Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8387/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə əmək pensiyasına əlavələrin prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-cu ilxx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləğini, tutduğu vəzifələr üzrə (15 ay Baş Prokurorluğun idarə rəisi, 9 ay Baş prokurorun böyük köməkçisi) əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması, bununla bağlı ödənilməli və ödənilmiş pensiya məbləğləri arasında yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə rədd cavabı vermişdir. Məktubun məzmunundan görünür ki, cavabdehin yeganə “rədd arqumenti” belədir: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Məktubda dəqiqləşdirilmişdir ki, “prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə işləyən pensiyaçı kimi ona ödənilmiş əmək pensiyasının müəyyən edilməsi üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) ona ödənilməyib”; “sözügedən əlavənin xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”; “prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 17 may 2021-ci il tarixindən əmək pensiyasının yenidən hesablanması zamanı vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən yuxarıda qeyd olunan 1 aylıq vəzifə maaşı miqdarında pul təminatı qulluq keçdiyi son 24 ayın 9 ayı ərzində ona ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilib”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanları əməkdaşlarının pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrlə edilən artımlar nəzərə alına bilməz. İddiaçının müraciətində göstərdiyi prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə işləyən pensiyaçı kimi ona ödənilmiş əmək pensiyasının müəyyən edilməsi üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) iddiaçıya ödənilməyib. Qeyd olunanları nəzərə alaraq, sözügedən əlavənin xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 17 may 2021-ci il tarixindən əmək pensiyası yenidən hesablanması zamanı vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən yuxarıda qeyd olunan 1 aylıq vəzifə maaşı miqdarında pul təminatı qulluq keçdiyi son 24 ayın 9 ayı ərzində ona ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilib. Həmçinin cavabdeh etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçının 17 may 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunması ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası yenidən hesablanmışdır. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı orta aylıq məbləği 1562,50 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 703,13 manat, rütbəyə görə əlavəsi 145,00 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 571,88 manat (son 24 ay ərzində cəmi 9 ay (baş prokurorun böyük köməkçisi) aldığı üçün 1525,00x9/24), digər növ əlavələri 2331,54 manat olmaqla orta aylıq əmək haqqı 5314,05 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 3 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (5314,05 manat) 80 faizi – 4251,24 manat məbləğində müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 aprel 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətində göstərdiyi prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə işləyən pensiyaçı kimi ona ödənilmiş əmək pensiyasının müəyyən edilməsi üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) ona ödənilməyib. Qeyd olunanları nəzərə alaraq, sözügedən əlavənin xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 17 may 2021-ci il tarixindən əmək pensiyasının yenidən hesablanması zamanı vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən yuxarıda qeyd olunan 1 aylıq vəzifə maaşı miqdarında pul təminatı qulluq keçdiyi son 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilib. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanmışdır. Prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən son 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilmişdir. Sözügedən əlavənin 9 ay ərzində iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin əlavənin əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilməklə, prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləği hesablanarkən 9/24 nisbətində (faktiki alınan 9 aya münasibətdə) deyil, 24 ay üzrə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbini irəli sürür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; (xx.xx.2022-dək qüvvədə olan redaksiya) 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir; 21.2-1-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli qərarı ilə, Azərbaycan Respublikasının prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmiş və Qərar 2020-ci il avqustun 1-dən qüvvəyə minmişdir. Qanunvericiliyin sadalanan normalarından göründüy kimi, prokurorluq işçilərinin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. İddiaçının prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləği müəyyən edilərkən, prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin həmin 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilmişdir. Həmin əlavənin “əmək haqqındakı sonrakı artım” anlayışına daxil olub-olmaması və hansı həcmdə əmək pensiyasına nəzərə alınması ilə bağlı aşağıdakılarında nəzərdən keçirilməsi zəruridir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni aldığından, onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. Lakin iddiaçının qeyd etdiyi kimi, tam həcmdə deyil onun faktiki aldığı 9/24 nisbətində nəzərə alınması ilə bağlı cavabdehin mövqeyi qanuni və əsaslıdır. Belə ki, sözügedən əlavə iddiaçının qeyd etdiyi kimi əmək haqqındakı “sonrakı artım” deyil, qulluğun son 24 ayında əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. Bunu Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarından da aydın görmək mümkündür. Eyni zamanda, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 1.0.19-cu maddə əlavə edilmişdir ki, həmin maddəyə əsasən, əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Yəni, şəxs pensiyaya çıxdıqdan sonra, əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdə artım olarsa (məsələn hazırkı iş üzrə 1 vəzfiə maaşı qədər verilən həmin əlavə 2 vəzifə maaşı qədər əlavə olarsa) bu “sonrakı artım” kimi həmin ödənci almış pensiyaçılara şamil ediləcəkdir. Lakin hər bir halda hazırkı iş üzrə iddiaçıya 9/24 nisbətində tətbiq edilməlidir. Çünki həmin əlavəni iddiaçı əsas götürülən son 24 ayın cəmi 9 ayında almış və sosial sığorta haqqı ödənmişdir. İddiaçının həmin əlavənin 24 ayın hamısı üçün, tam həcmdə (24/24) nəzərə alınması barədə dəlilləri əsassızdır. Əks yanaşma son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin müəyyən edilməsi barədə müddəanı əhəmiyyətsiz edər. Qəbul etsək ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir, bu zaman sözügedən əlavəni 1 ay almış şəxslə, son 24 ayın hamısında almış şəxs arasında “fərq” qoyulmaqla, ədalətli olan və qanunvericiliyə söykənən differensasiya aparılmalıdır. Qanunverici orqan məhz bu aspektdən çıxış edərək, pensiyaçının öz mülahizəsinə əsasən seçdiyi bir ay üzrə aldığı məvacibin deyil, son 24 (və ya istənilən ardıcıl 60) ay ərzindəki orta aylıq məbləğin müəyyən edilməsini şərt kimi təsbit etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8387/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8387/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver