Məhkəmə qərarları › İş №2-1(112)-839/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-839/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-839/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorrta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********8 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, İddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdə xx.xx.1976-xx.xx.1993cü il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dəmir Yolu” 9 saylı X3 distansiyasında işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi ilə bağlı xx.xx.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də iddiaçının əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (14 il 8 ay 22 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hssəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33589,41 manat təşkil edir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkündür, ailəsi ilə birlikdə erməni işğalçıları rayonu işğal etdikdən sonra Bakı şəhərinə gəlmiş və orada məskunlaşmışlar. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol stansiyasında müxtəlif işlərdə işləmişdir. Belə ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixə kimi 2-ci dərəcəli yol mantyoru işləmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə hərbi xidməti başa vurduqdan sonra həmin idarədə 3-cü dərəcəli yol mantyoru vəzifəsinə qəbul edilmiş və xx.xx.1993-cü il tarixə kimi həmin vəzifə üzrə fəaliyyət göstərmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazda imtina məktubunda göstərilən dəlillərə istinad olunaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İ tələb: İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur və 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Deməli birinci tələb ödənilir. İİ tələb: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (НЗ № ******* nömrəli hərbi biletin, ИТ-l № ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixə kimi Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan dəmiryol distanstansiyasında ikinci dərəcəli yol montyoru işləmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırılmaqla əlaqədar işdən azad edilmiş, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan dəmiryol distansiyasında 3-cü dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2008-ci il tarixdə “Azneft” İB-nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi 2 nömrəli neft və qazçıxarma sexinə dördüncü dərəcəli quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə 3 nömrəli neft və qazçıxarma sexinə dördüncü dərəcəli quyuların yeraltı təmiri üzrə operator, xx.xx.2010-cu il tarixdə 2 nömrəli neft və qazçıxarma sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator, xx.xx.2010-cu il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator keçirilmiş, xx.xx.2018-ci il tarixdə həmin sahədə 4-cü dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. Hazırda həmin vəzifədə işləyir. SOCAR-ın xx.xx.2020-ci il tarixli SOCAR**********81200601B00024 saylı arayışından görünür ki, iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 2 nömrəli neft və qazçıxarma sexində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator”, 3 nömrəli neft və qazçıxarma sexində xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, 2 nömrəli neft və qazçıxarma sexində xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, Quyuların əsaslı və yeraltı təmiri sexində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək "quyuların yeraltı təmiri üzrə operator”, həmin sahədə xx.xx.2018-ci il tarixdən hazıradək "quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi” peşəsində (vəzifəsində) işləmiş və bu peşələrdə (vəzifələrdə) işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı" yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. İddiaçı tələbində xx.xx.1976-xx.xx.1993-cü il tarixdə Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan dəmiryol distanstansiyasında işlədiyi dövrün onun iş stajına daxil edilməsini xahiş etmiş, bu dövrün araşdırılması məqsədilə "xxxx" QSC-yə sorğu verilmiş, QSC iddiaçının əmək fəaliyyəti ilə bağlı Cəmiyyətin arxivində hər hansı hüquqi sənəd aşkar olunmadığını bildirmişdir. İddiaçının əmək kitabçasından görünür ki, onun xx.xx.1979-cu ildə işdən azad olunması barədə qeydi “Ə.İmanov”, xx.xx.1986-cı il tarixli qeydi və xx.xx.1993-cü il tarixdə işdən azad edilməsi barədə qeydi "xxxx" imzalamışdır. Məsələ ilə bağlı QSC-yə verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 149121 saylı məktubunda göstərilmişdir ki, iddiaçıya məxsus ИТ-l № ******* nömrəli əmək kitabçasının surətində imzası olan Süleyman Hacıyev xx.xx.1986-xx.xx.1995-ci il tarixlərində, Əyyub İmanov isə xx.xx.1965-xx.xx.1976-cı il tarixlərində Azərbaycan Dəmir Yollarının Mincivan yol distansiyasının rəisi vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasındakı xx.xx.1979-cu il tarixli qeydi imzalayan Ə.İmanov və xx.xx.1986-cı il tarixli qeydi imzalayan S.Hacıyev həmin tarixlərdə o müəssisədə işləməmişlər. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş, iddiaçı ilə birlikdə işlədiklərini bildirən X1 məxsus əmək kitabçasından görünür ki, onun əmək kitabçasındakı xx.xx.1979-xx.xx.1995-ci il tarixlərində aparılmış qeydlər rus əlifbası ilə rus dilində tərtib edilsə də, eyni dövrdə onunla birlikdə işləyən iddiaçının əmək kitabçasındakı qeydlər rus əlifbası ilə Azərbaycan dilində yazılmışdır. Həmçinin iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1979-cu il tarixli əmrin nömrəsi “110” göstərildiyi halda, həmin tarixdən sonra qəbul edilmiş xx.xx.1979-cu il tarixdə A.Abdullayevə məxsus əmək kitabçasında aparılmış qeyd üzrə əmrin nömrəsi “102” olaraq qeyd olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyi şübhə doğurduğundan, bu şübhə mötəbər sənədlərlə təsdiq edildiyindən, iddiaçının tələbi isə mötəbərliyi şübhə doğuran həmin sənədlərə əsaslandığından onun tələbi xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilədək işlədiyi dövrün sosial sığorta stajına hesablanması hissəsində təmin edilməməlidir. Həmin dövr sığorta stajı kimi nəzərə alınmadıqda aydın olur ki, iddiaçının ümumi iş stajı təhsil dövrü də nəzərə alınmaqla 14 il 6 ay 27 gün, güzəştli iş stajı isə 12 il 5 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli dövrdə işlədiyini təsdiq edən mötəbər sübutlar əldə etdikdə, həmin sübutlara sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar