Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8364/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X9, X4) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadları ilə X9, X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 60 saylı order əsasında 2411 nömrəli 0,25 ha torpaq sahəsi ona ayrılmışdır və onun istifadə və sahibliyindədir. Sahə hasarlanmış, tikililər inşa edilmişdir. Dəfələrlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilsə də, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassız olmaqla mülkiyyət hüququnun pozuntusuna səbəb olur. Torpaq sahəsinin mübahisəsiz onun istifadəsində olması da nəzərə alınmaqla hüququ qeydiyyata alınmalıdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 Sərəncamına əlavə edilmiş siyahıda iddiaçının adı aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi Ləhiş bağlar massivində yerləşsə də 28 nömrəli X3 Türkan bağ massivinə aiddir. Torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən torpaq sahəsinin bir hissəsi digər bağların ərazisidir. Ləhiş bağlar massivində 2411 nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına müqavilə mövcuddur və digər şəxslərin əraziyə müraciəti olmuşdur. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 28 aprel 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 Sərəncamına əlavə edilmiş siyahıda iddiaçının adı aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi Ləhiş bağlar massivində yerləşsə də X3 digər bağ massivinə aiddir. Torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən torpaq sahəsinin bir hissəsi digər bağların ərazisidir. Ləhiş bağlar massivində 2411 nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına müqavilə mövcuddur və digər şəxslərin əraziyə müraciəti olmuşdur. 60 nömrəli orderdən görünür ki, iddiaçıya Ləhiş bağlar sahəsində 0.25 ha ölçüdə 2411 nömrəli torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdehin 05 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi 2411,2410,2409 saylı bağların və bölünənlərin ərazisinə düşür. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında 07 aprel 1972ci il tarixli müqavilədən görünür ki, Ləhiş bağlar sahəsində 2627 nömrəli, 0,25 ha torpaq sahəsi X1 ayrılmışdır. Müqavilənin qovluq sənədlərindən görünür ki, həmin bağ sahəsinin əvvəlki nömrəsi 2411 olmuşdur. Müayinə aktında qeyd edilir ki, bağ sahəsi şimal, qərb, şərq tərəfdən hasarlanıb, sahədə yararsız bağ evi və həyət tikilisi var. Ümumi əraziyə X2 müraciəti olmuşdur. Ümumi ərazinin bir hissəsindən 2 sıra mişar daşı düzülərək ümumi ərazi iki hissəyə ayrılmışdır. Üçüncü şəxs X5 06 yanvar 2022-ci il tarixli müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi ümumi ərazi daxilində yerləşmişdir və torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Sözügedən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Ərizə torpaq sahəsinin sonradan faktiki istifadəçisi olduğu qeyd edilən X10 tərəfindən verilmiş və cavab məktubu da R.Ramazanovun nümayəndəsi kimi ona verilmişdir. Müqavilədən görünür ki, həmin torpaq sahəsi üçüncü şəxsin vərəsəsinə Bağların icarəyə verilməsi haqqında müqaviləb(hüquqmüəyyənedici sənəd) əsasında ayrılmışdır. 20 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, X2 müraciəti torpaq sahəsinin faktiki 2314,0 kv.m olması, torpaq sahəsinin bir hissəsinin qonşu özəl sahələr ilə üst-üstə düşməsi və sahənin bir hissəsinə digər şəxslərin müraciətinin olması səbəbindən hüquqlarının dövlət qeydiyyatı mümkün olmamışdır. Qeyd olunmalıdır ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Hazırkı iş üzrə qeyd olunan hüquqmüəyyənedici sənəd mövcuddur. Belə ki, iş materiallarında mövcud olan və mötəbərliyi hər hansı şübhə doğurmayan orderdən də göründüyü kimi 2411 nömrəli 0,25 ha bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin order qüvvədədir, ləğv edilməmiş, qüvvədən salınmamışdır. Qeyd olunmalıdır ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi 2411 nömrəli bağ sahəsinə dair verilmiş order ləğv edilməmiş, qüvvədən salınmamışdır ki, inzibati orqan tərəfindən verilmiş həmin order əsasında torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmalı olmasına münasibətdə etimad hüququnun qorunması vacibdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən siyahıda adın aşkar edilməməsi, digər bağ massivinə aid olma, sxematik xəritə ilə uyğunsuzluq və digər imtina əsasları da həm göstərilən, həm də aşağıda qeyd edilən səbəblərdən mülkiyyət hüququnun realizəsinə müdaxilə xarakteri daşıya bilməz. Sxematik xəritə ilə bağlı uyğunsuzluqla əlaqədar qeyd olunur ki, ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli; 2- 1(102)-1537/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-2030/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-69/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən işin faktiki halları, cavabdehin məktubu ilə də müəyyən edilir ki, göstərilən ərazi 2411,2410,2409 saylı bağların və bölünənlərin ərazisinə uyğun gəlməkdədir ki, iddiaçı da məhz 2411 nömrəli bağa mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Məhkəmə digər şəxslərin müraciətləri və 2411 nömrəli digər bir müqavilənin mövcudluğu ilə bağlı da araşdırma aparmış, yerli baxış həyata keçirmişdir ki, yerli baxış protokolunda verilmiş izahatlar onunla əlaqədar olmuşdur ki, iddia olunan torpaq X2 atasına məxsus sənəd əsasında ayrıldığını iddia etdiyi torpaq sahəsi ilə bir hasar daxilindədir. Həmin sahələr X8 aid torpaq sahəsi ilə eyni hasar daxilində olmamaqla qərb hissədən hasarla ayrılmışdır. Həmin hissədə hasar ətrafında iddiaçı tərəfindən iddia edilən istifadəsiz qalmış tikililər mövcuddur. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi hasarlı əraziyə daxil olunduqda mərkəz hissədə-tikililərin də mövcud olduğu hissədə yerləşir. X2 atasına məxsus olmuş müqavilə əsasında iddia olunan ərazi isə hasardaxili ərazinin sağ tərəfində yerləşir və həmin ərazi daşla iddia olunan ərazidən ayrılmışdır. Torpaq sahələri üst-üstə düşməməkdə, hər bir tərəf öz ayrılmış ərazisinə iddia etməkdə, bir-birlərinin ərazisinə hər hansı iddia mövcud olmaqdadır. X8 ayrılmış de fakto istifadəçisi başqa olan və inzibati icraat zamanı onun nümayəndəsi olmuş X6 iddia etdiyi ərazi isə ümumiyyətlə hasardan kənardadır. Göründüyü kimi əmlak orqanı hər üç şəxsə mülkiyyət hüquqlarından imtinanı şəxslərin müraciətinin mövcud olmasına əsaslanmaqla etmiş, hər üç şəxsin müraciətinin təminindən imtina etmişdir ki, məhkəmə icraatı zamanı isə müəyyən edilmişdir ki, həmin ərazinin bir-birinə hər hansı aidiyyəti mövcud deyildir. Torpaq sahələrindən biri, ümumiyyətlə eyni hasar daxilində olmamışdır ki, digər torpaq sahəsinin eyni hasar daxilində olması, nə qədər ki, sənəd və faktiki vəziyyət üzrə sərhədləri və bir-biri ilə əlaqəsinin olmaması aydındır hüququn dövlət qeydiyyatından imtina əsası qismində çıxış etməməlidir. Odur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından digər şəxslərin müraciətinin olması əsası ilə imtina edilə bilməz. Halbuki, həmin müraciətlər digər torpaq sahələrinə aid olmuş, iddia olunan 0,25 ha torpaq sahəsi ilə əlaqəsiz olmuş, tərəflər ilkin hüquqməyyənedici sənədləri ilə iddia etdikləri torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasına nail olmağa çalışmışdır. Bundan əlavə, üçüncü şəxs X2 atasına məxsus olmuş müqavilə üzrə bağ nömrəsinin 2411 olması və iddia olunan bağ sahəsinə dair orderdə də nömrənin 2411 olmasına münasibətdə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, birinciyə məxsus bağ nömrəsinin 2411 nömrəsi köhnə nömrə olmuş, hal-hazırda həmin bağın nömrəsi 2627 nömrəyə dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, bağ nömrələri arasında uyğunsuzluq kimi göstərilən həmin hal cavabdehin imtinasını legitim etmir və nəzərə alınması o da zəruridir ki, iddiaçıya ayrılan bağ sahəsi cavabdehin məktubundan da göründüyü kimi 2411 nömrə ilə əlaqədar nömrələmə xüsusiyyətləri ilə uyğunluq təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Ləhiş bağlar sahəsində 28 nömrəli Kooperativin 60 saylı orderi əsasında Bakı ş, Ləhiş bağlar sahəsində yerləşən 2500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8364/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8364/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver