **********1 qeydiyyat nömrəsi ilə tam payda xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 055-17918-1222 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.2018-ci ildə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İşdə olan məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********14 nömrəli cavab məktubu ilə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 1-ci döngə, 3 A saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda saxlanılmış sənədlərin surətlərindən müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evini X11 alğı-satqı müqaviləsi əsasında əldə etmiş, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə X8 verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 130.7 kv.m olan fərdi yaşayış evi və 0.0306 ha torpaq sahəsindən ibarət miras əmlakdan tam hissədə İddiaçı pay almışdır. Həmin şəhadətnamə əsasında sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq buna dair müvafiq çıxarış verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən 5 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən 15 sentyabr 2022-ci il tarixli, 2098 nömrəli məktubla təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 2”V”-553 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin təsdiq olunmuş kserosurətlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə vəfat etmiş oğlunun arvadı X6 xx.xx.2021-ci il tarixdə notarial qaydada ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş əri X3 miras qalmış daşınar və daşınmaz əmlaklardan ona düşən paydan qaynatası İddiaçı xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmiş, vərəsəlik payından imtina ərizəsinin ləğv edilməsinin mümkünsüzlüyü ona izah edilmiş, gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağı, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. Ərizə onun sözləri əsasında yazılmış və yazılanları öz imzası ilə təsdiq etmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 586 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı iddiası üzrə gəlini X2 ünvan 2 saylı ərazidə qeydiyyatda olmaqla, hal-hazırda həmin ünvanda yaşayıb-yaşamaması ilə bağlı həmin ünvana tərəflərindən baxış keçirilmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra Vüsalənin qaynatası İddiaçı, həmin ünvanda hal-hazırda baldızı X7 və Pərvanənin qızı X4 dediklərinə görə, Heydər vəfat etdikdən sonra Vüsalə həmin ünvandan getmiş və hal-hazırda Lerik rayonu, Zərikumaco kəndində atasının yanında yaşayır. İddiaçı yaşadığı küçədə qonşuları da, Vüsalənin son bir ildə həmin evdə yaşamadığını təsdiq etmişlər. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümükünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianının mümükünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-cibənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, bunada baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümükünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli, 055-8527Ə-3222 nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianının mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, hazıki işin hallarından müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin ev onun mülkiyyətinə xx.xx.2021-ci il tarixdə vafat etmiş oğlu X3 miras qalmış əmlak barəsində verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə əsasında keçmişdir. İddiaçıya oğlundan qalmış miras əmlak barəsində “Qanun üzrə vərəslik haqqında” şəhadətnamə verilməsi zamanı gəlini, hazırki iş üzrə 3-cü şəxs X6, notarial qaydada ərizə təqdim edərək, ərindən qalmış miras əmlakdan imtina etdiyini bildirmişdir. İddiaçı hazırda həmin evdə yaşamayan gəlinin sözügedən ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, X6 ərindən qalmış miras əmlakdan imtina etdiyindən və mənzilin tam payda mülkiyyətçisi iddiaçı hesab edildiyindən, hazırda onun İddiaçı ailə üzvü, eləcə də, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti olmadığından, iddiaçı ilə fərdi yaşayış evindən istifadəyə dair heç bir notarial razılaşması olmadığından qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olması onun həmin fərdi yaşayış evinə hansısa subyektiv hüquqlarını yaratmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxs X2 mübahisəli fərdi yaşayış evinə dair hər-hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən,bununla da, onun mübahisəli fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətini təmin etməməklə, faktiki hərəkətsizlik göstərməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı 3-cü şəxsin mübahisəli fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X2 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8359/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8359/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver