Məhkəmə qərarları › İş №2-1(112)-8387/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8387/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8387/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinə qarşı (3-cü şəxslər: "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) “məlumatların silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi ilə əvəz edilməsini, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini, iddia tələbinin isə “iddiaçının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin təsisçisi və rəhbəri olması barədə məlumatların silinməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı qeyd edir ki, onun barəsində qəbul edilmiş qərarlar əsassızdır. Belə ki, onun "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC kimi müəssisələr ilə hər hansı əlaqəsi olmamış, o, həmin müəssisələrə faktiki rəhbərlik edən şəxs olmamışdır. Həmin müəssisələr onun xəbəri olmadan, etibarnamə əsasında digər fiziki şəxs tərəfindən idarə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iddiaçının elektron imza vasitəsilə onlayn müraciəti nəticəsində dövlət qeydiyyatına alınmışdır. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh inzibati orqana öz təşəbbüsü ilə X3 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə olan halda inzibati orqan hesab edilən cavabdeh X3 Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Elektron notariat” X1 daxil olmuş məlumatlara əsasən İddiaçı tərəfindən notariat hərəkətlərinin aparılması ilə bağlı X2 xx.xx.2019-cu il tarixdə, “Biznes Kontex LTD” tərəfindən X2 xx.xx.2019-cu il tarixdə, "xxxx" MMC tərəfindən X2 xx.xx.2019-cu il tarixdə etibarnamə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, İddiaçı rəhbəri və təsisçisi olduğu "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı məhdud məsuliyyətli cəmiyyətlər müvafiq olaraq 16, 21,28 və 29 oktyabr 2019-cu il tarixlərdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün onun adından elektron qeydiyyat sisteminə müraciət olunmuş və müvafiq sənədlər ona aid olan elektron imza ilə imzalanmışdır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin e-qeydiyyat ərizələrindən görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması barədə İddiaçı tərəfindən elektron imza vasitəsilə ərizələr verilmiş, ərizələrə daxil edilmiş məlumatların doğruluğu təsdiq olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X3 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. İlk növbədə qeyd olunmalıdır ki, X3 reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu zaman dəyişiklik olunmasını xahiş edən şəxsin “ərizədə baş vermiş dəyişikliyi göstərmək” və “həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək” vəzifəsi müəyyən olunmuşdur. Beləliklə bu normaların təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin təsisçisi və rəhbəri olması barədə məlumatların silinməsini, başqa sözlə desək bir növ hüquqi şəxslərə dair qeydə alınmış məlumatların dəyişdirilməsini arzulayır. Nəzərə alınmalıdır ki, bu məlumatların dəyişdirilməsi üçün isə imperativ qaydada dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi fakt mövcud olmalıdır ki, hazırki mərhələdə belə bir faktın mövcudluğu müəyyən olunmur. İddiaçi isə hüquqi şəxslərə dair qeydə alınmış məlumatların dəyişdirilməsinə dair hüquqi faktların mövcud olduğunu, bu faktların isə hüquqi şəxslərin onun xəbəri olmadan digər şəxsin adına verilmiş etibarnamə əsasında qeydiyyata alınması ilə bağlı olduğunu bildirir. Məhkəmə iddiaçının irəli sürdüyü bu mülahizələr ilə razılaşmır və hesab edir ki, müəssisələrin qeydiyyata alınması zamanı cavabdeh tərəfindən hər hansı qanunazidd tədbir görülməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır; 5-1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidi. 5-1.2. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə nizamnamə əlavə edilir. 5-1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. 5-1.5. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir. 5-1.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. 5-1.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. 5-1.8. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra 2 iş günü müddətində qanuni təmsilçi (təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş cəmiyyətin sahibkarlıq fəaliyyətinə başlaması barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməlidir. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından saılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, oların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativhüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, istərsə VM-nin, istərsə də “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa əsasən hüquqi (fiziki) şəxslərin qeydiyyatı zamanı mütləq qaydada vergi uçotuna alınması haqqında ərizənin verilməsi imperativ şəkildə müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin qeydiyyatının aparılması elektron qaydada da mümkündür ki, bu zaman cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurulur, elektron ərizəyə nizamnamə əlavə edilir və müraciət elektron imza ilə təsdiq edilir. Göründüyü kimi digər hüquqi şəxslərin qeydiyyatından fərqli olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı da mümkündür ki, bu zaman təsisçi tərəfindən müvafiq olaraq onlayn ərizə verilir, müvafiq sənədlər əlavə edilir və ərizə elektron imza ilə təsdiq olunur. “Elektron imza” anlayışını gəldikdə isə qeyd olunur ki, elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Nəzərə alınmalıdır ki,eelektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. (“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.4 və 5.1 maddələri) Məhkəmə bəhs olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki halları ilə birgə təhlil edərək qeyd edir ki, iddiaçının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər kimi qeydiyyata alınmaları barədə elektron ərizələri mövcuddur ki, həmin ərizələr məhz İddiaçı məxsus olan elektron imza ilə təsdiq edilmişdir ki, bu da öz növbəliyində məhdud məsuliyyətli cəmiyyətlərinin elektron qeydiyyatının “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan qeydiyyat hərəkətlərinə uyğun aparıldığını göstərir. Belə olan halda Məhkəmə hesab edir ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCnin yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər kimi elektron qeydiyyatı “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəalarına uyğun aparıldığından, həmçinin iddiaçının həmin müəssisələrin rəhbəri və təsisçisi olması barədə məlumatların silinməsi üçün hüquqi faktlar (əsaslar) müəyyən olunmadığından, hazırki tələbin təmin olunması üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar