Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-837/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvan: Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ev 5, mənzil 70) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının azadlığına və işgüzar nüfuzuna dəymiş mənəvi zərəri ödəmək bir vəzifə olaraq üzərinə qoyulması və onun xeyrinə 5330 AZN (5000 mənəvi, 300 maddi və 30 dövlət rüsumu) miqdarında dəymiş zərərin əvəzi tutulub verilməsi tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ehtiyatda olan DTX zabitidir. 2002-2015-ci illərdə ləğv edilmiş MTN-də xidmət etmişdir. xx.xx.2015-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixində isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq AR CM-in 302.2, 308.2 və 309.1-ci maddələri ilə ittiham edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 302.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüqüqundan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar həbsdən azad olunmuşdur. xx.xx.2019 tarixində o, yaxın qohumu (qaynı) X2 və onun yaxın dostu ilə birgə poliqrafiya sahəsində Türkiyədəki mümkün partnyorlarla iş birliyi qurmaq və həbsxana həyatından sonra tibbi müayinə olunmaq məqsədilə “Gürsoylar” şirkəti vasitəsilə Bakı-İstanbul istiqamətində hərəkət edərkən "Qırmızı körpü" SKM-də DSX-nın rəsmi nümayəndəsi DTX tərəfindən ölkədən çıxışına "STOP" qoyulmasını bildirdi. DTX-nın qaynar xətti ilə əlaqə saxladıqda "STOP"un Baş Prokurorluğun sifarişi ilə DTX tərəfindən icra olunması məlum oldu. Baş Prokurorluğun qaynar xətti ilə əlaqə saxladıqda "STOP"un 2015-ci ildə barəsində gedən cinayət təqibinə görə qoyulması bəlli oldu. Məhkəmə zamanı iddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından və tərəfin izahatından müəyyən edilir ki, iddiaçı xx.xx.2015-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixində isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq AR CM-in 302.2, 308.2 və 309.1-ci maddələri ilə ittiham edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əasən AR CM-nin 302.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına ilə məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar həbsdən azad olunmuşdur. İş materiallarından görünür ki, Dövlət Sərhəd Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli 23/20-756 nömrəli məktubla bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxışına “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat axtarış sistemində "ölkədən çıxışı qadağandır” statusu xx xxxxxx 2019-cu il tarixdə qeyri-aktiv edilmişdir. Məhkəmə iddia tələbinin 5000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iddia tələbinin 300 manat vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçıya maddi ziyanın dəyməsinə dair mötəbər sübut iş materiallarına əlavə edilmədiyindən, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı qeyd edir ki, inzibati hüquq münasibətlərindən əmələ işlər üzrə vətəndaşlar tərəfindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslərdövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh orqan tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasını əsaslandıra bilmədiyindən və mötəbər sübutlar təqdim edə bilmədiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının azadlığına və işgüzar nüfuzuna dəymiş mənəvi zərəri ödəmək bir vəzifə olaraq üzərinə qoyulması və onun xeyrinə 5330 AZN (5000 mənəvi, 300 maddi və 30 dövlət rüsumu) miqdarında dəymiş zərərin əvəzi tutulub verilməsinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-837/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-837/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver