Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8379/2025 13.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********596200 nömrəli, xx.xx.2024-cü il tarixli **********06 nömrəli, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********6 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətlərin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********496700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********06 nömrəli və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********6 nömrəli qərarlarının ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-ci il tarixdə vergi ödəyicisi kimi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “geniş çeşidli malların topdan satışı üzrə agentlik fəaliyyəti”dir. Partnyorları ilə bağlanılan agent müqavilələrinə əsasən, partnyorların məhsullarının xaricə satılması üzrə agent xidmətləri göstərir. Yəni göstərdiyi fəaliyyət qeyri-neft sektoru üzrə yerli müəssisələrin istehsal məhsullarına xarici ölkədə müştəri tapmaqdır. Xarici şirkətlər birbaşa istehsalçı yerli müəssisə ilə müqavilə bağlayır və məhsulların satışı həyata keçirilir. İddiaçı isə yerli müəssisələrlə göstərdiyi agent xidmətinə görə müqavilə bağlayaraq satılan hər məhsula görə müəyyən miqdarda komisyon haqq alır. Göstərilən xidmətlərə görə əldə olunan komisyon haqq təqdim edilən elektron-qaimə fakturalarda öz əksini tapmışdır. Yəni dəfələrlə vergi orqanına müraciətlərində qeyd etdiyi kimi iddiaçı mal alışı və satışı ilə məşğul olmur, malların satışı üçün istehsalçıya müştəri tapır və istehsalçı istehsal etdiyi məhsulu həmin müştəriyə satır. İddiaçı isə müştəri tapdığı üçün istehsalçıdan müvafiq komisyon haqq alır. Məsələn, yerli A müəssisəsi alma konsentratı istehsalı və satışı ilə məşğuldur. A müəssisəsi məhsullarının satışını artırmaq və xaricdə müştəri tapmaq istəyir. İddiaçı müştərilərin tapılması üçün xidmət göstərir. "X" şirkəti qeyri-rezidentdir, yəni xarici şirkətdir və alma konsentratı məhsulunun alışı ilə məşğul olur. İddiaçı yerli istehsalçı A müəssisəsinə xarici X şirkətini tapıb təqdim edir ki, məhsullarını "X" şirkətinə təqdim etsinlər. Bu xidməti göstərdiyinə görə, yerli A müəssisəsi ilə agent müqaviləsi bağlayır və satılan məhsulların miqdarına uyğun olaraq xidmətə görə komisyon haqq alır. Məhsulun birbaşa satışını isə A müəssisəsi həyata keçirir. Məhsul satışı zamanı A müəssisəsi ilə X şirkəti öz aralarında müqavilə bağlayır və məhsullar birbaşa X müəssisəsinə satılır. Nəticə etibarilə iddiaçı yerli A müəssisəsindən əldə etdiyi komisyon haqqa görə vergi öhdəliklərini yerinə yetirir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üçün gəlir vergisinə hesablanmış kameral vergi yoxlaması keçirilmişdir. Qeyd edilir ki, iddiaçı göstərdiyi fəaliyyətə uyğun olaraq 2023-cü ildə qarşı tərəflərə göstərdiyi xidmətlərə görə müvafiq elektron qaimə-fakturalar təqdim etmiş və təqdim edilmiş elektron-qaimə fakturalar əsasında xidmətin dəyəri bank hesabına ödənilmişdir. İddiaçı Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən, gəlirlərinin və xərclərinin uçotunu aparmaqla, həmçinin illik gəliri 200 000 manatı keçmədiyinə görə, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsini əsas götürərək mikrosahibkarlıq subyektinə uyğun gəldiyindən 75 faiz güzəşt hüququndan istifadə etməklə vergilərini hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin kameral vergi yoxlaması nəticəsində barəsində əsassız olaraq əlavə vergi məbləği hesablanmışdır. Bundan sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli **********6 nömrəli Qərarı qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində cəmi 218.2 min manat məbləğində təqdim edilmiş qaimə fakturalar üzrə qatılaşdırılmış alma şirəsi, kompot satışı qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında və satışında həmin mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin qeydiyyata alınmadığı müəyyən edilmişdir. Ona görə də, iddiaçı riskli vergi ödəyicisi kimi vergi orqanı tərəfindən qiymətləndirilmişdir. Halbuki, vergi orqanına ünvanlanan çoxsaylı müraciətlərindən və təqdim etdiyi agent müqavilələrindən də görünür ki, fəaliyyəti mal alqı-satqısı ilə bağlı ilə deyil, alqı-satqıda agent kimi fəaliyyət göstərməkdən ibarətdir və bunun müqabilində satılan mallara əsasən komisyon haqq almaqdır. Buna görə də, sübut vasitəsi olaraq vergi orqanına müəyyən şirkətlərlə bağlanan müqavilə və eyni zamanda təhvil-təslim aktları göndərmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.6-cı və 37.3-cü maddələrinin tələblərini əsas götürərək, vergi orqanı tərəfindən tələb olunan sənədləri və məlumatları vergi orqanına təqdim etmək vəzifəsini yerinə yetirərək tərəfindən həyata keçirilmiş 2023-cü il üzrə əməliyyatlara dair müqavilələr, təhvil təslim aktları və digər sənədlər, o cümlədən tələb olunan dəqiqləşdirilmiş hesabat vergi orqanına təqdim edilmişdir. Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqlarını əsas götürərək məsələyə yenidən baxılmasını və kameral vergi hesablanmasına dair qərarın ləğv olunmasını tələb edərək hesablanmış əlavə vergi məbləğinin azaldılması ilə bağlı Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli şikayət ünvanlamışdır. Həmin şikayətinə baxılması nəticəsində 16 avqust 2024-cü il tarixli **********496700 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul olunmuşdur. Aparılan araşdırma ərzində tələb olunan bütün sənəd, hesablama cədvəlləri və etiraz məktubunda etiraza dair izahlar iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq, vergi orqanı qeyd edilən məsələlər üzrə dəlillər və təsdiqedici sənədləri nəzərə almamış və kameral vergi yoxlamasını yuxarıda qeyd edilən Qərarı ilə razılaşmışdır. Ona görə də, məcbur qalıb qeyd olunan hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına şikayət ünvanlayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasının qərarının ləğv edilməsini xahiş etmiş və keçirilən Şuranın iclasında şəxsən iştirak etmişdir. Apellyasiya Şurasının 24 yanvar 2025-ci il tarixli 8 nömrəli Qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir və ona görə də, məcbur qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Apellyasiya Şurasının 24 yanvar 2025-ci il tarixli 8 nömrəli Qərarı 05 fevral 2025-ci il tarixli müşayiət məktubu ilə iddiaçıya göndərilmiş, 07 fevral 2025-ci il tarixdə həmin məktub ona çatmışdır. İnzibati orqana göndərdiyi çoxsaylı məktub və şikayətlərin məzmunundan, eyni zamanda həm iddia ərizəsinə əlavə etdiyi agent müqavilələrindən, təhvil-təslim aktlarından və e-qaimələrdən də görünür ki, iddiaçı nə mal almış, nə mal satmışdır, fəaliyyəti yalnız müəyyən şirkətlərə onların məhsulunu satması üçün müştəri tapmaqdan ibarət olub və bunun müqabilində komisyon haqq almışdır. O, mal-alqı satqısı ilə məşğul olmadığından, yalnız agent xidməti göstərdiyindən təsərrüfat obyekti də olmayıb ki, onu qeydiyyatdan keçirsin. Lakin vergi orqanı bu izahatlarını və təqdim etdiyi sənədləri görməzdən gələrək ona artıq gəlir vergisi hesablamış və riskli vergi ödəyicisi kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən, iddiaçı xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “geniş çeşidli malların topdan satışı üzrə agentlik fəaliyyəti” olmuş, ünvan 1 ünvanında yerləşən “Avtoyuma” adlı təsərrüfat subyekti (obyekti) vergi orqanında xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Mübahisələndirilən qərarlar barədə məlumat xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-131206/2024 nömrəli qərar üzrə Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində 167.212,00 manat dəyərində mal təqdim edilməsi, lakin həmin malların alış sənədinin olmaması, gəlir və xərclərinin uçotunun aparılmadığı halda, 75 faiz güzəşt hüququnun istifadə edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Belə ki, bəyannamə üzrə 2290,47 manat xərc göstərilmiş (o cümlədən 1 236,34 manat malların təqdim edilməsi üzrə xərclər, 700,35 manar xammal və material xərci, 535,9 manat bank xidməti üzrə xərclər, 1 054,13 manat gəlirdən çıxılan vergi və ödəmələr), 164 921,53 manat (167.212 – 2290,47) vergiyə cəlb olunan gəlir hesablanmış, həmin gəlirdən 75% güzəşt çıxılmaqla (164.921,53 x75%), 41.230,38 manat gəlirdən 8246,08 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə iddiaçıya Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən xx.xx.2024-cü il tarixli **********596200 nömrəli qərarla 2023-cü il üçün 24.738,23 manat gəlir vergisi hesablanmışdır. Həmin qərardan iddiaçının vermiş olduğu şikayətlər Dövlət Vergi Xidmətinin və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının müvafiq qərarları ilə təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı 2023-cü il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannamənin təqdim edərək, əvvəlki hesabatda göstərilənləri təkrarlamışdır. Həmin bəyannamə üzrə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131206/2024 nömrəli qərar qəbul edilməklə 24.738,23 manat gəlir vergisi yenidən hesablanmış və bu zaman əvvəlki xx.xx.2024-cü il tarixli, **********596200 nömrəli qərar ləğv edilmişdır. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3 /2-20786/2024 nömrəli qərar üzrə Vergi orqanında aparılan araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş qaimə fakturalar üzrə cəmi 218,2 min manat dəyərində qatılaşdırılmış alma şirəsi və kompot satılmışdır. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı belə məhsul da istehsal etməmiş, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən "X4" MMC-yə (VÖEN **********) ümumilikdə 14.212 manat dəyərində 167200 litr kampot şirəsi, "X6" MMC-yə (VÖEN **********) ümumilikdə 34.000 manat məbləğində 200 ton alma konsentratı, "X7" MMC-yə ümumilikdə 170 000 manat məbləğində 1000 ton qatılaşdırılmış alma şirəsi satılmışdır. Göstərilən malların bir neçə min tondan və bir neçə yüz min litrdən ibarət olduğunu nəzərə alsaq, onların nəqliyyat vasitəsi olmadan daşınması, işçi qüvvəsi olmadan yüklənməsi və boşaldılması, təsərrüfat subyekti olmadan saxlanması qeyrimümkündür. Qeyd edilən məsələlər ilə bağlı araşdırmanın aparılması, eyni zamanda əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin (tələb olunan sənədlər bildirişdə ətraflı qeyd olunub) lazımi qaydada təsdiq edilmiş surətinin 5 (beş) iş günü ərzində təqdim edilməsi üçün İddiaçı “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Həmin bildiriş ilə tələb olunan sənədlər və məlumatlar qeyd olunan müddətdə təqdim edilmədikdə aparılmış əmtəəsiz və riskli əməliyyatlara görə müvafiq qərarın qəbul ediləcəyi, eyni zamanda riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8.1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9- 1.2-ci, 87.3.1-ci, 89.3-cü, 109.9-cü, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlərin nəzərdə tutulduğu barədə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********154100 nömrəli qərar ilə İddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və qərar elektron üsulla iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən vergi orqanına ünvanlanan müraciətlərdən və təqdim edilən sənədlərdən də bildirilmişdir ki, fəaliyyəti mal alqısı-satqısı ilə bağlı deyil, alqı-satqıda agent kimi fəaliyyət göstərməkdən ibarətdir və bunun müqabilində satılan mallara görə komissyon haqqı almaqdır. Hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi üçün Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına göndərdiyi şikayətlər təmin edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində 167 212,00 manat dəyərində malın təqdim edilməsini göstərdiyi halda, həmin malların alış, idxal və iddiaçı tərəfindən istehsal edilməsi ilə bağlı sənədləri, malların daşınması və saxlanması üçün işçi qüvvəsi, nəqliyyat vasitəsi və təsərrüfat subyekti mövcud olmamışdır. İddiaçının Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına vermiş olduğu inzibati şikayətlərin iddiaçının iştirakı ilə araşdırılması zamanı aşağıdakı faktlar müəyyən edilmişdir: İddiaçı verdiyi izahatında "X6" MMC (VÖEN **********), "X4" MMC (VÖEN **********), "X7" MMC (VÖEN **********) ilə agent müqavilələrinin bağlanıldığını, qeyd olunan zavodlar tərəfindən istehsal edilən məhsulların MDB bazarında satılması üçün vasitəçilik xidmətinin göstərildiyini, eyni zamanda məhkəməyə təqdim etdiyi iddia ərizəsində də bağlanmış müqavilələrinə əsasən qeyd olunan müəssisələrin məhsullarının xaricə satılması üzrə agent xidmətlərinin göstərdiyini qeyd etmişdir. Araşdırma zamanı iddiaçının 2023-cü il ərzində yuxarıda qeyd olunan müəssisələrə 167 612 manat məbləğində “alma konsentrantı satışı xidməti (agentlik), kompot satışı (agent xidməti), agent qaydasında qatılaşdırılmış alma şirəsi” adlı e-qaimə fakturalar təqdim etdiyi, bank hesablarına həmin müəssisələrdən pul vəsaiti daxil olduğu müəyyən edilmişdir. Lakin fərdi sahibkarın alışında, idxalında, istehsalında həmin mallar müəyyən edilməmiş, təsərrüfat subyekti mövcud olmamışdır. Eyni zamanda İddiaçı "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri və təsisçisi olduğu müəyyən edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin 2023-cü il ərzində "X7" MMC-yə və "xxxx" ASC-yə 136 000 manat məbləğində, "xxxx" MMC-nin isə "X6" MMC-yə və "X7" MMC-yə 187 000 manat məbləğində “malların satılması üzrə agentlik xidməti” ilə bağlı elektron qaimə fakturalar təqdim etdiyi, güzəşt hüququndan istifadə etmək üçün vergidən yayınma sxeminin qurulduğu müəyyən edilmişdir. Göründüyü kimi, əvvəlcə iddiaçının direktor və təsisçisi olduğu müəssisələr eyni malı “X7", “X6" MMC-lərə və "xxxx" ASC-yə agentlik xidməti üzrə satmış, sonra isə həmin malları fərdi sahibkar olaraq bu müəssisələrdən agent kimi alaraq, MDB bazarında satılması üçün vasitəçilik xidməti göstərmişdir. Nəticədə isə, yuxarıda qeyd olunduğu kimi, real dövriyyə 75% güzəşt hüququ əldə edilməsi məqsədilə, vergidən yayındırılmış və yuxarıda göstərilən müəssisələr arasında paylaşdırılmışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi bütün qaimələr agent xidməti ilə bağlı olmamış və bir sıra satış qaimələri üzrə bilavasitə iddiaçının adından təqdim etmə olmuşdur. Belə ki, "X7" MMC-yə xx.xx.2023-cü il tarixli EBDF seriyalı 647035 nömrəli elektron qaimə faktura ilə 34 000 manat dəyərində (ƏDVsiz) 200 ton, xx.xx.2023-cü il tarixli EBDS seriyalı 737947 nömrəli elektron qaimə faktura ilə 85 000 manat dəyərində (ƏDV-siz) 500 ton və xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 373925 nömrəli electron qaimə faktura ilə 51 000 manat dəyərində (ƏDV-siz) 300 ton qatılaşdırılmış alma şirəsi təqdim etmişdir. Bundan əlavə, İddiaçı təsisçisi olduğu "xxxx" MMC tərəfindən "X7" MMC-yə xx.xx.2023-cü il tarixli EBCO seriyalı 722767 nömrəli elektron qaimə faktura ilə 34 000 manat dəyərində (ƏDV-siz) 200 ton, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 723767 nömrəli elektron qaimə faktura ilə 17 000 manat dəyərində (ƏDV-siz) 100 ton, xx.xx.2023- cü il tarixli EBDB seriyalı 534133 nömrəli elektron qaimə faktura ilə 17 000 manat dəyərində (ƏDVsiz) 100 ton və xx.xx.2023-cü il tarixli EBDD seriyalı 821111 nömrəli elektron qaimə faktura ilə 34 000 manat dəyərində (ƏDV-siz) 200 ton qatılaşdırılmış alma şirəsi təqdim etmişdir. Lakin həmin mallar "xxxx" MMC-nin alışında (alış aktı da nəzərə alınmaqla), idxalında və istehsalında olmamışdır. Eyni zamanda Cəmiyyətin işçisi olmamış, yalnız İddiaçı baş direktor olmuş və uçot baza məlumatlarına əsasən hazırkı baş direktoru X2r. "xxxx" ASC-yə isə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 81770 nömrəli elektron qaimə faktura ilə 34 000 manat dəyərində (ƏDV-siz) 100 ton qatılaşdırılmış alma şirəsinin satışı üzrə agentlik xidməti göstərmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı təsisçisi olduğu digər müəssisə, yəni "xxxx" MMC tərəfindən "X6" MMCyə xx.xx.2023-cü il tarixli EBDV seriyalı 837043 nömrəli elektron qaimə faktura ilə 57 800 manat dəyərində (ƏDV-siz) 340 ton, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 79029 nömrəli elektron qaimə faktura ilə 37 400 manat dəyərində (ƏDV-siz) 220 ton, və xx.xx.2023-cü il tarixli EBDT seriyalı 503091 nömrəli elektron qaimə faktura ilə 40 800 manat dəyərində (ƏDV-siz) 240 ton alma şirəsi üzrə agentlik xidməti göstərilmişdir. Həmin cəmiyyətin işçisi olmamış, yalnız İddiaçı rəhbər olmuşdur. "X7" MMC-yə isə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 79569 nömrəli elektron qaimə faktura ilə 17 000 manat dəyərində (ƏDV-siz) 100 ton alma şirəsinin satışı üzrə agentlik xidməti göstərilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilmişdir. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-131206/2024 nömrəli qərara əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 24.738,23 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən, 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi araşdırılarkən iddiaçı tərəfindən 167212 manat dəyərində mal təqdim edilməsi, lakin həmin malların alış sənədinin olmaması müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrində dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. -“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-20786/2024 nömrəli qərarına əsasən, vergi ödəyicisi İddiaçı AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1,1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -“X4” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “X4” MMC fiziki şəxs İddiaçı ilə müəssisənin məhsullarına xarici bazarlarda müştərilərin tapılması və həmin müştərilərə müəssisə tərəfindən birbaşa məhsulların satışı ilə bağlı agent xidməti müqaviləsi bağlamışdır. Qeyd olunan agent xidməti müqabilində iddiaçının müştərisinə satdığı məhsullara görə, MMC tərəfindən müvafiq komisyon haqqı ödənilmişdir. Sorğulanmış müqavilə, qaimələr və təhvil-təslim aktları məktuba əlavə olunmuşdur. Həmin məktuba əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli, T/2022 nömrəli agent müqaviləsinə əsasən, İddiaçı (Agent) “X4” MMC-nin (prinsipal) malını satmaq üçün alıcı ilə prinsipalı bir-biri ilə əlaqələndirməyi və malı həmin alıcıya prinsipalın adından satmağı öz öhdəsinə götürür, prinsipal agentə onun vasitəçiliyi ilə satılmış və dəyəri ödənilmiş mallara görə, müqavilə şərtlərinə əsasən, komissiyon haqqı ödəməyi öz öhdəsinə götürür, satılacaq malların adı, miqdarı, məbləği, komissiyon haqqı və alıcıların adı prinsipal ilə agent arasında hər dəfə tərtib olunacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə müəyyənləşir. -“X6” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “X6"’ MMC F/Ş İddiaçı ilə müəssisənin məhsullarına xarici bazarlarda müştərilərin tapılması və həmin müştərilərə müəssisə tərəfindən birbaşa məhsulların satışı ilə bağlı agent xidməti müqaviləsi bağlamışdır. Qeyd olunan agent xidməti müqabilində iddiaçının müştərisinə satdığı məhsullara görə MMC tərəfindən müvafiq komisyon haqqı ödənilmişdir. Sorğulanmış müqavilə, qaimələr və təhvil-təslim aktları məktuba əlavə olunmuşdur. Həmin məktuba əlavə edilən: -xx.xx.2022-ci il tarixli, QS/2022 nömrəli agent müqaviləsinə əsasən, İddiaçı (Agent) “X6” MMC-nin (prinsipal) malını satmaq üçün alıcı ilə prinsipalı bir-biri ilə əlaqələndirməyi və malı həmin alıcıya prinsipalın adından satmağı öz öhdəsinə götürür, prinsipal agentə onun vasitəçiliyi ilə satılmış və dəyəri ödənilmiş mallara görə, müqavilə şərtlərinə əsasən, komissiyon haqqı ödəməyi öz öhdəsinə götürür, satılacaq malların adı, miqdarı, məbləği, komissiyon haqqı və alıcıların adı prinsipal ilə agent arasında hər dəfə tərtib olunacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə müəyyənləşir. -“X7” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “X7"’ MMC fiziki şəxs İddiaçı ilə müəssisənin məhsullarına xarici bazarlarda müştərilərin tapılması və həmin müştərilərə müəssisə tərəfindən birbaşa məhsulların satışı ilə bağlı agent xidməti müqaviləsi bağlamışdır. Qeyd olunan agent xidməti müqabilində iddiaçının müştərisinə satdığı məhsullara görə MMC tərəfindən müvafiq komisyon haqqı ödənilmişdir. Sorğulanmış müqavilə, qaimələr və təhvil-təslim aktları məktuba əlavə olunmuşdur. Həmin məktuba əlavə edilmiş: -xx.xx.2023-cü il tarixli agent müqaviləsinə əsasən, İddiaçı (Agent) “X7” MMC-nin (prinsipal) malını satmaq üçün alıcı ilə prinsipalı bir-biri ilə əlaqələndirməyi və malı həmin alıcıya prinsipalın adından satmağı öz öhdəsinə götürür, prinsipal agentə onun vasitəçiliyi ilə satılmış və dəyəri ödənilmiş mallara görə, müqavilə şərtlərinə əsasən, komissiyon haqqı ödəməyi öz öhdəsinə götürür, satılacaq malların adı, miqdarı, məbləği, komissiyon haqqı agent tərəfindən təqdim edilən hesab-fakturada qeyd olunacaqdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçı hazırki iddia tələbi ilə vergi orqanı tərəfindən, 2023-cü il üzrə gəlir vergisinə dair aparılmış kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarı və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarları mübahisələndirir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, fəaliyyəti mal alqı-satqısı deyil, yerli istehsalçı müəssisələrə məxsus məhsulların xarici bazarlarda satışı üçün müştəri tapmaqdan ibarət agent xidməti olmuş, əldə etdiyi gəlir yalnız komisyon haqlarından formalaşmış, malların alışını, satışını, saxlanmasını və daşınmasını həyata keçirməmişdir. Cavabdeh isə təqdim edilmiş e-qaimə fakturaların məzmununa, iri həcmli məhsulların faktiki hərəkətini təsdiq edən sənədlərin olmamasına, habelə iddiaçının əlaqəli hüquqi şəxsləri vasitəsilə dövriyyənin bölüşdürülməsinə istinad edərək, əlavə vergi hesablanmasını və iddiaçının riskli vergi ödəyicisi kimi qiymətləndirilməsini qanuni hesab edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir: Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.1. Vergi orqanları: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. -72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. -83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmçinin Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (Vergi Məcəlləsinin 96.1 və 102.1.30-cu maddələri). Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: -777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. -789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. -789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. -792.1. Ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. -792.2. Muzd müqaviləyə əsasən hesablanır. Əgər o, müqavilə ilə tənzimlənmirsə, ticarət agentinin öz təqdim etdiyi mallar və ya bunlara oxşar mallar üçün işgüzar adətlərə uyğun qəbul edilmiş muzda bərabər muzd almaq hüququ vardır. İşgüzar adətlər olmadıqda müqavilənin istənilən iştirakçısı bütün hallar nəzərə alınmaqla ağlabatan muzdun müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edə bilər. -793.1. Ticarət agentinin aşağıdakılar üçün komisyon muzdu almaq hüququ vardır: 793.1.1. ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olduğu müddət ərzində ya ticarət agentinin fəaliyyəti nəticəsində bağlanmış, ya da oxşar əqdlərin həyata keçirilməsi üçün ticarət agentinin əvvəllər müştəri kimi cəlb etdiyi şəxslər ilə bağlanmış bütün ticarət əqdləri; -794.1. Ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır. Cavabdeh vergi orqanı hesab etmişdir ki, iddiaçının təqdim etdiyi qaimələr agent xidməti ilə bağlı olmamış və bir sıra satış qaimələri üzrə bilavasitə iddiaçının adından təqdim etmə olmuşdur. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının agent fəaliyyəti göstərən şəxs olması təsdiqlənir. Belə ki, işdə olan qaimələrdən görünür ki, həmin qaimələrin təqdim edilməsi üçün agent müqavilələri əsas olmuşdur. Həmin müqavilələrinin məzmunundan aydın olur ki, iddiaçı qarşı tərəfin mallarını satmaq üçün agent xidməti göstərilməsini öhdəsinə götürmüş, yekunda isə iddiaçı göstərdiyi agent xidmətinə görə alacağı komisyon haqqı ilə bağlı qarşı tərəflərə qaimə təqdim etmişdir. Məhkəmə tərəfindən cavabdehin sözügedən qaimələrin mallarınalqı-satqısı ilə bağlı olması ilə bağlı dəlilinin araşdırılması üçün qaimələrin təqdim edildiyi “X4” MMC-yə, “X7” MMC-yə və “X6” MMC-yə sorğu göndərilərək İddiaçı tərəfindən təqdim edilmiş qaimələr əsasında həmin müəsissələr tərəfindən alınmış mal (xidmət) barədə ətraflı məlumat verməklə, bu barədə təsdiqedici sənədlərin (müqavilə, ödəniş tapşırığı, təhvil təslim aktı və s.) məhkəməyə təqdim olunması tələb edilmişdir. Həmin müəssisələrdən alınan cavab məktublarından müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı ilə müəssisənin məhsullarına xarici bazarlarda müştərilərin tapılması və həmin müştərilərə müəssisə tərəfindən birbaşa məhsulların satışı ilə bağlı agent xidməti müqaviləsi bağlamışdır. Qeyd olunan agent xidməti müqabilində iddiaçının müştərisinə satdığı məhsullara görə, MMC tərəfindən müvafiq komisyon haqqı ödənilmişdir. Sorğulanmış müqavilə, qaimələr və təhvil-təslim aktları məktuba əlavə olunmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi qaimələr cavabdeh vergi orqanının iddia etdiyi kimi, malların satılması ilə bağlı deyil, agent xidmətinin göstərilməsi ilə əlaqədar olmuşdur. Bu isə vergi orqanı tərəfindən iddiaçıya kameral vergi yoxlaması nəticəsində əlavə hesablanan gəlir vergisinin iqtisadi cəhətdən əsaslandırılmadığını, habelə vergi yoxlaması zamanı düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halların araşdırılmadığını deməyə əsas verir. Riskli vergi ödəyicisi hesab edilməsi barədə qərara gəlincə, məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Hazırkı halda iddiaçı ümumiyyətlə riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının qərarını doğru hesab etmir və onun hüquqi marağı həmin qərarın ləğv edilməsi yolu ilə riskli vergi ödəyicisi siyahısından çıxarılmasına, başqa sözlə, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına yönəldiyindən məsələyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli 486 nömrəli Qərarı ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndləri yeni redaksiyada verilmiş, 3-cü hissəsi ləğv edilmişdir) uyğun hüquqi qiymət verilməlidir. Həmin Meyarlardan: -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. İddiaçı sözügedən Meyarların 2.1.1-ci, 3.1,1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının konkret halda fəaliyyəti mal alqısı-satqısı ilə bağlı deyil, alqı-satqıda agent kimi fəaliyyət göstərməkdən ibarət olduğu müəyyən edildiyindən, burada malın alışından, istehsalından və onların saxlanılması ilə bağlı məsələdən söhbət gedə bilməz. Belə olan halda isə iddiaçının riskli vergi ödəyicisi sayılması üçün qanunvercilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********06 nömrəli və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********6 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8379/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8379/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver