Məhkəmə qərarları › İş №2-1(112)-8375/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8375/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8375/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 mart 2024-cü il tarixli sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 5 mart 2024-cü il tarixində o, Azərbaycan Respublikasının Ədliyyə Nazirinə rəsmi sorğu göndərmişdir. 5 mart 2024-cü il tarixində saat 12:19-da məktub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə daxil olmuşdur və ona məlum olmayan səbəbdən 06 mart 2024-cü il tarixində sorğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilmişdir. İddiaçı bu məlumatı 28 mart 2024-cü il tarixində zəng edib öyrənmişdir. 02 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən poçt vasitəsi ilə iddiaçıya cavab gəmiş və cavabda göstərilmişdir ki, Penitensiar Xidmətin binasında aparılan təmir işləri bütün hüquqi prinsiplərlə həyata keçirilmişdir və təhlükəsizlik tədbirlərinə əməl edilmişdir. Cavabdeh iddiaya yazılı müraciətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər iclasda iştirak təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan “Lider.Com.Az” X1 Azərbaycan Respyblikasının Ədliyyə nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğusundan görünür ki, 2023-cü ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında aparılmış təmir işləri ilə bağlı mediaya məlumat verilməsi xahiş edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının Ədliyyə Nazirliyinə ünvanlanan müraciətinə baxılmış və qeyd olunmuşdur ki, Penitensiar xidmətin Baş idarəsində təmir-abadlıq işləri qanuni əsaslarla, təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilir. Göründüyü kimi, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin müraciəti aidiyyəti orqan olan Penitensiar Xidmətə ünvanlamış və həmin qurum tərəfindən iddiaçının sorğusuna müvafiq cavab verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı onun sorğusunun cavablandırıldığını qəbul etmiş, lakin həmin cavab məktubunu onun sorğusunun tam cavablandırılması kimi qəbul etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən məlumat verilməsini xahiş etmiş, konkret hansı məsələ ilə bağlı məlumat almaq istədiyini bildirməmiş, aidiyyəti qurum isə həmin müraciəti cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı müraciətinə cavab verilmədiyini iddia etsə də, işdən görünür ki, onun müraciəti cavablandırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar