Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8373/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə iddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X7 13 aprel 2006-cı il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinə müraciət edərək, bələdiyyə ərazisində İİİ yaşayış massivinndə yerləşən 600 kv.m ölçüdə torpaq sahəsindən üzun müddət istifadə etdiyini bildirmiş və torpaq sahəsinin ona adına rəsmiləşdirilməsini xahiş etmişdir. Səbail rayonu Badamdar bələdiyyəsinin 30 may 2006-cı il tarixli 72 nömrəli qərarına əsasən İddiaçı ərizəsi nəzərə alınaraq, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin dəyəri Badamdar bələdiyyəsinin hesabına ödənilməklə sahənin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Nəticədə torpaqların alqı-satqısına dair 30 may 2006-cı il tarixli qərar qəbul olunmuşdur. İddiaçı həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın alınması üçün cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 67, 78ci maddələrinə, Mülki Məcəllənin 139, 139-1-ci maddələrinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəalarına, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 11, 12-ci maddələrinə, İPM-in 2, 68, 69-cu maaddələrinı əsaslanaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı haqqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üəzrinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 4 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 4 aprel 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Torpaq sahəsinə dair alqı-satqı aktı DTXK (ləğv edilmiş) tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən koordinatları verilmiş sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Həmçinin, torpaq sahəsinə dair yerləşmə cizgisi ilə uyğunsuzluq var. Göstərilən torpaq sahəsinə keçid yolu olmadığından, qonşu torpaq sahələri arasında bölgü sxeminin təqdim olunması məqsədəmüvafiqdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********15 saylı 22 aprel 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4.0.1, 6.5-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı Qaydaları»na əsaslanaraq və İPM-in 48.2-ci maddəsinin tələbləri rəhbər tutularaq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 30 may 2006-cı il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində 600 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə 72 nömrəli qərar qəbul etmişdir. Həmin torpaq sahəsinin cizgisi Badamdar bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, 30 may 2006-cı il tarixdə Səbail rayonu Badamdar bələdiyyəsinin ərazisində yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı həmin bələdiyyə ilə İddiaçı arasında “Torpaqların alqı-satqı aktı” tərtib olunmuşdur. İş materiallarında olan DSB/1 seriyalı 236002 nömrəli “kassa mədaxil orderinin qəbzi”nin surətindən görünür ki, 30 may 2006-cı il tarixdə İddiaçı tərəfindən Səbail rayonu Badamdar bələdiyyəsinin hesabına “torpaq sahəsi” ilə bağlı 2.496 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsinə ünvanlanmış 22 aprel 2022-ci il tarixli məktubunda «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı Qaydaları»nın müddəalarına istinad olunmuş və aşağıdakılar bildirilmişdir: - Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 4 aprel 2022ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Torpaq sahəsinə dair alqı-satqı aktı (ləğv edilmiş) DTXK tərəfindən təsdiq edilməmişdir və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən koordinatları verilmiş sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Qeyd edilən torpaq sahəsinin koordinatları ləğv edilmiş DTXK tərəfindən digər şəxslərin adına verilən JN şəhadətnamələrin baza məlumatı ilə üst-üstə düşür, həmçinin torpaq sahəsinə dair yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir. Göstərilən torpaq sahəsinin keçid yolu olmadığından, qonşu torpaq sahələri arasında bölgü sxeminin təqdim olunması məqsədəmüvafiqdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 09/3- 98 nömrəli 8 iyun 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Badamdar bələdiyyəsinin 30 may 2006-cı il tarixli 72 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. İş materiallarından görünür ki, X1 Mafisəd İltizam oğlunun mülkiyyətinə ayrılmış Bakı şəhəri, badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə və özəlləşdirildikdən sonra satılmasına etiraz etməməsi (razılıq verməsi) barədə notarial qaydada ərizə imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 15 iyul 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı barəsində Səbail rayonu Badamdar bələdiyyəsi tərəfindən qəbul edilmiş 30 may 2006-cı il tarixli 72 nömrəli qərara əsasən torpaq sahəsinin ayrılması ilə əlaqədar rəyin alınması ilə bağlı Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilibedilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsi barədə məlumatın (müvafiq təsdiqedici sənədlərlə) təqdim edilməsi ilə bağı məhkəmənin 4 may 2022-ci il tarixli sorğusuna baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 29 iyul 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi və sözügedən torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahəsinə dair məlumat və sənədlərin surətlərinin təqdim edilməsi barədə məhkəmənin müraciətinə İdarədə baxılmışdır. X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin qeydiyyatdan keşməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Ümumi ərazidə yerləşən şəhadətnamələr plan üzrə qeydiyyata alınmadığı üçün torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən X5 adına verilmiş JN-8440D nömrəli 01 oktyabr 2003-cü il tarixli, X9 və ailə üzvlərinin adına verilmiş JN-12141D nömrəli 7 iyun 2004-cü il tarixli şəhadətnamələrdə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmə vəziyyəti yaranır. İş materiallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin müraciəti əsasında 23 avqust 2022-ci il tarixli məktubla göndərilmiş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: - İddia olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi mişar daşı ilə hasarlı, qapalı ərazidir. Sahənin giriş-çıxışı cənub tərəfdən (iddiaçının ailə üzvlərinə məxsus) digər torpaq sahəsindəndir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ilə bağlı digər şəxsin müraciəti İdarəyə daxil olmamışdır. Sahənin hər hansı bir torpaq sahəsi ilə üst-üstə düşmə halı qeydə alınmamışdır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 31 avqust 2022-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İdarənin Yerquruluşu üzrə mütəxəssisinin rəyinə əsasən bildirilir ki, iddia olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi mişar daşı ilə hasarlı, qapalı ərazidir. Sahənin giriş-çıxışı cənub tərəfdən (iddiaçının ailə üzvlərinə məxsus) digər torpaq sahəsindəndir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ilə bağlı digər şəxsin müraciəti İdarəyə daxil olmamışdır. Sahənin hər hansı bir torpaq sahəsi ilə üst-üstə düşmə halı qeydə alınmamışdır. İnzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Qüvvədə olan qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 30 may 2006-cı il tarixli 72 nömrəli qərarını təqdim etmişdir, Bələdiyyənin həmin qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 30 may 2006-cı il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Səbail bələdiyyəsinin 10 avqust 2004-cü il tarixli 142 nömrəli qərarı (sərəncamı) mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Yuxarıdakıları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 30 may 2006-cı il tarixli 72 nömrəli qərarı üzrə icraatda İddiaçı ayrılan torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı təqdim edilməməsi, eləcə də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin alınmaması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edirlər. Odur ki, məhkəmənin qənaətinə görə müvafiq “alqı-satqı aktının təsdiqlənməməsi” və “rəyin alınmaması” Badamdar bələdiyyəsinin hüquqi cəhətdən etibarlı qiymətləndirilən 30 may 2006-cı il tarixli 72 nömrəli qərarının mötəbərliyinə təsirsizdir və iddiaçının həmin qərar əsasında yaranmış hüququnun qeydiyyata alınmasından imtinaya əsas vermir. Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası üçün təqdim etdiyi digər dəlillərə (torpaq sahəsinin başqa şəxsə məxsus sahə ilə üst-sütə düşməsi və giriş-çıxış üçün keçid imkanının olmaması) gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdehin özünün müvafiq sahədə fəaliyyət göstərən qurum kimi rəyi ilə iddiaçının iddia etdiyi Badamdar qəsəbəsi, İİİ yaşayış massivindəki 600 kv.m torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi təkzib olunur. Eləcə də, iddia olunan torpaq sahəsinin giriş-çıxışı üçün ərtafdakı sahədən, hansı ki, sahə iddiaçının ailə üzvlərinə məxsusdur, mümkünlüyü mütəxəssis rəyində əks olunmuşdur. Məhkəmə icraatında alınmış “mütəxəssis rəyi”nin mötəbər sayılmaması ilə bağlı hər hansı xüsusat müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 30 may 2006-cı il tarixli 72 nömrəli qərarı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının ona mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası formal mülahizələrə istinad olunan sayılmaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üəzrinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üəzrinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8373/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8373/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver