Məhkəmə qərarları › İş №2-1(112)-836/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-836/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-836/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs X9 nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı Əli-Səftər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla bağa dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əli-Səftər oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1s. Əİ) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDRX 1s. Əİ-nin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində, 59 saylı BTK-nın nəzdində olan 0,12 ha ölçüdə 1553V saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh DƏDRX 1s. Əİ-nə müraciət etmişdir. Lakin ərizənin həllindən imtina edilmiş, imtina barədə məktubda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması bağ sahəsinin digər şəxslərin istifadəsində olması ilə əlaqədar mümkün olmamışdır. Halbuki, iddiaçının nümayəndəsinin iştirakı ilə bağ sahəsinə daxil olub baxış keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci və 11.1 -ci maddələrinə istinad olunaraq, reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci, 139.3-cü, 139-1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci, 2.2-ci, 4.3-cü, 8-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1 -ci bəndinə, eləcə də İPM-in 2.2.2-ci, 8.1.1 -ci, 33-cü, 73-cü maddələrinə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı, 04 iyun 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2009/2019 saylı 29 avqust 2019-cu il qərarı ilə cavabdeh DƏDRX 1s. Əİ-nin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3214/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2009/2019 saylı 29 avqust 2019-cu il qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəməyə X9 nümayəndəsi, vəkil X10 tərəfindən vəsatət daxil olmuş və vəsatətdə göstərilmişdir ki, onlarda olan şifahi məlumata əsasən İddiaçı Əli-Səftər oğlu və cavabdeh DƏDRX 1s. Əİ-nin arasında olan həmin mülki mübahisə hüquqlarını təmsil etdiyi X9 hüquqlarına toxunur. Lakin İddiaçı Əli-Səftər oğlu məhkəməyə verdiyi iddia ərizəsində X11 üçüncü şəxs qismində qeyd etməmişdir. Həmçinin işə birinci instansiya məhkəməsi qismində baxan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi X11 üçüncü şəxs qismində icraata cəlb etməmişdir. Eyni zamanda vəsatətə X9 adına X7 02.01.2002-ci il tarixli 14 №- li qərarına əsasən ünvan 1 ünvanında bir otaqdan ibarət, yaşayış sahəsi 17,48 kv.metr olan yaşayış evinə dair Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət huquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və həmin yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair “Texniki Pasport” əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.01.2020-ci il tarixli, 2-1(103)-240/2020 saylı qərardadı ilə hazırkı iş üzrə X9 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, DƏDRX 1s. Əİ-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, işə 3-cü şəxsin iştirakı ilə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 08 dekabr 2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX 1s. Əİ-nin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərmişdir ki, aparılmış araşdırmalar nəticəsində və müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq bağ sahəsindən digər şəxslər tərəfindən istifadə edilir. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X9 nümayəndəsi və vəkili X10 iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi şurasının 02 yanvar 2002-ci il tarixli 14 №li qərarına əsasən A.Vəliyevə ünvan 2 ünvanda yerləşən 0,45 ha torpaq sahəsi satılmışdır. İddiaçının təqdim etdiyi orderdə göstərilən torpaq sahəsinin naturada ölçüləri yoxdur, torpaq sahəsi faktiki olaraq naturada heç vaxt iddiaçıya təhkim olunmamışdır. İddiaçıya 30 oktyabr 1991-ci il tarixdə 59 nömrəli bağ təsərrüfatı kooperativi (BTK) tərəfindən 0.12 ha torpaq sahəsinə order veilsə də iddiaçı həmin torpaq sahəsindən istifadə etməmş və ona görə də, o, həmin torpaq sahəsinə malik olduğu istifadə hüququnu itirmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mübahisəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Əli-Səftər oğlu 26.06.1956-cı ildə doğulmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 12.10.2020-ci il tarixli 752 saylı məktubu ilə məhkəməyə göndərilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 30.10.1991-ci il tarixli, 14/688 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından müəyyən olunur ki, İddiaçı Əlisəttar oğluna Bilgəh bağ massivində yerləşən 59 saylı BTK-nın nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. DƏDRX 1s. Əİ idarəsi tərəfindən **********71 saylı 16.10.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə komitəsinin X3 və istismarı birliyi Bilgəh bağlar sahəsindəki 59 №li kooperativ tərəfindən İddiaçı Əlisəftər oğlunun adına verilmiş 99 №li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən ona Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 17,48 kv metr olan bir otaqdan ibarət yaşayış evi X9 adına mülkiyyət hüququ əsasında X7 02 yanvar 2002-ci il tarixlixli 14 №li qərarına əsasən qeydə alınmış (reyestr kitabı № 24355; İnventar işi № 506) və sonuncunun adına “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu” tərtib olunmuşdur. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1s. Əİ idarəsi tərəfindən verilmiş **********15 №li 12 mart 2019-cu il tarixli məktubda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması zamanı məlum olmuşdur ki, bağ sahəsindən digər şəxslər istifadə etdiyindən bağa daxil olub ölçü işlərinin aparılması mümkün olmamışdır. Həmçinin təqdim olunmuş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, idarənin arxiv əsaslarında ata adı “Əlisəttar” qeyd edilsə də, X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə ata adı “Əlisəftar” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli 10/3500 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, təqdim edilən mütəxəssis rəyində qərardadda qoyulan suallar cavablandırılmadığından İddiaçı Əli-Səftər oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən 99 №li orderlə Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ torpaq sahəsi ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs X12 məxsus ünvan 4 ünvanda yerləşən və üçüncü şəxs A.Y.Vəliyevin faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşüb düşməməsini və X12 məxsus ünvan 5 ünvanında yerləşən və sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinə İddiaçı Əli-Səftər oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən 99 №li orderlə Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ torpaq sahəsinin (və ya bir hissəsi) faktiki daxil edilməsinin müəyyən edlməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən İddiaçı Əlisəftər oğlunun adına verilmiş 99 №li orderlə sonuncuya Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ ayrılsa da, həmin bağ torpaq sahəsinin naturda sərhədləri müəyyən olunmamış, ayrıc aktı, cizgi, torpaq sahəsinin bölgü sxemi tərtib olunmamışdır. Bundan əlavə mübahisəli bağ torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmadığından cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən həmin torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. İddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs X12 məxsus ünvan 4 ünvanında yerləşən və üçüncü şəxs A.Y.Vəliyevin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini və X12 məxsus ünvan 4 ünvanında yerləşən və sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinə İddiaçı Əli-Səftər oğluna ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ torpaq sahəsinin (və ya bir hissəsi) faktiki daxil edilib-edilmədiyini müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunsa da, qeyd olunan halların müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinin məhz Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən onun adına verilmiş 99 №li orderlə sonuncuya Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ torpaq sahəsinin olması iş materialları ilə sübuta yetirilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı Əli-Səftər oğlundan 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı Əli-Səftər oğlundan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar