Məhkəmə qərarları › İş №2-1(112)-8380/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8380/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8380/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan xidmət” X3 qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan xidmət” X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1960-cı il tarixdə Ermənistan SSR-nin Artaşat rayonunun Sarıcalar kəndində anadan olması, ata qrafasında X6, ana qrafasında X4 qeyd edilməsi və bu barədə ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin 5 saylı Bakı "ASAN xidmət" X2 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ərizə qismən təmin edilmiş, onun xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-in Masis rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilmiş, bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilmiş, doğum haqqında şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X1 qeyd edilməsi qət edilmişdir. Bu qətnaməyə əsasən doğum haqqında şəhadətnamə aldıqdan sonra ona Ermənistanda verilən ilkin doğum haqqında şəhadətnamə tapılmış və həmin şəhadətnamədə doğulduğu il xx.xx.1960-cı il qeyd edildiyinə görə o, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6093/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən onun iddiadan imtina etməsi qəbul edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə icraata onun iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ona verilmiş doğum haqqında şəhadətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsində şəxsiyyət vəsiqəsi hüquqi qüvvəsini itirmişdir. Bundan sonra o, Ermənistanda aldığı ilkin doğum haqqında şəhadətnaməni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” X3 təqdim edərək doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh bunu etməkdən imtina edərək bildirmişdir ki, sənədlərin yoxlanılması zamanı şəxsiyyət vəsiqəsində onun soyadı, adı və atasının adı “İddiaçı", doğum haqqında şəhadətnaməsində isə "X9" qeyd edilmişdir. Həmçinin şəxsiyyət vəsiqəsində doğulduğu tarix "xx.xx.1964-cü il", doğum haqqında şəhadətnaməsində isə "xx.xx.1960-cı il" qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsi ilə şəxsiyyət vəsiqəsində məlumatlar ziddiyyətli olduğundan doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Bundan sonra o, ərizə ilə “5 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsi cəlb edilməklə doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-1187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən onun qeyd etdiyi ərizə üzrə mülki işin icraatına xitam verilmiş, ona aidiyyəti üzrə inzibati orqana, müraciət təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra yenidən o həmin məhkəmə qərardadını “5 saylı Bakı "ASAN xidmət" X2 təqdim edərək ona ilkin verilmiş doğum haqqında şəhadətnamə əsasında yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin həmin təşkilatın rəsmi cavabı ilə xahişi təmin edilməmiş və yenidən ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəmə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1808/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi qismən təmin edilmiş, ərizəçi İddiaçı xx.xx.1964-cü il tarixdə Ermənistan SRR-nin Masis rayonunda anadan olması barədə doğun akt qeydinin bərpa edilməsi, bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, doğum haqqında şəhadətnamənin аtа qrafasında X7, ana qrafasında X4 qeyd edilməsi qət edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan ərizəçi İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini və həmin qətnamə əsasında ona Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni ləğv edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6093/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı iddiadan imtina etməsi qəbul edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(005)-1808/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə icraata ərizəçinin iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.1960-cı il tarixli, İ-ЗЖ seriyalı, 330378 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Artaşat rayonu, Sarıcalar kəndində doğulmuş, bu barədə doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 1960-cı ilin 09-cu ayının 2-ci günündə 91 sayı ilə müvafiq qeyd edilmişdir. Valideynləri: atası - X6, milliyəti - azərbaycanlı; anası - X4, milliyəti - azərbaycanlı qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-18329/2023 nömrəli məktubuna əsasən, İddiaçı ilk dəfə xx.xx.2003-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən ünvan 1 ünvanına sənədləşdirilməklə AZE-01254127 nömrəli, xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən AZE-15043708 nömrəli, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 4, M5, mənzil 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. X5 məxsus həmin AZE seriyalı ******* nömrəli, xx.xx.2003-cü il tarixli, AZE seriyalı 15043708 nömrəli, xx.xx.2015-ci il tarixli, AA seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1964-cü il tarixdə Masis rayonunda doğulmuşdur. İşdən görünür ki, iddiaçı onun akt qeydinin bərpası üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, adı və ata adı “İddiaçı”, doğum haqqında şəhadətnaməsində isə “X9” qeyd edilmişdir. Həmçinin şəxsiyyət vəsiqəsində doğulduğu tarix “xx.xx.1964-cü il”, doğum haqqında şəhadətnamədə isə “xx.xx.1960-cı il” qeyd edilmişdir. Doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsində məlumatları ziddiyyətli olduğundan doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. - maddə 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. İstinad olunan normalardan görünür ki, şəxs barəsində ilk öncə vətəndaşlıq vəziyyəti aktı tərtib olunur, daha sonra bu akt əsasında və orada göstərilən məlumatlara əsasən müvafiq şəhadətnamə verilir. İddiaçı hazırda ona məxsus doğum haqqında şəhadətnaməyə düzəliş edilməklə yeni şəhadətnamə verilməsini xahiş etsə də, ilk öncə bu düzəliş onun doğum haqqında akt qeydində aparılmalı və buna uyğun tərtib edilmiş şəhadətnamə verilməlidir. Lakin işdən müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-4520/2023 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı barəsində hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin hər hansı akt qeydi aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. - maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. - maddə 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 2-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissəyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 13). İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Sadalanan normalardan görünür ki, qanunverici vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Akt qeydinin bərpasına gəldikdə isə istər Ailə Məcəlləsi, istərsə də Əsas Müddəalar bərpanın iki yolunu müəyyən edir:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İşin hazırkı halından görünür ki, iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamış, onun təqdim etdiyi şəhadətnamədə isə doğum tarixi 1960, doğum yeri Artaşat rayonu göstərilsə də, iddiaçının 2003-cü ildən etibarən aldığı şəxsiyyət vəsiqəsi məlumatlarında doğum tarixi 1963, doğum yeri isə Masis rayonu yazıldığından qeydiyyat şöbəsi şəhadətnaməyə düzəliş edilməsinin mümkün olmadığını, bununla həm də akt qeydinin iddiaçının göstərdiyi məlumatlar yazılmaqla bərpasının mümkün olmadığını bildirmişdir. Deməli, akt qeydinin bərpası üçün məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarınıda göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutur, belə bir ərizəyə isə inzibati mühakimə icraatı qaydasında baxılması mümkün deyildir. Buna görə də məhkəmə iddiaçıya izah edir ki, o ilkin olaraq doğum haqqında akt qeydini mülki mühakimə icraatı qaydasında vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə bəpa etdirməlidir. Bu zaman doğum tarixini və yerini təsdiq edən sənədlər təqdim etməklə doğum tarixinin və yerinin dəqiq yazılmasına nail olduqdan sonra həmin akt qeydinə əsasən şəhadətnamənin tərtib edilərək verilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar