Məhkəmə qərarları › İş №2-1(112)-8383/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8383/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8383/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, “X13” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “X13” ASC-nin cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı “qeydiyyatdan çıxarılma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından X1, X5, X2 və X9 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 2 saylı mənzilini almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli. ******* nömrəli Arayışa (Forma № 2) əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 sayh evin 19 saylı mənzilində hal-hazırda X7, X11, Cahangirova lltnıas Azər qızı və X14 qeydiyyatdadırlar və onların qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçı “Unibank" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Bununla əlaqədar “Unibank" KB ASC tərəfindən 19.05.2021-ci il tarixdə PKKİED/2560 saylı məktubla Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə müraciət olunaraq X7, X11, X6 və X9 "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması xahiş olunmuş, lakin Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 05.06.2021- ci il tarixli, 091-29648 saylı məktubu ilə həmin şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasından imtina olunmuşdur. Belə ki, qeyd olunan məktubda X7, X11, X6 və X9 mənzildən qeydiyyatdan çıxarılması üçün qanuni qüvvəyə minmiş "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" və ya “yaşayış sahəsindən çıxarılma” tələbinə dair məhkəmə qərarının olması göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 nömrəli mənzilində qeydiyyatda olan X7, X11, X6 və X9 qeydiyyatdan çıxarılmasından imtinası tamamilə qanunsuz və əsassızdır və mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.10.2018-ci il tarixli, 2(004)- 2011/2018 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X12 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilərək cavabdeh X8 161.603,66 USD borcun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən ev 53, mənzil 19-a yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına X10 161 603.66 USD borcunun ödənilməsi və cavabdehlər X3, X5, X2 və X9 həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bununla əlaqədar müvafiq qətnamənin surəti məktubla Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə göndərilsə də, cavabdeh orqan həmin qətnamədə qeyd olunan “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması" hissəsini nəzərə almamış, əksinə mənzildə qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılmaqla bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında qeydiyyatdan çıxarıla biləcəyi qeyd olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bundan başqa “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqca, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması üçün ayrıca məhkəmə qərarı tələb olunmasa da, Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsi əsassız olaraq X3, X5, X2 və X9 mənzildən qeydiyyatdan çıxarılması üçün qanuni qüvvəyə minmiş “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" və ya “qeydiyyatdan çıxarılma” tələbinə dair məhkəmə qərarının olmasını qeyd etmişdir.

3. ünvan 3 iddiaçı “X13” ASC-nin xüsusi mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, X7, X11, X6, X14 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

5. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2011/2018 nömrəli iş üzrə verilmiş icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X7, X11, Cahangirova (Aslanova) İltmas Azər qızına, X14 və başqalarına qarşı iddiası təmin edilərək digər məsələlərlə yanaşı, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində cavabdehlərin daşınmaz əmlakları boşaltmaları qət edilmişdir.

6. Məhkmənin hazırki iş üzrə 27.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə aktı üzrə verilmiş icra vərəqəsinə əsasən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin məhkəmə aktı qeyd edilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Hazırki iddia üzrə Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsi həmin iş üzrə proses iştirakçısı olmasa da, qanunun mənasına və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə qeydiyyatdan çıxarılma təmin edilməlidir.

7. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2479/2021 nömrəli iş üzrə 20.09.2021-ci il tarixli qərardadı əsasında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8383/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

8. Həmin qərardada əsasən qeyd edilir ki: -Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

9. Hazırki iş üzrə məhkəmənin 16.11.2021-ci il tarixli qərardadı ilə X7, X11, X6 və X14 iddiaçı “X13” ASC-nin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsini xahiş edir.

II. Məhkəmənin mövqeyi

11. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.10.2018-ci il tarixli, 2(004)- 2011/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X12 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilərək cavabdeh X8 161.603,66 USD borcun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən ev 53, mənzil 19-a yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına X10 161 603.66 USD borcunun ödənilməsi və digər məsələlərlə yanaşı, həmin mənzil açıq hərracdan satıldıqdan sonra cavabdehlər X3, X5, Cahangirova (Aslanova) İltmas Azər qızının və X9 həmin daşınmaz əmlakı boşaltmaları qət edilmişdir.

12. X19 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X19 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

13. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

16. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X3, X5, Cahangirova (Aslanova) İltmas Azər qızının və X9 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar