Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8367/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinə qarşı “təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbə olmasının tanınması və 2020-2021-ci tədris ili üçün ödədiyi təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərara qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra idida tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin 2-ci kurs tələbəsidir. X1 1-ci qrup əlil, anası X3 işsiz statusuna malik olmasına, onun isə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbə olmasına baxmayaraq Təhsil Nazirliyi onu həmin kateqoriyaya aid etməmişdir. İmtiyazlı tələbə qrupuna aid olmasına və əslində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi 13 aprel 2020-ci il tarixli Qərarının ona şamil edilməli olduğuna baxmayaraq Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqisad Kolleci ondan 2020-2021-ci tədris ili üçün təhsil haqqını tələb etmiş və o, təhsilinin yarımçıq qalmaması üçün məcbur qalıb, ev əşyalarını sataraq, borc alaraq təhsil haqqını tam şəkildə ödəmişdir. O, bu barədə Təhsil Nazirliyinə müraciət etsə də, ona imtina verilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki öhdəliyin icrası haqqında iddia növünə aid olan iddiaçının aldığı təhsil üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin xx.xx.2022-ci il tarixli, 04/064 nömrəli məktubundan görünür ki, İddiaçı 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tam orta (11 illik) təhsil bazasından ödənişli əsaslarla əyani şöbəsinin Mühasibat uçotu ixtisası üzrə MUT-2010a nömrəli qrupuna qəbul olmuş və xx.xx.2022-ci il tarixində Kolleci bitirmişdir. xx.xx.2022-ci il tarixli T-082 nömrəli əmrlə ona subbakalavr peşə-ixtisas dərəcəsi verilmişdir. İllik təhsil haqqının məbləği 900 (doqquz yüz) manatdır. xx.xx.2022-ci il tarixə onun 450 (dörd yüz əlli) manat məbləğində təhsil haqqı borcu vardır. İşdə olan müraciətlər haqqında məlumatdan görünür ki, iddiaçı təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdehə elektron qaydada müraciət etmiş, bu zaman atasının əlilliyi ilə bağlı məlumatı sistemə daxil etsə də, anasının həssas təbəqə üzrə sosial statusu haqqında məlumatı təqdim etməmiş, buna görə də müraciətinə imtina cavabı verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən müraciət etmiş, ona imtina verilmiş, xx.xx.2021-ci il tarixdə isə müraciəti qeydiyyatdan keçirilsə də, müsbət həll olunmamışdır. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbə olmasının tanınması və 2020-2021-ci tədris ili üçün ödədiyi təhsil haqqının geri qaytarılması üçün tapşırıq verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqını ödəməkdən azad olunan şəxslərin kateqoriyasına aid olan şəxsləri sadalamaqla, bütün digər hallarda orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqını ödəməkdən azad olunmadıqlarını bildirmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 13 aprel 2020-ci il tarixdə qəbul edilmiş 138 saylı Qərarın 1-ci hissəsində deyilirdi ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar. Həmin Qərarın 1-ci hissəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti xx.xx.2021-ci il tarixdə 129 saylı qərar ilə dəyişiklik edərək, 1-ci hissəsədə “semestrləri (yarımillikləri)” sözlərindən sonra “, eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili)” sözlərini əlavə etmişdir. Göründüyü kimi, qanunverici sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrə kimlərin aid edildiyini konkret tənzimləmiş, burada hər iki valideynin bu kateqoriyaya daxil olması tələbi qoymuş, ilkin olaraq isə yalnız 2020-ci ildə tədris semestrləri (yarımillikləri), yəni 2019/2020-ci tədris ilinin yaz semestri (yarımili) və 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini müəyyən etmişdi. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, X6 (FİN-1KDQMJ0) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 (FİN-4B0R0PU) və X2 (FİN-1KDQMJ0) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində ünvanlı dövlət sosial yardımı alan, “Sosial ödənişlər” altsistemində yaşa görə sosial müavinət alan, “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olmalarına, həmçinin “Əlillik” və “Pensiya” altsistemlərində X2 əlilliyinə və yaşa görə əmək pensiya almasına dair xx.xx.2022-ci il tarixinə məlumatlar aşkar edilməmişdir. X7 isə “Əlillik” altsistemində xx.xx.1999-cu il tarixdən ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlil və “Pensiya” altsistemində əlilliyə görə əmək pensiya alan kimi qeydiyyatdadır. Göründüyü kimi, istinad olunan sənədlərdən müəyyən olunur ki, 2020-ci ilin tədris semestrləri (yarımillikləri) zamanı iddiaçının valideynlərindən yalnız biri, atası sosial baxımdan həssas əhali qrupuna aid edilmiş, əlilliyi müəyyən edilmiş şəxs olmuş, lakin anası həmin vaxt bu kateqoriyadan olan şəxslərə aid olmamışdır. Belə olan halda aydındır ki, iddiaçı 2020-ci ilin tədris semestrləri (yarımillikləri), o cümlədən 2020/2021-ci tədris ilinin payız semestri üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etməkdə haqlı olmamışdır. 2020/2021-ci tədris ili üzrə yaz semestrinə gəldikdə, yuxarıda qeyd olunduğu kimi, 138 nömrəli qərara xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 2020/2021-ci tədris ili üzrə yaz semestri də təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi dövrə aid edilmişdir. İşdən görünür ki, bundan sonra müvafiq müraciət əsasında iddiaçının anası X5 xx.xx.2021-ci il tarixdə işsiz statusu verilmiş, bununla da həmin tarixdən etibarən iddiaçının hər iki valideyni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarının birinci hissəsində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid olmuşdur. Belə olan halda aydındır ki, orta ixtisas təhsil müəssisəsində əyani təhsil alan iddiaçının 2020/2021-ci tədris ili üzrə yaz semestrinin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etmək hüququ olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarının 2-ci hissəsinə əsasən Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilmiş, qərarın 3-cü hissəsi ilə təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasının təmin edilməsi Cavabdehnə həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etmək hüququ olmuş, lakin cavabdeh əsassız olaraq iddiaçının müraciətini həmin hissədə təmin etməyərək onun hüquqlarını pozmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8367/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8367/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver