Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-837/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilərək, ona məxsus Yasamal rayonu, N.Hikmət küçəsi, 25 saylı evin 18 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Yasamal rayonu, Nazim Hikmət küçəsində 25 nömrəli 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 43.3 kv.m ümumi sahəsi olan 18 saylı mənzil mülkiyyət hüququ üzrə iddiçıya məxsusdur. Həmin mənzili xx.xx.2008-ci ildə DNK-da alqı satqı müqaviləsi bağlamaqla X3 almışdır. Mənzil birinci mərtəbədə yerləşdiyindən küçəyə qapı açılmaqla və əlavə olaraq 35 kv m. artırılmaqla qeyri-yaşayış sahəsi kimi istifadə olunurdu. İddiaçı həmin mənzili almaqla ondan yaşayış deyil, qeyriyaşayış sahəsi kimi istifadə edərək icarəyə vermişdir. Mənzildə quraşdırılmış qaz, işıq və su sayğacları da qeyri-yaşayış sahəsinə uyğun olaraq quraşdırılmışdır. Ötən 15 il ərzində mənzilə dair bütün kommunal xidmətlər qeyri-yaşayış sahəsi kimi ödənilmişdir. Bütün bunlar nəzərə alınaraq iddiaçı cavabdeh tərəfə müraciət edərək mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etsə də, cavabdeh mənzildə aparılmış dəyişikliklərə görə ilkin razılıq sənədləri təqdiİmədiyini əsas tutaraq tələbi təmin etməmişdir. Mənzil 15 ildən artıqdır ki, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Mənzildə aparılmış əlavə dəyişikliklərlə bağlı cavabdeh tərəf 15 il öncə şifahi surətdə razılıq vermiş, həmin dəyişikliklər aparılmış, cavabdeh tərəf sonradan dəyişikliklərin aparılmasına rəsmi razılıq verəcəyini bildirsə də, ötən müddət ərzində öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Bakı şəhər Cavabdeh xx.xx.2007-ci il tarixli 462 nömrəli sərəncamından çıxarışdan görünür ki, Yasamal rayonu, N.Hikmət küçəsi, 25 saylı evin 2 otaqlı sahəsi 30 kv.metr olan 18 sylı mənzilinin icarə müqaviləsinin X5 ilə bağlanılması və ona order verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin mühəndisi R.Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, ev 25, mənzil 18-də yoxlama aparmış və yoxlama zamanı 2007-ci ildə tərtib edilmiş eskizə əsasən mənzildə dəyişikliyin olmadığını müəyyən etmişdir. İşdə olan xx.xx.2005-ci il tarixli AN-İ №0146810 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 563 saylı reyestr kitabında 51828-ci vərəqdə, reyestr nömrəsi-**********71-05101-093014, qeydiyyat nömrəsi- 110795979 olan, 26.10.07-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində istifadədə olan 0.08432 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 43,3 kv.m. ümumi, 29,6 kv.m. yaşayış, 13,7 kv.m köməkçi sahəsindən ibarət 2 (iki) otaqlı, 18 nömrəli mənzilini alıcı İddiaçı mülkiyyətinə vermişdir. MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Nazim Hikmət küçəsində istifadədə olan 0.08432 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binada 43.3 kv.m ümumi, 29.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət huququ uzrə İddiaçı adma daşınmaz əmlakın dövlət reyestrində 563 nömrəli reyestr kitabının 51828 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli 18 saylı mənzilin texniki pasportundan görünür ki, mənzil 1-ci mərtəbədə yerləşməklə 2 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 43.3 kv.metr, yaşayış sahəsi 29.6 k.metrdir, o cümlədən yaşayış otağı 15,6 kv.metr və 14 kv.metr, mətbəx 10.7 kv.metr, sanitar qovşaq 3 kv.metrdir. İşdən görünür ki, iddiaçı mülkiyətində olan 18 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər (təqdim olunmuş sənədlərdən əlavə mənzillərdə aparılmış dəyişikliklərin ilkin razılıq sənədləri) tam şəkildə təqdim edilmədiyinə görə mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 25 saylı evin 18 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: - 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - - 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. - 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. - 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. - 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. - 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: - 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; - 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; - 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. - 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. - 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1 Bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Göründüyü kimi, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydasını dəqiq tənzimləmiş, həm təqdim edilməli olan sənədləri, həm də keçirilmə qaydasını müəyyən etmişdir. İstinad olunan normalara əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün:
1. sahənin keçirilməsi haqqında ərizə, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər, keçirilən yaşayış sahəsinin texniki pasportu yerli icra hakimiyyəti orqanına təqdim edilir.
2. orqan sənədlərin təqdim edildiyi gündən otuz gündən gec olmayaraq sahənin keçirilməsi haqqında qərar qəbul edir.
3. əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin qərar sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
4. belə işlərin görülməsi tələb edilirsə, keçirilmə barədə qərar həmin qərarda nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin görülməsi üçün əsas təşkil edir.
5. həmin işlərin başa çatması orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir və bu akt orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilir.
6. Əgər yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun deyildirsə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-cü il tarixli 3-16-16/2-10/567 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 45256/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki:
1. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak **********71-05101-093014 reyestr nömrəsi ilə mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin ümumi sahəsi sənəd üzrə 43.3 kv.m olsa da, faktiki olaraq 78.3 kv.m təşkil edir. Belə ki, mənzilin daxilində arakəsmələr götürülüb, həyət tərəfə 31.0 kv.m və küçə tərəfə isə 4.3 kv.m sahə artırılmışdır. Qeyd olunan mənzilin mağaza kimi istifadə olunduğu müəyyən olunmuşdur.
2. Yuxarıda qeyd olunduğu kimi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak **********71 -05101- 093014 reyestr nömrəsi ilə mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin ümumi sahəsi, sənəd üzrə 43.3 kv.m olsa da, faktiki olaraq 78.3 kv.m təşkil edir. Belə ki, mənzilin daxilində arakəsmələr götürülüb, həyət tərəfə 31.0 kv.m və küçə tərəfə isə 4.3 kv.m sahə artırılmışdır. Qeyd olunan mənzilin mağaza kimi istifadə olunduğu müəyyən olunmuşdur.
3. Həyət tərəf olan qapının önündə artırılmış sahənin mövcud olduğu, həmin sahənin digər şəxslərin giriş-çıxışına maneəçilik törətmədiyi müəyyən olunmuşdur Göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etdiyi mənzilin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış, lakin aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanın rəsmiləşdirilməsi barədə qərarı təqdim etməmişdir. Bundan əlavə, iddiaçı bu yenidən qurulması və (və ya) yenidən planlaşdırılma ilə yanaşı, binanın həyətindən və küçə tərəfdən əlavə torpaq sahəsi zəbt edərək mənzilin sahəsini 31 kv.metr artırmış, həmin tikili və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədi nə məhkəməyə, nə də cavabdehə təqdim etməmişdir. Qanunverici tikinti norma və qaydalarına uyğun olmayan yenidən qurulması və (və ya) yenidən planlaşdırılması aparılan yaşayış sahələrinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol vermədiyindən, hazırkı iş üzrə yuxarıda qeyd olunanlara əsasən bu hal aşkar edildiyindən məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsində nəzərdə tutulan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsas mövcuddur. Bu isə hazırkı məzmunda iddia tələbinin təmin edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin olunmasın. İş üzrə 100 (bir yüz) manat məhkəmə ekspertizası xərci iddiaçı X1 tutularaq dövlət büdcəsinə (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova