Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8391/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İş № 2-1(112)-8391/2021 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 24.09.2021-ci il Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Laçın rayon prokurorluğunda stajormüstəntiq vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 gün müddətin güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün stajına daxil edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün və özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə qulluq etmişdir. 04 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək, 1 il 2 ay 20 gün hərbi prokurorluğun səlahiyyətlərini mülki prokurorluq həyata keçirdiyi dövrdə ərazisində döyüş əməliyyatları aparılan və dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə yerləşən Laçın rayon prokurorluğunda döyüş şəraitində stajor-müstəntiq vəzifəsində işləmişdir. Həmin dövrün güzəştli şərtlərlə hesablanmaqla qulluq stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh əvvəlki redaksiyada olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.4-cü maddələrinə istinad edərək onun güzəştli şərtlərlə iş stajının qulluq stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina, həmçinin onunla əsaslandırılmışdır ki, prokurorluq orqanlarında qulluq keçən şəxslərin xidmət illərinin müəyyənləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarda isə prokurorluq orqanları əməkdaşlarının xidmət illərinin güzəştli şərtlərlə hesablanması ilə bağlı hər hansı müddəa mövcud deyil. İmtinadan, həmçinin görünür ki, pensiya təyin edən orqanda əmək pensiyasının təyin olunması ilə bağlı qəbul edilmiş 28 dekabr 2019-cu il tarixli təyinat ərizəsinə müvafiq komissiyada mahiyyəti üzrə baxılmamış, habelə ərizəyə əlavə edilmiş sənədlər, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun sığorta stajının hesablanmasında güzəştlər nəzərdə tutan 24-cü maddəsinin və digər normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının tələbləri və bu Qərarın idarəetmə orqanlarının normativ hüquqi aktları ilə əlaqədə prokurorluq orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanmasını tənzimləyən müddəaları, eləcə də sözügedən Qərarın pensiya hüququna malik prokurorluq orqanları işçilərinə şamil edilibedilməməsinə şərh verilməsi ilə bağlı Nazirlər Kabinetinin Aparatının rəhbərinə olan müraciətinə əsasən ünvana göndərilmiş 08/Q 722/1 saylı, 21 noyabr 2019-cu il tarixli rəsmi cavab məktubunda qeyd olunan və işin düzgün həlli üçün əhəmiyyətli olan faktiki hallar nəzərə alınmamış və nəticədə mənə münasibətdə tətbiq edilməli hüquq normaları tətbiq edilməmiş, tətbiq edilməli olmayan normalara istinad edilməklə əmək pensiyası təyin olunmasından qanunsuz və əsassız olaraq imtina olunmuşdur. İmtinadan sonra pozulmuş hüquqların bərpası ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinin tələblərinə əsaslanaraq, tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət olunmuş və həmin ərizə 20.02.2020-ci il tarixdə **********0 nömrə altında qeydiyyata alınmasına baxmayaraq, şikayət ərizəsinə şikayət instansiyasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq inzibati icraat qaydasında baxılmamış, təqdim olunmuş sənədlərə və sübutlara hüquqi qiymət verilmədən, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmadan və iştirakı təmin olunmadan şikayətinə adi ərizə kimi baxılmış və pensiya təyin edən orqanın 04.02.2020-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd olunan formal əsasların təkrarlanması ilə kifayətlənilmiş və nəticədə bu barədə adına göndərilmiş 01 aprel 2020-ci tarixli, **********6 saylı cavab məktubu poçt vasitəsilə 15 aprel 2020-ci il tarixdə ünvanına daxil olmuşdur. Məktubda qeyd olunanlardan göründüyü kimi istər pensiya təyin edən orqanın döyüş şəraitində döyüş əməliyyatları dövründə, Laçın rayon prokurorluğunda xidmət etdiyi 1 il 2 ay 20 gün müddətin güzəştli şərtlərlə hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən iş (sığorta) stajına daxil etməkdən imtina etməsi, həmçinin şikayət instansiyası tərəfindən bununla bağlı şikayət ərizəsinə inzibati icraat qaydasında baxılmaması, eləcə də bu məsələyə yalnış hüquqi münasibət bildirilməsi mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququmun əsassız şəkildə pozulmasına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən 1992- ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında prokurorluq orqanları işçiləri birbaşa nəzərdə tutulmasa da, əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın 3.4-cü, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.6-cı, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndlərinin müddəaları ilə prokurorluq orqanları işçilərinin uzun müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması məsələsi hüquqi cəhətdən tənzimlənmişdir. Bununla da idarəetmə orqanları istər əvvəllər qüvvədə olmuş, istərsə də hazırda qüvvədə olan, yuxarıda sadalanan həmin normativ hüquqi aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün üzun müddət xidmətə güzəştli şərtlərlə aid edilən iş stajının hesablanması ilə bağlı norma və müddəalarını prokurorluq orqanları işçilərinə də aid etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsində pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aid edilmiş şəxslərin dairəsində prokurorluq orqanları işçiləri müəyyən edilməsə də, həmin Qərarın 2-ci hissəsinin 24-cü abzasına əsasən, bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Bununla əlaqədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.8-ci bəndində göstərilir ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992 ci il 23 noyabr tarixli 631 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Eyni zamanda, yuxarıda qeyd olunan həmin müddəalar idarəetmə orqanı olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli 6 nömrəli və 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarları ilə təsdiq olunmuş, əvvəllər qüvvədə olan Qaydaların müvafiq olaraq 3.4-cü və 3.6-cı bəndlərində də nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan və şikayət instansiyası pensiya təyinatı ilə bağlı müraciətinə baxarkən nəzərə almamışdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda prokurorluq işçilərinin pensiya təminatına, onların digər sosial təminatı və müdafiəsi, o cümlədən xidmət illərinə görə pensiya hüququna malik olmalarına dair müddəalar əks olunsa da, pensiya təyin edilib verilməsi üçün üzün müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Eyni zamanda, belə bir müddəa Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarının 12 nömrəli əlavəsində “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” ilə də müəyyən edilməmişdir. Belə olan halda, bütün bunlar bir daha onu göstərir ki, pensiya təyin edən orqanın əmək pensiyası təyin edilməsindən imtina olunması dair cavab məktubunda prokurorluq orqanlarında xidmət illərinin hesablanmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017- ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə deyil, Nazirlər Kabinetinin 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə tənzimlənməsi barədə gəldiyi nəticə özü belə tam əsassızdır və onun vətənin müdafiəsində iştirak etmiş şəxs və müharibə veteranı kimi mövcud qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək və prokurorluq orqanlarında xidmət illərinə görə pensiya almaq hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” prokurorluq orqanları işçilərinə pensiya təyin edilib verilməsi üçün xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasını yox, başqa növ ictimai münasibətləri, əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydasını tənzimlədiyindən, Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin 24-cü abzasının müddəalarının idarəetmə orqanlarının yuxarıda qeyd olunan normativ hüquqi aktları əsasında həyata keçirilməsinin qəbul edilmədiyi hallarda belə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13-cü maddəsinin tələbləri və “Dövlət qulluğu haqqında” Qanunun 4-cü maddəsində təsbit olunmuş dövlət qulluqçularının hüquq bərabərliyi və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının güzəştli şərtlərlə hesablanması ilə bağlı normaları həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik norması kimi hər bir halda prokurorluq orqanları işçilərinin barəsində tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya hüququna malik prokurorluq orqanları işçilərinə şamil edilibedilməməsinə rəsmi şərh verilməsi ilə bağlı Nazirlər Kabinetinin rəhbərliyinə olunan müraciətlərinə əsasən ünvanına göndərilmiş 21 noyabr 2019-cu il tarixli, 08/Q 722/1 saylı cavab məktubundan da görünür ki, sözügedən Qərarın 2-ci hissəsində xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının şamil edildiyi orqanların sırasında prokurorluq orqanları əməkdaşlarının adı sadalanmasa da, həmin Qərarın 2-ci hissəsinin 24-cü abzasına uyğun olaraq bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Eyni zamanda müraciətində qeyd etdiyi bu məsələ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə də tənzimlənir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 125 nömrəli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına edilən dəyişikliklərə qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilən iş stajının bir ayı üç ay sayılmaqla, bir xidmət gününün üç xidmət günü kimi hesablanması müəyyən edilmişdir. Bununla belə, konkret halda onun döyüş bölgəsində döyüş əməliyyatları dövründə, habelə Respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə yerləşən Laçın rayon prokurorluğunda xidmət eməklə güzəştli şərtlərə aid edilən iş (sığorta) stajı sözügedən normativ hüquqi aktın həmin müddəaları qüvvədə olduğu zaman qazanılmışdır. Belə olan halda, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının bu güzəşt hüququnun yarandığı dövrdə qüvvədə olan normaları tətbiq edilməklə qazanılmış 1 il 2 ay 20 gün iş stajı güzəştli şərtlərlə bir ay üç ay sayılmaqla, bir xidmət günü üç xidmət günü kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməli və ona pensiya hüququnun yarandığı vaxtdan prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 1992-ci il 23 noyabr tarixli Qərarı prokurorluq orqanlarının işçilərinə şamil edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinə əsasən hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Bununla əlaqədar olaraq prokurorluq orqanlarında qulluq keçən şəxslərin xidmət illərinin müəyyənləşdirilməsi həmin Qaydalarla tənzimlənməyib, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı tənzimlənir. Prokurorluq işçinin iş stajı adıçəkilən qərarla Baş Prokurorluğun komissiyası tərəfindən müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 01.10.2020-ci il tarixli 2-1(112)-4524/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli, 2- 1(103)-2042/2020 saylı qərardadı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4524/2020 saylı qərardadı “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiq vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmış və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərarın birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək, iddianın həmin hissədə mümkün sayılması haqqında qərar qəbul etməklə baxılması üçün göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi də Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərarın qismən, yəni “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə də mümkün sayılmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli, 2- 1(103)-2042/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına, iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin baxılan hissədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiq vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə məhkəmə baxışının predmetini təşkil edir. İddianın qalan hissədə mümkün sayılmaması məhkəmə qərarları ilə təsbit edilmişdir. Məhkəmə iddianın məhkəmə baxışının predmetini təşkil edən hissəsi ilə bağlı digər mümkünlük şərtlərini də yoxlamış və hesab etmişdir ki, iddia digər ümumi və xüsüsi mümkünlük şərtlərini ödəyir və mümkün hesab edilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiq vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 1992-ci il 23 noyabr tarixli Qərarının prokurorluq orqanlarının işçilərinə şamil edilməsində maraqlıdır. İddiaçı özü də prokurorluq içilərinin həmin Qərarda birbaşa adının nəzərdə tutulmasını qəbul edir, lakin əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın 3.4-cü, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.6-cı, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndlərinin müddəaları ilə prokurorluq orqanları işçilərinin uzun müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması məsələsi hüquqi cəhətdən tənzimləndiyini iddia edir. Hazırda qüvvədə olan adıçəkilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinin redaksiyasından da göründüyü kimi hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. İddianın mahiyyətindən də müəyyən edilir ki, iddiaçı yuxarıda adıçəkilən bəndin mahiyyət etibarı ilə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 1992-ci il 23 noyabr tarixli Qərarını tamamladığını iddia edir. Belə ki, Adıçəkilən Qərarın 2-ci hissəsinin 24-cü abzasında həmin qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrıayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilməsi ilə bağlı şərt nəzərdə tutulduğundan iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müxtəlif dövrlərdə qüvvədə olmuş kollegiya qərarları məhz idarəetmə orqanının həmin abzasda adıçəkilən normativ hüquqi aktı xarakteri daşıyır və xidmət dövrləri ilə bağlı prokurorluq orqanı əməkdaşları üçün güzəştli şərt müəyyən edir. Məhkəmə həmin əsaslandırmanı əsaslı hesab etmir. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aid olan müddət konkret olaraq sadalanmışdır. Həmin müddətin bitkin siyahısı verilmişdir ki, prokurorluq orqanlarından yalnız Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət həmin siyahıda nəzərdə tutulmuşdur. Bu zaman Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndində prokurorluq orqanları işçilərinin adının qeyd edilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin Qaydalar qərardan da görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.4-cü və 3.6-cı bəndlərinin icrasının təmin etmək məqsədilə ilə hazırlanmışdır. Həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir ki, Qaydaların iddiaçının qeyd etdiyi kimi 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarın 2-ci hissəsinin 24 abzasında nəzərdə tutulmuş idarəetmə orqanlarının güzəştli şərtlər müəyyənləşdirməsinə aid olan normativ hüquqi akt qismində çıxış etməsi barədə məsələnin tənzimlənməsi həmin qərar üçün ümumiyyətlə nəzərdə tutulmamış, bununla bağlı heç bir prosedur qayda müəyyən edən müddəa qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarı ilə müəyyən edilmiş xidmət müddəti ilə bağlı siyahı konkretdir və onun müxtəlif normativ hüquqi aktların şərhi adı ilə məhkəmə qərarı əsasında artırılması məhkəmənin normayaratma səlahiyyətinə müdaxilə kimi qiymətləndirilir. Belə ki, məhkəmə işin faktiki hallarının mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasının mövcud olub-olmamasını yoxlamaq səlahiyyətinə malik olub, iddianın əsaslı hesab edilməsi üçün yeni hüquqi əsas yaratmaq səlahiyyətində olan qurum hesab edilmir. Başqa sözlə inzibati məhkəmə icraatında işə baxan birinci instansiya məhkəməsi normayaratmır işin faktiki hallarına uyğun gələn normanın tətbiqini və iddianın mahiyyətinə uyğun qiymətləndirilməsini həyata keçirir. Yuxarıda adıçəkilən qərarla bitkin siyahı müəyyən edilmişdir ki, həmin siyahıya nəzər saldıqda da yalnız hərbi prokurorluq əməkdaşının xidmət müddətinin nəzərə alınmalı olması ilə bağlı mövqe aydın görünür. Bu zaman qanunun analogiyasının tətbiqindən də söhbət gedə bilməz. Qeyd olunur ki, qanunun və hüququn analogiyasının mahiyyəti “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun” 13-cü maddəsində müəyyən edilmişdir. Maddənin redaksiyasına əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Göründüyü kimi konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması qanunun analogiyasından istifadə imkanı verir. Bu zaman oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqi mümkün hesab edilir ki, həmin normaların tətbiqi üçün ictimai münasibətlərin tənzimləmədən kənar olması, heç bir norma ilə tənzimlənməməsi əsas qismində çıxış edir. Bu zaman təkcə tənzimlənmə tələb edən ictimai münasibətlə yanaşı, onun tənzimlənməmə səbəbləri, eyni zamanda oxşar ictimai münasibət üçün tənzimləmənin mahiyyəti, istiqaməti və digər hallar da nəzərə alınmalıdır. Hazırkı işin faktiki halları ilə bağlı isə oxşar münasibətləri tənzim edən normanın tətbiqi əsası mövcud deyil. Belə ki, hansı qrup şəxslər üçün pensiya təyin edilməsi ilə bağlı uzun müddət xidmət illəri konkret olaraq müəyyən edilmişdir ki, bitkin siyahının mövcudluğu qərarın məqsədindən xəbər verir. Xüsusi qrup şəxslər üçün nəzərdə tutulmuş güzəştli halları müəyyən edir ki, orada mülki prokurorluq əməkdaşlarının adının olmaması həmin qrup şəxslərlə bağlı tənzimlənməbub olmaması demək deyil. Əksinə, həmin şəxslərin adının olmaması, hərbi prokurorluq əməkdaşlarının siyahıda adının olması ictimai münasibətlərinin tənzimlənməsinin nəticəsidir. Belə ki, qərarla prokurorluq orqanı əməkdaşlarından yalnız hərbi prokurorluq əməkdaşları nəzərdə tutulmuş, mülki prokurorluq əməkdaşları isə həmin qərarın təsir dairəsindən kənarda qalmışdır. Bu zaman mülki prokurorluq əməkdaşının adının siyahıda olmaması həmin qrup şəxslərlə bağlı hazırkı inzibati və məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuş ictimai münasibətlərin iddiaçı kimi statusa malik olan şəxslərin xeyrinə olmayan formada tənzimləndiyini müəyyən edir. Başqa sözlə, Qərar müddəalarının iddiaçı və ona oxşar subyektlə inzibati orqan arasında yaranmış ictimai münasibətlərdə mülki prokurorluq əməkdaşının pensiya təyin edilməsi üçün uzun müddət xidmət müddətinə tətbiq edilməli olmamasını müəyyən edərək ictimai münasibəti əslində tənzimləmiş və müvafiq qayda müəyyən etmişdir. Həmin ictimai münasibət də tənzimlədiyindən oxşar ictimai münasibətlə bağlı normanın tətbiqindən, başqa sözlə hazırkı hal üzrə yuxarıda adıçəkilən kollegiya qərarı ilə təsdiq edilmiş Qaydanın iddiaçıya münasibətdə şamil edilməsindən söhbət gedə bilməz. İddiaçının mövqeyi ilə çıxış etdikdə, siyahıda adı olmayan bütün qrup şəxslər (həkim, müəllim və digər qrup vəzifə və peşə sahibləri) iş illəri ilə bağlı adıçəkilən qərara istinad etmək hüququna malik olar. Eyni zamanda qeyd edilməlidir ki, hər nə qədər iddiaçı “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərar başqa münasibətləri tənzimlədiyini iddia edir və iddiasının onunla əsaslandırır ki, həmin qərarla güzəştli şərtlərlə xidmət müddətinin hesablanması yox, başqa növ ictimai münasibətlər əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydası tənzimlənir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qeyd olunan qərarın güzəştli şərtlərlə xidmət müddətinin hesablanması ilə bağlı olmaması belə həmin qərarın Qaydaların 3.8-ci bəndində adının qeyd edilməsini istisna etmir. Belə ki, 3.8-ci bənddə hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması ilə bağlı qüvvədə olan normativ hüquqi aktların adları qeyd edilmişdir ki, xidmət müddətinin (qulluq illərinin) hesablanması dedikdə iddiaçının qeyd etdiyi kimi təkcə güzəştli şərtlərlə xidmət müddətinin hesablanması yox, digər müddəalar da qeyd oluna bilər. Bununla bağlı 3.8-ci bənddə mütləq qaydada konkret olaraq həmin normativ hüquqi aktların təkcə güzəştli şərtlərlə xidmət müddətinin hesablanması ilə bağlı olmasına dair imperativ tələb müəyyən edilməmişdir. İmperativ tələb müəyyən edilsə belə 3.8-ci bənddə prokurorluq orqanı işçilərinin adının qeyd edilməsi bütün prokurorluq işçiləri üçün xidmət müddətinin (qulluq illərinin) güzəştli hesablanması da mənasını vermir. Belə ki, hər nə qədər bənddən sonrakı tarixdə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarına əlavə edilmiş olsa da hərbi prokurorluq işçiləri də prokurorluq işçiləri kateqoriyasına aiddir və təbii haldır ki, onların xidməti ilə bağlı güzəştli şərtlər nəzərdə tutulduğundan və ya tutulmalı olduğundan 3.8-ci bənddə prokurorluq işçilərinin qeyd edilməsi mülki prokurorluq işçiləri üçün güzəşt yaratmır. Qanunvericiliyin qeyd olunan formada təhlili nə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının, nə də kollegiya qərarı ilə təsdiq edilmiş Qaydaların mahiyyətinə uyğun deyil. Göründüyü kimi iddiaçı 3.8-ci bənddə prokurorluq orqanı işçisinin adının qeyd edilməsini təkcə hərbi prokurorluq işçiləri üçün yox, mülki prokurorluq işçiləri üçün də güzəşt müəyyən etdiyi ilə bağlı mövqe bildirir. Lakin, məhkəmə “prokurorluq orqanı işçisi” ifadəsinin bənddə mövcud olma əsası ilə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının bütün kateqoriya prokurorluq işçilərinə tətbiqini şərh yox, konkret siyahını artırma cəhdi kimi qiymətləndirir. Halbuki Qərarda nəzərdə tutulan şəxslərin siyahısı konkretdir. Prokurorluq sistemində daxil olan qurumlarda çalışan yalnız hərbi prokurorluq əməkdaşları həmin siyahıda müəyyən edilmiş, digər prokurorluq işçiləri isə istisna edilmişdir. Bununla bağlı redaksiyanın tarixinin əvvəldən və ya sonradan olması isə vəziyyəti mülki prokurorluq əməkdaşları, o cümlədən iddiaçı üçün güzəşt müəyyən edən norma yox, hərbi prokurorluq əməkdaşları üçün güzəştin müəyyən edilməsi və ya mövcud olan güzəştin mövcudluğunun dəqiqləşdirilməsi kimi məhkəmə qiymətləndirir. Ümumiyyətlə bəndin redaksiyasından görünür ki, daxili işlər orqanları, gömrük orqanları əməkdaşları üçün də bənddə göstərilən qərarlar prokurorluq əməkdaşları kimi əlavə haqqın ödənilməsi ilə bağlı olmuş, iddiaçının qeyd etdiyi kimi güzəştli şərtlərlə xidmət müddətinin hesablanması bağlı olmamışdır. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər hazırkı iş üzrə tərəflərin fərqli olması, preyudisial xüsusiyyətinin mövcud olmaması müəyyən edilsə də iddiaçının Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı yönəlmiş “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsinə dair cavabdehin arayışının verilməsi barədə iddiasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(103)-2575/2019 saylı iş üzrə qəbul etdiyi 08.10.2019-cu il tarixli Qərarı da hüquqi məsələrinin həllində aşağı instansiya məhkəməsi qərarlarının sabitliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu zaman həmin qərar məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı nəzərə alınır ki, məhkəmə qeyd olunan qərarların nəzərə alınmasını, qərarın preyudisiallığından fərqliliyini də nəzərə alır. Belə ki, Ali Məhkəmə qərarlarının hüquqi mövqe nümayiş etdirən qərarlarının məqsədi təcrübə formalaşdırmaqdan ibarətdir ki, göstərilən qərar da hazırkı iş üzrə oxşar təcrübə formalaşdırır. Həmin işdə iddiaçı və cavabdehin tamamilə fərqli şəxslər olması, iddiaçının hazırkı iddiaçı ilə eyni və fərqli olması da məsələnin mahiyyətini dəyişmir. Belə ki, iddiaçı həmin işdə fərqli olduğu təqdirdə belə Ali Məhkəmənin İnzibati Kollegiyasının məsələyə mövqeyi aşkardır. Belə ki, Ali Məhkəmə təkcə arayışın cavabdeh tərəfindən verilməli olmamasına münasibət bildirməmiş, hansı səbəbdən verilməli olmaması barədə də mövqe nümayiş etdirmişdir ki, həmin səbəblər hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsinə münasibətdə də əhəmiyyətlidir. Belə ki, Ali Məhkəmə qərarında hesab etmişdir ki, 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarda prokurorluq orqanı əməkdaşı barədə müddəa qeyd edilməmişdir (həmin dövrdə hərbi prokurorluqla bağlı müddəa əlavə edilməmişdir.). Eyni zamanda, iddiaçı Laçın rayon prokurorluğunun həmin dövrdə hərbi prokurorluq səlahiyyətlərini icra etməsi, hərbi cinayətlərlə bağlı işlərinin ibtidai araşdırmasının həyata keçirilməsini də iddia etmişdir ki, məhkəmə qeyd olunan halı da iddia tələbinin təmin edilməsinə əsas yaratmadığını müəyyən edir. Belə ki, qərarda hansı qrup şəxslərə müddəaların şamil edilməsi konkret olaraq qeyd edilmiş, hərbi prokurorluq əməkdaşları üçün verilən güzəşt müəyyən edilmişdir ki, onun səlahiyyətlərinin prokurorluğun başqa bir qurumu tərəfindən icra edilməsi güzəşt müəyyən edən şərt kimi nəzərə alınmamışdır. Prokurorluq orqanları sistemində ixtisaslaşma ilə bağlı prokurorluq orqanlarının dairəsi də konkretdir və mülki prokurorluq orqanlarının hərbi prokurorluq orqanı qismində nəzərə alınmalı olması ilə bağlı mövqe də məhkəmə tərəfindən əsaslı qəbul edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8391/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8391/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver