Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8370/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış “Müştərək fəaliyyət üçün razılaşdırma” müqaviləsi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş, tamamlama-abadhq işləri bina sakinlərinin təsis etdikləri "xxxx" MMMC tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Hazırda həmin çoxmərtəbəli yaşayış binası "xxxx" MMMC-nin idarəetməsindədir. ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki 140 kv.m ölçüsündə 3 otaqlı 35 saylı mənzil iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 22 noyabr 2010-cu il tarixli 32 saylı müqavilə əsasında podratçı "xxxx" MMC tərəfindən inşa edilərək iddiaçıya verilmiş, əvəzində isə iddiaçı tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 126.000 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. Ərizəyə qoşmada təqdim edilən “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 22 noyabr 2010-cu il tarixli 32 saylı müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə iddiaçı ilə "xxxx" MMC arasında ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsindəki 140 kv.m ölçüsündə 3 otaqlı 35 saylı mənzilin tikilib iddiaçıya təhvil verilməsi, əvəzində iddiaçının mənzilin dəyərini "xxxx" MMC-yə ödəməsi məqsədilə bağlanmışdır. Ərizəyə qoşmada təqdim edilən AXU № 32 sayh 22 noyabr 2010-cu il tarixli kassa mədaxil orderinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki. həmin mənzilə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə 22 noyabr 2010-cu il tarixli 32 saylı müqavilə üzrə 126.000 manat pul ödənilmişdir. Ərizəyə qoşmada təqdim edilən maliyyə arayışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 22 noyabr 2010-cu il tarixli 32 saylı müqavilə üzrə Nəsimi rayonu. Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsindəki 140 kv.m ölçüsündə 3 otaqlı 35 saylı mənzilə görə müəssisəyə 126.000 manat pul ödənilmişdir, iddiaçının 22 noyabr 2010-cu il tarixli 32 saylı müqavilə üzrə borcu qalmamışdır. Ərizəyə qoşmada təqdim edilən “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 08 dekabr 2010-cu il tarixli 38 saylı müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə iddiaçı ilə "xxxx" MMC arasında ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsindəki 94,2 kvm ölçüsündə 2 otaqh 36 saylı mənzilin tikilib iddiaçıya təhvil verilməsi, əvəzində onun mənzilin dəyərini "xxxx" MMC-yə ödəməsi məqsədilə bağlanmışdır. Ərizəyə qoşmada təqdim edilən AXU № 38 saylı 08 dekabr 2010-cu il tarixli kassa mədaxil orderinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin mənzilə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə 08 dekabr 2010-cu il tarixli 38 saylı müqavilə üzrə 94.200 manat pul ödənilmişdir. Ərizəyə qoşmada təqdim edilən maliyyə arayışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 08 dekabr 2010-cu il tarixli 38 saylı müqavilə üzrə Nəsimi rayonu. Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsindəki 94,2 kv.m ölçüdə 2 otaqlı 36 saylı mənzilə görə müəssisəyə 94.200 manat pul ödənilmişdir, iddiaçının 8 dekabr 2010-cu il tarixli 38 saylı müqavilə üzrə borcu qalmamışdır. Beləliklə, istinad edilən müqavilələrdən, kassa mədaxil orderlərindən və maliyyə arayışlarından göründüyü kimi iddiaçı "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış “Müştərək fəaliyyət üçün razılaşdırma” müqaviləsi əsasında "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş, "xxxx" MMMC tərəfindən tamamlama-abadlıq işləri görüldükdən sonra istismarına icazə alınmış çoxmərtəbəli yaşayış binasının 35 və 36 saylı mənzillərinin sahibidir. Məlum olduğu kimi, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binaları komplekslərinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və AR Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş 246 saylı 09 dekabr 2019-cu il tarixli icazədən görünür ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına sözügedən Fərmanın icrası qaydasında icazə verilmişdir. Eyni zamanda sözügedən Fərmanın 5-ci bəndində nəzərdə tutulmuşdur ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: (5.2) istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binaları komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə təmin etsin. Fərmanın 5, 5.2-ci bəndlərinin tələblərinə görə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki 35 və 36 saylı mənzilləri üzərində mülkiyyət hüququ isə hüquq sahibinin, yəni iddiaçının müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Odur ki, qeyd edilənlərin nəzərə alınıb ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki 140 kv.m ölçüsündə 3 otaqlı 35 saylı və 94,2 kv.m ölçüsündə 2 otaqlı 36 saylı mənzilləri üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışların verilməsinin təmin edilməsi ilə bağlı iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 1 aprel 2022-ci il tarixli məktublarında AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK ("xxxx" MMMC) göstərildiyini, ünvan 2 ünvanında yerləşən 35 və 36 saylı mənzillərə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyini. "xxxx" MTK-nın hüquqi varisinin hal-hazırda "xxxx" MMC olduğunu, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatının aparıla biləcəyini bildirərək mənzillər üzərində iddiaçının mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 35 və 36 saylı mənzilləri üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, həmin çoxmərtəbəli yaşayış binasının hər bir yaşayış və qeyri-yaşayış sahəsinə dair bütün müqavilələr vətəndaşlarla "xxxx" MMC arasında bağlanmışdır, binanın hər hansı yaşayış və qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə bağlanmış hər hansı müqavilə yoxdur, olmamışdır. O cümlədən iddiaçının mənzillərə dair “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 22 noyabr 2010-cu il tarixli 32 saylı və 08 dekabr 2010-cu il tarixli 38 saylı müqavilələr də iddiaçı ilə "xxxx" MMC arasında bağlanmışdır və həmin mənzillərə dair hər hansı başqa şəxslər arasında, yaxud "xxxx" MTK ilə hər hansı başqa şəxs arasında, yaxud "xxxx" MMC ilə hər hansı başqa şəxs arasında hər hansı müqavilə bağlanmamışdır, yoxdur. "xxxx" MTK sözügedən binanı inşa etməmişdir və hətta həmin bina inşa edilib tamamlandıqdan sonra binanın təhvil verilməsində, istismarına icazə alınmasında hər hansı formada iştirak belə etməmişdir. Bina yuxarıda da qeyd edildiyi kimi bina sakinlərinin təsis etdikləri "xxxx" MMMC tərəfindən aidiyyəti dövlət qurumlarına aidiyyəti sənədlər təqdim edildikdən sonra “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası qaydasında təhvil verilmiş və istismarına icazə alınmışdır. Sadəcə Nəsimi rayonu, 28 may küçəsi. 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0.673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli. zirzəmili, 17+ mansarda mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsinə dair Bakı ŞİH başçısının 12 oktyabr 2004cü il tarixli sərəncamı "xxxx" MTK-nın adına verildiyindən, bu səbəbdən də binanın inşaat pasportu və digər tikinti və layihələndirmə sənədləri "xxxx" MTK-nın adına olduğundan binanın istismarına icazə sənədində də müvafiq olaraq "xxxx" MTK-nın adı qeyd edilmişdir. Lakin bina faktiki olaraq bina sakinlərinin təsis etdikləri "xxxx" MMMC tərəfindən təhvil verildiyindən, icazə sənədində haqlı olaraq "xxxx" MMMC-nin adı da qeyd edilmişdir. Binanın "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Çünki binanın bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMC ilə sakinlər arasında bağlanmış müqavilələr əsasında sakinlərin ödədikləri vəsait hesabına "xxxx" MMC tərəfindən inşa edilərək sakinlərə verilmişdir. Digər tərəfdən, AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayş sahəsinə mülkiyyət hüququ əldə edir. Təsadüfi deyildir ki, Bakı İnzibati məhkəməsinin 2-1(112)-7440/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının mənzilləri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmamış və həmin qərardadla iddiaçıya qanunvericiliklə mənzil-tikinti kooperativinin deyil, onun üzvlərinin pay haqqını tam ödəməsi ilə onların yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiklərinin nəzərdə tutulduğu izah edilmişdir. Bundan sonra "xxxx" MTK təşkilatı hüquqi forması dəyişdirilərək MMC olmuşdur. Lakin yaranmış vəziyyətdə binanın mənzillərinin üzərində "xxxx" MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da mümkün deyildir. Çünki, binanın hər bir yaşayış və qeyri-yaşayış sahəsinə dair hər bir yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr vardır və həmin müqavilələr hazırda qüvvədədir. Digər tərəfdən, binanın mənzillərinə görə "xxxx" MTK-nın hüquqi varisi "xxxx" MMC ilə notarial qaydada təsdiq olunacaq yeni müqavilələrin bağlanması da mümkün deyildir. Çünki, bu baş verərsə, əvvəla mənzili binanın podratçısı "xxxx" MMC-dən əvəzli olaraq almış mənzil sahibi eyni, yəni öz mənzilini "xxxx" MMC-dən yenidən və təkrar olaraq əvəzini ödəməklə, lakin bu dəfə "xxxx" MMC-yə deyil. "xxxx" MMC-yə ödəməklə əldə etməlidir ki, bu da mənzil sahibinə olduqca böyük zərərin vurulması, "xxxx" MMC-nin isə əsassız varlanması ilə nəticələ bilər ki, bu da qanunsuz olar. Digər tərəfdən iddiaçının mənzillərinə dair mövcud olan yeganə müqavilələr onunla "xxxx" MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 22 noyabr 2010-cu il tarixli 32 saylı və 08 dekabr 2010-cu il tarixli 38 saylı müqavilələrdir ki, həmin müqavilələr qüvvədədir, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən heç vaxt mübahisələndirilməmişdir, hər hansı məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir, hər hansı formada ləğv edilməmişdir. Məhz həmin müqavilələr əsasında mənzillərin 100% dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və məhz həmin müqavilələr əsasında mənzillər hal-hazırda da onun (iddiaçının) sahibliyində və istifadəsindədir. Göstərilənlərə əsaslanaraq və İPM-nin 33, 34cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki 3 otaqlı 35 saylı mənzili və həmin yaşayış binasının 11-ci mərtəbəsindəki 2 otaqlı 36 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə ünvanlanmış 16 avqust 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bidirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 23 dekabr 2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. ünvan 1 ünvanında yerləşən 35 və 36 saylı mənzillərə dair iddiaçının müraciətinə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. "xxxx" MTK-nın hüquqi varisi hal-hazırda "xxxx" MMC olduğundan, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatı aparıla bilər. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********80 və **********81 saylı 1 aprel 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzillərin sənəd üzrə sahələri 140 kv.m olsa da, faktiki sahələri 133,9 kv.m-dir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X6 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6, 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 82-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 22 noyabr 2010-cu il tarixdə 32 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Xİ mərtəbəsində 3 otaqlı, 35 nömrəli, 140 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı "xxxx" MMC-dən 22 noyabr 2010-cu il tarixli 32 nömrəli müqavilə ilə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Xİ mərtəbəsində yerləşən 140 kv.m sahəsi olan 35 saylı mənzilə görə müəssisəyə 126.000 manat pul ödəmişdir. İddiaçı 22 noyabr 2010-cu il tarixli müqavilə üzrə borcu qalmamışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 08 dekabr 2010-cu il tarixdə 38 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Xİ mərtəbəsində 2 otaqlı, 36 nömrəli, 94,2 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı "xxxx" MMC-dən 08 dekabr 2010-cu il tarixli 38 nömrəli müqavilə ilə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Xİ mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 36 saylı mənzilə görə müəssisəyə 94.200 manat pul ödəmişdir. İddiaçı 08 dekabr 2010-cu il tarixli 38 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi yoxlanılan – “Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşənə qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəssinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8022 kv.m, qeyri-yaşayış sahəsi 2220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-dan tinikinti sahəsindəki yaşayış və qeyriyaşayış sahəsinin satışından əldə etditi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin” – hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmişdir. Qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmış, mübahisə predmeti barəsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslə X4, X9 və X2 apellyasiya şikayətləri qismən təmin edilmişdir. İşin məhkəmə araşdırılması ilə işdə iştirak edən şəxslərin iddia ilə bağlı mövqeləri aşağıdakı kimidir. İddiaçı mövqeyi – mənzilə dair "xxxx" MMC ilə bağlanmış müqavilə mövcud olduğu və həmin müqavilə üzrə borcun olmaması barədə “maliyyə arayışı” verildiyi halda, mənzil onun mülkiyyəti sayılır və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması qanunsuz hərəkətdir. Cavabdehin mövqeyi – iddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir, vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Ona görə də iddia əsassızdır. Məhkəmə vurğulayır ki, mübahisənin obyekti olan mənzillərin ölçüsü işin mübahisəli hallarına aid deyil. Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) AR Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və AR Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə “iddianın mümkünlüyü” ilə bağlı qeyd edir ki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Cavabdeh tərəf də daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli orqan kimi çıxış edir. Qaldırılan iddia növünə görə “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur. Həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar da mövcud deyil. Odur ki, iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakılar qənaətlərini diqqətə çəkir: 1) Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Bu səbəbdən “tikinti obyektinin istismarına icazənin verilməsi” sənədində həmin xüsusat inzibati orqanın imtinası üzrə əsas kimi formal xarakterlidir; 3) "xxxx" MMC ilə İddiaçı arasında “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 8 dekabr 2010-cu il tarixli 38 saylı və 22 noyabr 2010-cu il tarixdə 32 saylı müqavilələr hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir; 4) İddiaçı 22 noyabr 2010-cu il tarixli 32 saylı və 8 dekabr 2010-cu il tarixli 38 saylı müqavilələr üzrə müvafiq mənzillərin dəyərini tam şəkildə ödədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən onlara mülkiyyət hüququ əldə etmişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı mənzillərə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının Xİ mərtəbəsindəki 3 otaqlı 35 saylı və 2 otaqlı 36 saylı mənzillərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının Xİ mərtəbəsindəki 3 otaqlı 35 saylı və 2 otaqlı 36 saylı mənzillərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8370/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8370/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver