Məhkəmə qərarları › İş №2-1(112)-8389/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8389/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8389/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, Şükürov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Məmmədov Fəxri Vahid oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmrlərin ləğv edilməsi, ödənilməmiş əməkhaqqının və digər ödənişlərin ödənilməsi və s. tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.1993-cü il tarixli və xx.xx.1993-cü il tarixli əmrlərinin ləğv edilməsi, xx.xx.1993-cü il tarixindən xx.xx.2015-ci il tarixinə kimi ödənilməmiş əməkhaqqı və digər ödənişlərin hesablanaraq birdəfəlik qaydada ödənilməsi, əmək kitabçasında yaşa görə prokurorluq orqanlarından işdən azad edilməyinə dair müvafiq düzəlişin edilməsi, pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi (14 il 3 ay 10 gün) Azərbaycan Respublikası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Baş ədliyyə müşaviridir, işlədiyi müddətdə dəfələrlə mükafatlandırılmışdır. xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Baş prokurorun müavini vəzifəsinə təyin edilmişdir. Baş prokurorun xx.xx.1993-cü il tarixli əmrinə əsasən heç bir əsas olmadan tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Prokurorluğunun İstintaq şöbəsinin istintaq hissəsinə böyük müstəntiq vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi həmin qanunun 104-cü maddəsinin 13-cü bəndi və 177-ci maddələrinə əsasən, Baş prokurorun müavinlərini Baş prokuror vəzifəyə təyin edir və vəzifədən azad edir, təyinetmə və azadetmə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunur. Baş prokurorun bu əmri qanuna zidd olaraq Ali Sovetin təsdiqinə verilməmiş, onun şikayətindən sonra iş Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının xx.xx.1993-cü il tarixli iclasında baxılmış və katibliyin hüquq mühafizə orqanları və müdafiə məsələləri şöbəsinə işçi qrupunun yaradılması və İddiaçı ərizəsində göstərilən məsələlərin araşdırılıb komissiyaya arayış təqdim edilməsi tapşırılmışdır. Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının xx.xx.1993-cü il tarixli iclasında Baş prokurorun qanunsuz əmri barədə verdiyi şikayətə baxılaraq Baş prokurorun xx.xx.1993-cü il tarixli əmri Konstitusiyasına zidd hesab edilmişdir. Həmçinin Baş prokurora təklif edilmişdir ki, İddiaçı işdən azad edilməsinə dair əmri ləğv edib, onu əvvəlki vəzifəsinə bərpa etsin. Baş prokurorluğun təkrar təqdimatına xx.xx.1993-cü tarixində Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasında baxılmış və təqdimatın əvvəlki təqdimatla eynilik təşkil etməsi səbəbindən təmin edilməmiş və məsələnin Milli Məclisin müzakirəsinə verilməsi qərara alınmışdır. Həmin tarixdən sonra isə dəfələrlə müraciətlər etsə də məsələ müzakirəyə çıxarılmamışdır. Milli Məclisdə müzakirələr gedən zaman Baş prokurorluğun xx.xx.1993-cü il tarixli əmri ilə o prokurorluq orqanlarından qanunsuz olaraq işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixində Milli Məclisdə müzakirə zamanı o işdən azad edilməmişdir. Lakin Baş prokurora bu barədə məlumat verildikdən sonra köhnə tarixlə, yəni xx.xx.1993-cü il tarixlə onun işə gəlməməyi bəhanəsi ilə qanunsuz olaraq işdən azad etmişlər. Nəhayət xx.xx.2023-cü il tarixdə Milli Məclisin sədri S.Qafarovaya rəsmi ərizə ilə müraciət edərək, onun Baş prokurorun müavini vəzifəsindən azad olunmağının təsdiq olunub-olunmaması barədə Milli Məclisinin qərarının olub-olmaması barədə müraciət etmiş və həmin müraciətə 15 yanvar 2024-cü il tarixli cavab məktubunda qeyd edilən məsələ ilə bağlı Milli Məclisin arxivində hər hansı məlumatın mövcud olmadığı bildirilmişdir. Həmin məktubla bir daha təsdiq olunmuşdur ki, iddiaçının Baş prokurorun müavini vəzifəsindən azad olunmağı barədə xx.xx.1993-cü il tarixli əmr Milli Məclis tərəfindən təsdiq olunmamışdır. Belə olan halda, iddiaçı Baş prokurorun müavini vəzifəsində qalmaqda davam etdiyini hesab edir. xx.xx.2024-cü il tarixində iddiaçı təkrarən Baş prokurorluğa müraciət edərək göstərilən əmrlərin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və digər ödənişlərin hesablanaraq ödənilməsi, xx.xx.2015-ci il tarixindən (60 yaşı taman olunan tarixdən) yaşa görə prokurorluq orqanlarından işdən azad edilməyinə dair əmək kitabçasına düzəliş edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ərizəsi təmin edilməmişdir. Həmçinin mübahisənin məhkəmədənkənar qaydada, mediasiya vasitəsilə həll edilməsi də mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad edib, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı Baş prokurorun xx.xx.1993-cü il tarixli əmrinin həmin dövr qüvvədə olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunmalı olduğuna, lakin təsdiq olunmadığına, həmçinin onun prokurorluq orqanlarından xaric olunması barədə Baş prokurorunun xx.xx.1993-cü il tarixli əmrinin də əsassız və qanunsuz olduğuna istinad edərək, həmin əmrləri mübahisələndirir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru İ.Ə.Şirinov tərəfindən, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında 12 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar, xx.xx.1993-cü il tarixdə İddiaçı tutduğu vəzifədən azad edilməsi və Bakı Şəhər Prokurorluğunun İstintaq şöbəsinin istintaq hissəsinə böyük müstəntiq vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Baş prokurorluq tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Baş prokurorunun xx.xx.1993-cü il tarixli 1250 nömrəli əmri ilə İddiaçı tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarından xaric edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Baş prokurorun xx.xx.1993-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə müraciəti ilə bağlı Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının xx.xx.1993-cü il tarixli iclasında işçi qrupunun yaradılması və məsələnin araşdırılaraq, komissiyaya arayışın təqdim edilməsi qərara alınmışdır. Həmin komissiyanın xx.xx.1993-cü il tarixli iclasında Baş prokurorun xx.xx.1993-cü il tarixli Konstitusiyaya zidd hesab edilmiş və Baş prokurora İddiaçı işdən azad olunması barədə xx.xx.1993-cü il tarixli əmrini ləğv edib, onun əvvəlki vəzifəsinə bərpa edilməsi təklif edilmişdir. Həmin komissiyanın xx.xx.1993-cü il iclasının protokolundan görünür ki, komissiyanın xx.xx.1993-cü il tarixli iclasında İddiaçı vəzifəsinə bərpa olunması barədə tövsiyyəsi ilə Baş prokuror razılaşmamış və İddiaçı Baş prokurorun müavini vəzifəsindən azad edilməsi barədə verdiyi təkrar təqdimat Milli Məclisin müzakirəsinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək, məsələ ilə bağlı Milli Məclisin arxivində hər hansı məlumatın olmadığı bildirilmişdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəbul edilmiş əmrlər 1993-cü ilə aiddir. Məhkəmə qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən əmrlər qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 21 ildən artıq müddətdə mübahisələndirilməmişdir və iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun əmrləri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətinə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.1993-cü il tarixli və xx.xx.1993-cü il tarixli əmrlərinin mübahisələndirilməsinə dair iddia mümkün sayılmadığından, həmin əmrlərin ləğv olunması ilə bağlı iddia tələbinin digər hissələri də (“xx.xx.1993-cü il tarixindən xx.xx.2015-ci il tarixinə kimi ödənilməmiş əməkhaqqı və digər ödənişlərin hesablanaraq birdəfəlik qaydada ödənilməsi, əmək kitabçasında yaşa görə prokurorluq orqanlarından işdən azad edilməyinə dair müvafiq düzəlişin edilməsi, pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) mümkün sayılmamalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı xx.xx.1993cü il tarixli və xx.xx.1993-cü il tarixli əmrlərin ləğv edilməsi, xx.xx.1993-cü il tarixindən xx.xx.2015-ci il tarixinə kimi ödənilməmiş əməkhaqqı və digər ödənişlərin hesablanaraq birdəfəlik qaydada ödənilməsi, əmək kitabçasında yaşa görə prokurorluq orqanlarından işdən azad edilməyinə dair müvafiq düzəlişin edilməsi, pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2lik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar