Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8382/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seyogin küçəsində yerləşən 0,1287 ha torpaq sahəsin Dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “iddiaçıya məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin Dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Viktor Seyogin küçəsində yerləşən 0,1287 ha torpaq sahəsində yerləşən 1 saylı fərdi yaşayış evini 2024-cü il tarixdə alqı-satqı yolu ilə X1 almışdır. Torpaq sahəsini və evi aldıqdan sonra dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan fərdi yaşayış evini dövlət reyestrində qeydə almış və torpaq sahəsini qeydə almaqdan imtina etmişdir. Sonradan təkrarən müraciət edərək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi köhnə mülkiyyətçi olan X3 adına Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli torpaq sahəsinin ayrılmasına dair Sərəncamı əsasında ayrılmasını qeyd etmişdir. Qeyd edilən sənədi və arxiv arayışını təkrarən cavabdeh inzibati orqana təqdim etməklə torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etsə də, cavabdeh inzibati orqan ərizəsini təmin etməyərək, X8 ilə aramızda bağlanmış alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması qeyd edilmədiyindən imtina etmişdir. Cavabdeh inzibati orqan qərəzli olaraq və hər hansı bir qanuni əsas olmadan ona məxsus olan torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina edir. Hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir.
4. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, A08/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin müqavilədə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-7625D nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir.”
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, A08/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin müqavilədə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin (X6) adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-7625D nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır.
6. Məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs qismində X2 cəlb edilməməsi qərara alınmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla birlikdə sənədləri təqdim etmişdir: - Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 2290 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsində E-99/70 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsinin X4 ayrılmasına dair sərəncam verilmişdir. - Torpağın mülkiyyətə verilməsi haqqında JN – 7625D nömrəli 00301016 kodlu şəhadətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 2290 nömrəli sərəncamına əsasən X4 Buzovna qəsəbəsi B-99/70 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.12 ha torpaq sahəsi mülkiyyətə verilmiş və bu barədə xx.xx.2003-cü il tarixdə 6657 nömrəli kitabda qeyd aparılmışdır. - Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 441 nömrəli sərəncamında qeyd edilmişdir ki, vətəndaş X4 Buzovna qəsəbəsində B-99/70 saylı sahədə 145-000-129 s tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı şəhər Torpaq Komitəsinin JN-7625D. kod - 00301016, kitab – 6657 nömrə, xx.xx.2003-ci il tarixli şəhadətnaməsi ilə vətəndaş X2 mülkiyyətinə verilmişdir. Hal-hazırda B-99/70 saylı sahədə o, evini tikib qurtarmış və həmin evə qeydiyyat vəsiqəsi verilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X6 evi fərdi layihə əsasında tikmişdir. Buzovna qəsəbəsi, B-99/70 saylı sahədə vətəndaş X2 tikdiyi zirzəmili 1 mərtəbəli - 3 yaşayış otağı sahəsi- 58,5m2. köməkçi sahə - 127,5m2, 2 açıq eyvan sahəsi - 85,6m2, mansard sahəsi - 208,7m2, zirzəmi sahəsi - 58.6m2, torpaq sahəsində tikili olmayan, cəmi torpaq sahəsi - 1208,4m2-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınması, Bakı şəhər Tİ və MHQİ-dən Bakı şəhər XDS İK-nın 19.08.87-ci il tarixli 19/338Nə-li qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vətəndaş X2 adma qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi xahiş edilməsinə dair sərəncam verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2003-cü il tarixli 18/03-8/3974 nömrəli məktubundan qeyd edilmişdir ki, keçmiş Əzizbəyov rayon Buzovna qəsəbəsi V.Seryogin küçəsində X6 tərəfindən tikilmiş fərdi yaşayış evinə Buzovna qəsəbəsi V.Seryogin küçəsi ev 1 ünvanı verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli FM seriyalı 027125 nömrəli qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, Bakı şəhəri keçmiş Əzizbəyov (hal hazırda ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 453,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - xx.xx.2017-ci il tarixli Y-250 nömrəli hərracın nəticələri haqqında yekun protokolunda qeyd edilmişdir ki, “Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzi” tərəfindən keçirilən açıq hərrac nəticəsində X4 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 191.250 manata "xxxx" ASC-yə satılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 453,2 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi əsasında "xxxx" ASC-nin adına qeyd alınmışdır. - xx.xx.2023-cü il tarixli A08/23 nömrəli açıq hərracın nəticələrinə dair yekun protokoldan qeyd edilmişdir ki, “Bakı hərrac mərkəzi” tərəfindən keçirilən açıq hərrac nəticəsində LPO "xxxx" ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı 220.000 manata satılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan xx.xx.2023-cü il tarixli çıxarışda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 453,2 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi əsasında İddiaçı adına qeyd alınmışdır.
8. Məhkəmə iclaslbda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
17. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
18. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 2290 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsində E- 99/70 nömrəli sahədə fərdi evi tikmək üçün X4 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsi haqqında JN – 7625D nömrəli 00301016 kodlu şəhadətnamə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli FM seriyalı 027125 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri keçmiş Əzizbəyov (hal hazırda ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 453,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.
19. xx.xx.2017-ci il tarixli Y-250 nömrəli hərracın nəticələri haqqında yekun protokoluna müvafiq olaraq “Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzi” tərəfindən keçirilən açıq hərrac nəticəsində X4 məxsus fərdi yaşayış evi "xxxx" ASC-yə satılmış və RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli A08/23 nömrəli açıq hərracın nəticələrinə dair yekun protokoluna əsasən, LPO "xxxx" ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən sözügedən fərdi yaşayış evi İddiaçı satılmış və xx.xx.2023-cü il tarixli çıxarışa əsasən fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi əsasında İddiaçı adına qeydə alınmışdır.
20. Məhkəmə qeyd edir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur və faktiki olaraq iddiaçının istifadəsindədir, torpaq ayırma sənədi ilə X5 1200 kv.m. torpaq sahəsi ayrılmış, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilmişdir.
21. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsində, həmçinin hərracın nəticələri haqqında yekun protokolda fərdi yaşayış evi ilə barabər faktiki olaraq torpaq sahəsi də satılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, A08/23 nömrəli alqı-satqı müqaviləsinin predmeti ünvan 6 ünvanında istifadədə olan 0,02823 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 453,2 kv.metr olan fərdi yaşayış evi olmuşdur.
22. Məhkəmə hesab edir ki, torpaq sahəsi fərdi yaşayış evinin ayrılmaz hissəsi olmaqla, vahid əmlak kimi iddiaçının mülkiyyətinə verilib. Alqı-satqı müqaviləsi fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini də əhatə edib. Belə ki, xx.xx.2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokoluna əsasən "xxxx" ASC vahid əmlak kimi sözügedən fərdi yaşayış evini və torpaq sahəsini qəbul edib, daha sonra öz hüquqlarını iddiaçıya keçirib.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən:
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
24. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia təmin edilərək, torpaq sahəsinə dair icarə hüquqlarının qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva