Məhkəmə qərarları › İş №2-1(112)-839/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-839/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-839/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “sərəncamın etibarsız sayılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin **********91-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı və **********91-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportu var. Həmin fərdi yaşayış sahəsi 2,183 sot özəl torpaq sahəsindən ümumi sahəsi 68,0 kv.m olan bir mərtəbəli fərdi yaşayış evindən, həyət tikililəri – sahəsi 6,25 kv.m olan hamam, sahəsi 1,2 kv.m olan ayaqyolu, 119,7 kv.m ağlay döşənmiş sahə və sahəsi 18,0 kv.m olan qarajdan ibarətdir. Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yarasız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi həmin sərəncamı əsas gətirərək, həmin torpaq sahəsi və fərdi yaşayış evinin dəyərinin ödənilməsi ilə bağlı arasında heç bir razılaşma olmadan fərdi yaşayış evini sökməyə cəhd göstərmiş, qəsdən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunu qazma işləri aparmaqla yararsız hala salmış, fərdi yaşayış evinə nəqliyyat vasitəsinin girib-çıxması qeyri-mümkün olmuş və fərdi yaşayış evinin su xəttini sındıraraq su təchizatı dayandırılmış, bu yolla MMC-nin rəhbərliyi onu və ailə üzvlərini həmin fərdi yaşayış evini tərk etməyə məcbur edirlər. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə ləğv edilməsi ilə bağlı tərəfindən 28 noyabr 2022-ci il tarixli xəbərnaməli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edilmiş, lakin həmin ərizə xx.xx.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə çatdırılsa da, 2 aydan artıq vaxt keçməsinə baxmayaraq ərizə üzrə müvafiq qərar qəbul edilməsi təmin edilməmiş və həmin ərizə ilə bağlı məlumat verilməmişdir. X6 ilə birlikdə həmin ərizə ilə bağlı 2 dəfə Bakı Şəhər İcra Hakimiyyətində olsa da, müraciəti üzrə ona məlumat verilməmişdir. Ona görə də, 28 noyabr 2022-ci il tarixli ərizə üzrə müvafiq qərar qəbul edilməməsi və ona məlumat verilməməsi cavabdehin imtinası kimi qəbul edilməlidir. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qəzalı vəziyyətdə deyil, yaşayış üçün tam yararlıdır və 2,183 sot torpaq sahəsi xüsusi mülkiyyətindədir. 04 mart 2020-ci il tarixli 51 saylı sərəncam qəbul edilərkən 2,183 sot torpaq sahəsinin şəxsi mülkiyyətində olması nəzərə alınmamış, onunla həmin torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi ilə bağlı heç bir razılaşma olmadan "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması, həmin fərdi yaşayış evinin **********91-10301 reyestr nömrəli olması, torpaq sahəsinin 0,02183 ha özəl torpaq sahəsindən, daşınmaz əmlakın ümumi sahəsi isə 68,0 kv.m-dən ibarət olması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi **********91-10301 reyestr nömrəlidir, həmin fərdi yaşayış evi 9,6 kv.m, 12,4 kv.m və 20 kv.m sahələri olan 3 ədəd yaşayış otaqlarından 14,9 kv.m sahəsi olan 1 ədəd bağlı eyvandan və 7,1 kv.m sahəsi olan 1 ədəd dəhlizdən ibarətdir. Fərdi yaşayış evinin həyət tikililəri sahəsi 8,5 kv.m olan hamam, sahəsi 1,9 kv.m olan ayaqyolu, 119,7 kv.m ağlay döşənmiş sahə və sahəsi 18,0 kv.m olan qarajdan ibarətdir. İşdə olan xəbərnamədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə ləğv edilməsi ilə bağlı sonuncu tərəfindən 28 noyabr 2022-ci il tarixli xəbərnaməli məktubla ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə çatdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X3, X5, İddiaçı qarşı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4043/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia icraata götürmüşdür. İddia əsassızdır və onun məhkəmə icraatı mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı halda iddiaçının ümumiyyətlə narazı qaldığı inzibati aktla əlaqədar şikayət instansiyasına müraciət edib-etmədiyi görünmür və eyni zamanda şikayətçi qanunla müəyyən olunmuş müddətdə məhkəmədə iddia qaldırmamasının səbəblərini açıqlamamışdır, yəni iddiaçı qanunla müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının mübahisələndirdiyi Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı ilə "xxxx"' MMC-yə sərəncamda göstərilən ərazidə 4,2258 ha torpaq sahəsi ayrılmış, iddiaçıya məxsus əmlak isə birgə mülkiyyətdə sərəncam verildikdən 1 il keçdikdən sonra yəni xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Bakı ŞİH-in “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamının iddiaçının mülkiyyət hüququnu pozmasının nədə ifadə olunması əsaslandırılmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi əsassızdır, yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə verilmişdir. Mübahisələndirilən inzibati akt - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 51 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. "xxxx" MMC Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X3, X5, İddiaçı qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4043/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia icraata götürmüşdür. İddiaçı BŞİH-nin 51 saylı xx.xx.2020-ci il tarixli sərəncamının etibarsız hesab edilməsinə dair iddianı sərəncamdan məlumatı olduğu 7 ay keçdikdən sonra iddia qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsaslanaraq iddiaçının iddiasının mümkünsüz sayılması və iddianı rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx"MMC-nin istifadəsinə verilməsinə dair” sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçəsinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələf gətirən köhnə tipli tikililərin sökülərək yerində müasır tipli - yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 1576 saylı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 42258 kv.m olan torpaq sahəsi 49 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021-ci il) əsasən ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın ümumi sahəsi 68 kv.m, torpaq sahəsinin ölçüsü 0,02183 ha-dır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ünvan 3 ünvanına dair **********91-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdır. Sənəd üzrə torpaq sahəsi 0,02183 ha, faktiki sahəsi 0,02183, tikintialtı sahəsi 0,00986 ha, digər sahələr 0,01197 ha-dır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 1772/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi evə dair tələb olunan məlumatlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumunun arxivində saxlandığından, aidiyyəti üzrə müraciət etmək məqsədəuyğundur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 6119/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 5 ünvanı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamının təsir dairəsinə düşür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 3-52/2-Q-429-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmədə baxılır. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən X2 və X1 müraciətləri əsasında toplanmış 159-c-23 saylı material üzrə fakta görə Azərbayucan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(006)-1549/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli 10/2800 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qazıntı, soküntü, tikinti işləri nəticəsində, həmin evə zərər dəymişdir. Eyni zamanda, həmin fərdi yaşayış evini təmir işləri aparılmaqla bərpası mümkün olmadığından, sökülüb yenidən inşa olunmalıdır. İddiaçı yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı sahədə yerləşən tikililərin sökülməsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirələcək tikinti-təmir işlərinin orta bazar qiymətləri manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər). II. İddianın növü və mümkünlüyü Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. İddianın növü sərəncamın etibarsızlığının tanınmasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddia mümkündür. III. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair (Əlavə protokol, 1 saylı protokol) Protokoldan: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən: Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Maddə 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65.1.2 Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. IV. Məhkəmənin mövqeyi Məhkəmənin hazırkı iş üzrə mövqeyi analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1414/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarına uyğundur. İşin materialları ilə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,2258 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamına əsasən üçüncü şəxsə icarəyə verilmişdir. Məhkəmə hazırki iş üzrə araşdırmanı X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka mülkiyyət hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Cavabdeh inzibati qurum tərəfindən qəbul edilmiş sözügedən sərəncam iddiaçının mülkiyyət hüququna müdaxilədir. Məhkəmə hesab edir ki, həmin müdaxiləyə nə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi nə də mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında deyil, mülkiyyətdən məhrumetmə kimi qiymət verilməlidir. Qeyd edilən mövqe X8 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106). Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya münasibətdə Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx"MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamıın etibarsızlığı tanınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında fərdi yaşayış evinin altındakı 0,02183 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar