Məhkəmə qərarları › İş №2-1(112)-8365/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8365/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8365/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinət verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh **********5 saylı xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, təqdim edilən xx.xx.2017-ci il tarixli, 18/54-8 nömrəli arayışa əsasən, Qanunun 8.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı müəyyən edilmiş 1 il sosial adaptasiya müddətini ötürmüşdür. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı birdəfəlik pul müavinətinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-173/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il 9 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti verilərək cəzası şərti hesab edilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilməsini nəzərdə tutan 6.1.7-ci maddəsini əsas tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, sözügedən qurum xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müvafiq imtina vermişdir. Cavabdeh iddia ərizəsinə dair etirazı məhkəməyə təqdim etmiş, etirazda göstərmişdir ki, İddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Adından da göründüyü kimi Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya məsələlərini tənzimləyir. Lakin iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Suraxanı rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli, 18/54-8 nömrəli arayışından göründüyü kimi, iddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, məhkəmə onun cəza çəkmədən islah olunmasını mümkün saymış və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmışdır. Həmçinin xx.xx.2017-ci ildə sınaq müddəti bitmiş iddiaçı dörd ildən çox müddət keçdikdən sonra, xx.xx.2021-ci il tarixdə müraciət edərək Qanunun 8.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müəyyən edilmiş 1 il sosial adaptasiya müddətini ötürmüşdür. Əlavə olaraq bu səbəbdən də ona həmin Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun deyil və həmçinin həmin müavinətin təyinatı və məqsədinə ziddir. Göstərilən bu hallar iddiaçıya sözügedən müavinətin verilməsini istisna edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli 1(101)-173/2014 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən hökm çıxarlanadək həbsdə saxlanıldığı 2 ay 22 gün təyin edilmiş cəza müddətinə daxil olunmaqla onun tərəfindən çəkilməli cəzanın müddəti 6 il 9 ay 8 gün müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, İddiaçı təyin edilmiş cəza şərti tətbiq edilmiş və onun üzərində 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddəti ərzində İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmuşdur. İddiaçı davranışı üzərində nəzarətin həyata keçirilməsi Suraxanı rayonu məhkəmə İcra şöbəsinə həvalə edilmişdir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. İddiaçı barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. İşdə olan Suraxanı rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli 18/54-8 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-173/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 03 (üç) il sınaq müddəti verilərək cəzası şərti hesab edilmişdir. Məhkum İddiaçı təyin edilmiş sınaq müddəti bitdiyindən o, xx.xx.2017-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İddiaçı hazırda cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində verilən birdəfəlik pul müavinətinin ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi; - 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər; - 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. - 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək. - 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. - 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata alınırlar. - 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. - 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. - 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. - 14.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. Eyni zamanda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 175-ci maddəsinə əsasən: 175.1. Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir. 175.2. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçının ona tətbiq edilməsini tələb etdiyi sosial adaptasiya məhz penitensiar müəssisələrdə cəza çəkən və oradan azad edilən şəxslərin uzun müddət cəmiyyətdən təcrid olunması nəzərə alınaraq onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər sistemi kimi çıxış edir. Bu zaman penitensiar müəssisədə olan məhkumlar barəsində müəssisə rəhbərliyi həmin şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. İşdən görünür ki, iddiaçıya təyin edilən cəza şərti olaraq tətbiq edildiyindən o penitensiar müəssisədə cəza çəkməmiş, buna uyğun olaraq onun barəsində hər hansı məlumat cavabdehə təqdim edilməmiş, o sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxslər siyahısına alınmamışdır. Digər tərəfdən, qanunvericiliyə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər üç ay ərzində ərizələrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata alınırlar. Lakin işdən görünür ki, şərti məhkum edilmiş iddiaçının sınaq müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, o, 3 ay deyil, 3 ildən artıq müddət keçdikdən sonra sosial adaptasiya tədbiri üçün cavabdehə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyə əsasən sosial adaptasiya müddəti bir ildir, müstəsna hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Yəni sosial adaptasiyanın müddəti ən çoxu iki il ola bilər, hansı ki, bu müddət cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Qanunverici bu zaman cəzaçəkməkdən azad edilən şəxsin penitensiar müəssisədən çıxdıqdan sonra ən çoxu iki il ərzində müvafiq tədbirlər vasitəsilə sosial mühitə uyğunlaşdırılması, cəmiyyətə qayıdışının təmin edilməsi məqsədi güdür. Yuxarıda qeyd olunanlardan məlum olur ki, iddiaçıya cəza 2014-cü ildə şərti tətbiq edilmiş, 2017-ci ildə onun məhkumluğu da ödənilmişdir. O isə 7 il sonra ona sosial adaptasiya tədbirinin tətbiqi üçün cavabdehə müraciət etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə zəruri olan şərtləri ödəmədiyindən onun hazırkı tələbi əsaslı hesab edilə və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar