Məhkəmə qərarları › İş №2-1(112)-8365/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8365/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8365/2023 26.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasına qarşı “iddiaçıya verilən arayışda (qərarda) “X2 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda geden döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasına qarşı “iddiaçıya verilən arayışda (qərarda) “X2 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda geden döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı ilə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol qaşın sıyrılmış yarası (qəlpə) və təpə nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulmuşdur. İddiaçı müharibə veteranıdır. Lakin cavabdeh tərəfindən iddiaçının iş fəaliyyəti, hansı istiqamətdə döyüşdüyü mövqesi düzgün qiymətləndirilməmişdir. Cavabdeh tərəf qərəzli olaraq iddiaçının aldığı travmaları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yox, X2 xidmətkeçmə dövrünə təsadüf olunduğunu bildirilib. İddiaçının əmək kitabçasında olan ümumillikdə 26 il 4 ay 3 günlük iş fəaliyyətinin, 3 il 3 ay müddəti (xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X1 (OMON) olan müddətə təsadüf edir. İddiaçı məhkəməyə əlavə olaraq, prosessual müddətin bərpası haqqında ərizə təqdim edərək, arayışın ona 2019-cu il tarixdə təqdim ediliydiyi, həmin dövrdə pandemiya və karantin olduğundan iddia qaldıra bilməməsini nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair münasibət təqdim etmiş və iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 1994-cü ilin mart ayının 18-dən aprel ayının 10-dək “Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, sol qulaq pərdəsinin deşilməsi, sol qaşın sıyrılmış yarası, başın təpə nahiyəsinin sıyrılmış yarası” diaqnozu ilə stasionar müalicədə olması barədə 3 nömrəli şəhər klinik xəstəxanasından verilmiş arayış əsasında XHK-nın xx.xx.2019-cu il tarixli 13 saylı qərarının dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsini tələb edir. Lakin, xəsarətin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatları zamanı xidməti vəzifəsinin icrası ilə bağlı olmasını əsaslandırmağa imkan verən sübut və sənədləri (yaralanma ilə bağlı xidməti təhqiqat, istintaq və məhkəmə araşdırması və s.) Xüsusi Həkim Komissiyasına təqdim etməmişdir Eləcə də, XHK-na təqdim etdiyi DİN-in Baş Kadrlar İdarəsinin iddiaçının sorğusuna cavab məktubunda onun 1992-ci ildə DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində Sədərək rayonunda gedən döyüş əməliyyatlarında iştirakına görə mükafatlandırılması barədə qeyd edilmiş, xəsarətin alındığı 1994-cü il ərzində döyüş bölgəsinə ezam olunması, döyüş əməliyyatlarında iştirakı və xəsarət alması barədə məlumat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Qərarının 7-ci bəndində hərbi xidmət və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin qiyabi müəyyən edilməsinin sənədlər əsasında aparılması qeyd olunur. Eləcə də, həmin Qərarın 7.3.-cü bəndində bildirilir ki, Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət (xidməti vəzifələrin) vəzifəsinin icrası ilə əlaqədar olub-olmaması göstərilir. Vətəndaş İddiaçı tərəfindən 1994-cü ildə baş vermiş xəsarətin xidməti vəzifəsinin icrası ilə bağlı olması barədə XHK-na xidməti təhqiqat aktı (baş vermiş hadisə ilə bağlı istintaq və ya məhkəmə materialı və s.) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi İddiaçı tələbi - “X2 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda geden döyüşlərdə xəsarət almışdır sözü ilə əvəz edilməsindən ibarət olmaqla mübahisələndirmə haqqında iddiadır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 157 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir – İddiaçı təvəllüdü 1970, travma: Qapalı kəllə-beyin travması, Baş beyin silkələnməsi. Sol qulaq pərdəsinin deşilməsi. Sol qaşın sıyrılmış yarası (qəlpə). Təpə nahiyəsinin sıyrılmış yarası” DİO-da xidmətkeçmə dövründə alınmışdır. Göründüyü kimi, iddiaçı hal-hazırda onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 157 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından 2019-cu il tarixdə məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı əlavə olaraq məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arayışın ona 2019-cu il tarixdə təqdim edilmiş, həmin dövrdə pandemiya və karantin olduğundan iddia qaldıra bilməmişdir. Məhkəmə iddiaçının yuxarıda göstərdiyi halları üzrlü səbəb kimi hesab etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasına qarşı “iddiaçıya verilən arayışda (qərarda) “X2 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda geden döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar