Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8388/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh 9 nömrəli Poliklinikaya qarşı “ ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh 9 nömrəli Poliklinikaya qarşı “ ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X4 05 dekabr 2022-ci il tarixdə vəfat etmiş, bu barədə xəbərdarlıq vərəqəsi verilmiş, ölüm haqqında tibbi şəhadətnamə ilə bağlı müraciətin təminindən isə əsassız imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin məktubundan görünür ki, S.Hüseynovanın qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. X2 məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm halı məhkəmə qətnaməsi əsasında fakt kimi müəyyən edilməlidir. Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, S.Hüseynova 05 dekabr 2022ci il tarixdə vəfat etmişdir. Həmin vərəqədə ölümün səbəbi qeyd edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.1-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1- ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYSnin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir; 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır; 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın: 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir; 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir Göründüyü kimi, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırki işdə “xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olur. Eyni zamanda şəxsin ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, şəxsin ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. İddiaçıya şəxsin ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8388/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8388/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver