Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-838/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun məxsusluğuna dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən 36 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X1 adına qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X12 xx.xx.1977-ci il tarixində vəfat edib, xx.xx.2022-ci il tarixində o atasının X5 miras qalmış Bakı şəhəri, Zirə qəsəbəsində bağ sahəsinə dair vərəsəsi kimi tanınmışdır. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı Tresti tərəfindən atası X2 10 sentyabr 1971-ci il tarixli 10537 saylı müqavilə əsasında 0,20 ha torpaq sahəsi olan 36 saylı bağ ayrılmışdır. Həmin bağ sahəsinə mülkiyyət hüquqlarını qeydə aldırmaq məqsədilə cavabdeh orqana müraciət etdi. Lakin cavabdeh mülkiyyət hüquqlarımın qeydə alınmasından imtina etdi. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir ki, Abşeron rayonu. Zirə qəsəbəsində yerləşən mərhum X3 ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı, Abşeron rayonu. Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin ərizənizə əlavə edilməsi aşkar edilməmişdir. Bundan əlavə sözügedən torpaq sahəsinin Zirə südçülük-tərəvəzçilik savxozu ərazisində yerləşməklə təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlik elektrik xəttinin 96KVT mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı: Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; Sözügedən torpaq sahəsinin Zirə südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşməklə təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması; Sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 noyabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2022-ci il tarixində verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyqun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə əsasən, dövlət obyektlərinin - daq-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsəsrrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazını bildirib, 4 saylı Abşeron Ərazi İdarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2439/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)-2439/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İdiaçının vəkili və nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə tıqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.20 ha ölçüdə 36 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri 33 saylı dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli 23 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri 33 saylı notariat ofisinə, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X12 miras qalmış Zirə qəsəbəsində yerləşən 36 nömrəli sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X12 adına çıxarış verilməsinə etiraz edilmir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-11019/2025 nömrəli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Zirə qəsəbəsi, 36 saylı bağ-torpaq sahəsinin ətrafında üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklar aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-03158/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər XDS İK-nin X7 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-03341/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər XDS İK-nin X7 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Digər tərəfdən bildirilmişdir ki, müqavilələr, o cümlədən xx.xx.1971-ci il tarixli, 10537 saylı müqavilə fərdi qaydada Dövlət Arxivinin bakı Filialında saxlanılmır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-6736 nömrəli məktubunda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, müayinə olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Zirə tərəvəzçilik- südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonu) aid edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********26 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1962-ci il tarixli Akta əsasən X7 işçiləri tərəfindən 36 nömrəli bağ evinin invertarizasiyası aparılmışdır. Bağ 10537 müqavilə nömrəsi ilə Novruzov Xələf tərəfindən icarəyə götürülmüşdür. Bağın sahəsi 0.20 ha təşkil edir. -xx.xx.1965-ci il tarixli 10537 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi” Müqaviləsinə əsasən Bakı şəhər İcraiyyə KomitəsininBağlar Təsərrüfatı Tresti Bakı şəhəri, Zirə qəsəbəsində ümumi sahəsi 0.20 ha olan 36 nömrəli bağ sahəsini X1 istifadəsinə vermişdir. -xx.xx.1971-ci il tarixli 10537 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi” Müqaviləsinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti Bakı şəhəri, Zirə qəsəbəsində ümumi sahəsi 0.20 ha olan 36 nömrəli bağ sahəsini X1 istifadəsinə vermişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-611/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı Şəhəri Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin “Bakı şəhərindəki müəssisə və təşkilatlar arasında yay kotteclərinin bölüşdürülməsi haqqında” xx.xx.1965-ci il tarixli 2 nömrəli qərarının 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1965-ci il 83 nömrəli qərarına uyğun olaraq, Azərbaycan Respublikası KP MK-nın və Balinski şəhər X9 İcraiyyə Komitəsi qərara alır: yay kotteclərinin Bakı şəhərinin Müəssisə və təşkilatları arasında bölüşdürülməsi təsdiq edilsin, bağ sahələrinin ayrıldığı təşkilat və müəssisə rəhbərlərinə, partiya və həmkarlar ittifaqı komitələri ilə birlikdə bu sahələri işçilər arasında bölüşdürməyi və bağlardan istifadə müqavilələrinin imzalanması üçün bağ idarəetmə trestinə təqdim etmələri tapşırılmışdır.Bağ təsərrüfatı tresti Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş bağ sahələrini öz mülkiyyətinə qəbul edir və müəssisə və təşkilatlardan sənədləri aldıqdan sonra bu sahələrin icarəsi üçün müqavilələr bağlayır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-6272/24 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Abşeron rayonu Zirə Sovxozunda yerləşən İddiaçı məxsus olan torpaq sahəsinin planında müəyyən olunur ki, torpaq sahəsinin ölçüsü 0.20 ha təşkil edir. Koordinatları: X=441590.6548 Y=4471740.5036 X=441618.5446 Y=4471663.1789 X=441592.6619 Y=4471648.0001 X=441584.8991 Y=4471667.0950 X=441591.2066 Y=4471670.2896 X=441571.6221 Y=4471721.7614 -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.20 ha və faktiki olaraq da 0.20 ha təşkil edir. Torpaq sahəsi yol ilə sərhəddir. Şimal hissədən 6 kv-luq elektrik xətti keçir. Torpaq sahəsinin sərhədləri şərtidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-+3-32/2-12168/24 nömrəli məktubda göstərilmişdir ki, Abşeron rayonu, Zirə qəsəbəsi, 36 saylı bağ-torpaq sahəsi ətrafında yerləşən daşınmaz əmlak qeydiyyata alınmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən bağ sahələrinin nömrələri idarənin istifadəsində olan elektron baza məlumatlarında arxiv əsaslarında aşkar edilmədiyindən cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-6271/24 nömrəli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Zirə qəsəbəsi, 36 saylı bağ-torpaq sahəsi onun ətrafında yerləşən daşınmaz əmlak qeydiyyata alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.20255-ci il tarixli 3-21-3-02/2-4191/2025 nömrəli məktubunda göstərilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Abşeron rayonu inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-5270/2025 nömrəli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Zirə qəsəbəsi, 36 saylı bağ-torpaq sahəsinin ətrafında üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklar aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-9071/2025 nömrəli məktubda göstərilmişdir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığı üçün sözügedən torpaq sahəsinin qeydiyyata alınması 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən həyata keçirilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23711/2025 nömrəli məktubda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X13 Sovxozunun Abşeron Rayonu İcra Hakimiyyətinin istifadəçiliyində olmaqla, Xəzər rayonu Zirə qəsəbəsi hüdudları daxilində yerləşir. Bu səbəbdən aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2- 15787/2024 nömrəli məktubu ilə təqdim edilmiş Zirə qəsəbəsi 36 saylı bağ torpaq sahəsi və ətrafında yerləşən qonşu bağ sahələrinə dair sənədlərdən görünür ki: -Ortofoto görüntüdən müəyyən olunur ki, İddiaçı məxsus torpaq sahəsinin ətrafında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş **********67 reyestr nömrəli və **********68 reyestr nömrəli əmlaklar yerləşir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-319/2021 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhər Soveti İcraiyyə Komitəsinjin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarı ilə 1 saylı orderə əsasən X8 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0.12 ha olan hazırda faktiki bolaraq sahibliyində olan 411/2 saylı bağ sahəsi üzərində X4 mülkiyyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdaqrəsinin üzərinə qoyulması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixloi 2- 1(103)-60/2023 nömrəli Qərarına əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2021 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan **********67 reyestr nömrəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1325 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. -223 nömrəli Zirə BTK üzvlərinin siyahısında X4 adı göstərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********06 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən mərhum X10 ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində Ceydiyyata alınması ilə bağlı 22 noyabr 2022-ci il tarixli müraciətinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı vo Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin ərizənizə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin Zirə südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşməklə təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVt) muhafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizın icrasından imtina edilir. Nəzərinizə çatdırırıq ki, bundan əvvəl daxil olmuş müraciətinizə 20 iyul 2022-ci il tarixli, **********42 nömrəli məktubla münasibət bildirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X11 arasında bağlanmış xx.xx.1965-ci il tarixli 10537 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi” Müqaviləsinə əsasən icarə müqaviləsinə əsasən Bakı şəhəri, Zirə qəsəbəsində ümumi sahəsi 0.20 ha olan 36 nömrəli bağ sahəsi sonuncunu istifadəsinə verilmişdir. Qeyd edilən bağ sahəsinə dair icarə müddəti növbəti dəfə xx.xx.1971-ci il tarixli 10537 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi” Müqaviləsinə əsasən uzadılmışdır. İddiaçı Novruzov Xalaf Əmirquliyeviçin vəfatından sonra onun vərəsəsi olmaqla, həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçı tərəfindən dövlət qeydiyyatı üçün tələb olunan hüquqmüəyyənedici və texniki sənədlərin ərizəyə əlavə edilmədiyini, sözügedən torpaq sahəsinin Zirə südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşməklə təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını və torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVt) muhafizə zolağında yerləşdiyini əsas gətirərək, müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə cavabdehin qeyd etdiyi imtina əsasları ilə razılaşmır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Hazırkı iş iddiaçının iddia etdiyi Zirə qəsəbəsi ərazisində 36 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd- “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi” barədə xx.xx.1971-ci il tarixli 10537 nömrəli müqavilə mövcuddur. 36 saylı bağ torpaq sahəsinə dair adıçəkilən müqavilə cavabdehin arxivində saxlanılır. “İnzibati icraat haqqında” Qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. Odur ki, cavabdehin öz arxivində bağ torpaq sahəsi ilə bağlı arxiv sənədlərimüqavilə, ərizələr, inventarizasiya aktı mövcud olduğu halda həmin sənədlərin iddiaçı tərəfindən təqdim edilmədiyi əsası ilə müraciətin təminindən imtinası qanunsuz olmuşdur. Sözügedən torpaq sahəsinin Zirə südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşməklə təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması ilə bağlı cavabdeh müvafiq sübutları məhkəməyə təqdim etməmiş, bu halın araşdırılması ilə bağlı məhkəmə sorğularına cavablarında konkret dəlilə istinad etməmişdir. Əksinə məhkəmə sorğusuna cavablarda iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşdiyi, torpaq sahəsinin yaxınlığında **********67 reyestr nömrəli daşınmaz əmlakın olduğu, həmin torpaq sahəsinin bağlar sahəsinə aid olmaqla bağ tikinti kooperativi nəzdində verilmiş order əsasında məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə dövlət reyestrində qeydiyyatlnın aparıldığı müəyyən olunmuşdur. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən iddia olunan və naturada göstərilən bağ sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir. Eyni zamanda naturada göstərilən bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. İddia olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. Belə ki, cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı boş torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 36 saylı 0.20 ha ölçüdə bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşern Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 36 saylı 0.20 ha ölçüdə bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşern Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-838/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-838/2025
31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver