Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8380/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç.29) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanunsuz xx.xx.2021-ci il tarixdən hazırkı vaxta kimi hər ay pensiyasından tutulmuş 26 manat pulun, xx.xx.2021-ci il tarixdən hazırkı vaxta kimi, yəni 1378 manat pulun hesablanaraq ona geri qaytarılması, həmçinin qanunsuz tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 24722 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində doğulmuşdur. xx.xx.1982-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Zəngilan rayon Bartaz kənd Mədəniyyət evinin müdiri işləmişdir. Həmçinin 1993-cü il tarixdən 2017-ci il tarixə kimi isə yenə eyni işdə və eyni vəzifədə işləməklə dondurulmuş əmək haqqı almışdır. 2017-ci ilin yanvar ayından isə dondurulmuş orta aylıq əmək haqqı dayandırılmışdır. 2017-ci il tarixdən işdən azad olunmuşdur. Ondan sonra xx.xx.2019-cu il tarixdən də təqaüd alır. O, 220 manat müavinət alır. Həmçinin xəstə uşağına görə 100 manat əlavə pul alır. Lakin onun ödənişi azaldılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etmiş və ona oradan cavab olaraq bildirmişdirlər ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv əmək müqaviləsi aşkar edildiyindən 2119,34 manat artıqalma müəyyən edilmişdir. Yaranmış artıqalmadan xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci ilədək 1378,00 manat tutularaq bərpa edilmiş, qalıq 741,34 manat məbləğin tutulması yaşa görə sosial müavinəti üzrə aylıq 26 manat olmaqla davam etdirilir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019- cu il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi ilə aktiv əmək müqaviləsi olduğundan iddiaçının sözügedən dövrlər üzrə sosial müavinətinin məbləğində artıqödəmə müəyyən edilmişdir. Müəyyən edilmiş artıqödəmənin ləğv edilməsi mümkün hesab edilmir. Qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddinə çatacağı xx.xx.2025-ci il tarixində yaşa görə əmək pensiyası hüququna baxılması üçün təkrar müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-23776/2025 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı son ödəniş 220 manat olmaqla yaşa görə sosial müavinət xx.xx.2025-ci il tarixədək ödənilmiş və xx.xx.2025-ci il tarixdən ödənişi dayandırılmışdır. İddiaçının yaşa görə aldığı sosial müavinəti üzrə 2119,34 manat artıqalma olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1404,00 manat məbləğ tutularaq bərpa edilmiş, qalıq 715,34 manat məbləğ təşkil edir. Əlavə olaraq, ona xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 70,71 manat artıq vəsait ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 24722 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş müavinətdən xx.xx.2018-xx.xx.2019-cu il tarixədək artıqvermə müəyyən edilmiş və yaşa görə sosial müavinətdən tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: ... 4.0.1.2. yaşa görə müavinət. ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. … 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə qeyd edir ki, artıq ödənilmiş müavinətin qaytarılması “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən maddədən görünür ki, müavinət alan şəxsə artıq məbləğ ödənilmişsə, şəxs məbləğin qaytarılmasından imtina etdikdə, onda bu məbləğin qaytarılması məsələsinə məhkəmə qaydasında baxılmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıdan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində müavinət alan şəxs məbləğin qaytarılmasından imtina etdikdə artıq ödənilmiş məbləğin ona ödənilən müavinətdən tutulması məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar qanunsuzdur və ləğv olunmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 24722 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 24722 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2-1(112)-8380/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8380/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver