Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8393/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, İddiaçı, cavabdehin nümayəndələri X3 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv ediməsi, xidmətə bərpa edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə müvafiq və tam əsası olaraq (xidməti uyğunsuzluğa görə) əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 14 yanvar 2022-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə müvafiq və tam əsası olaraq (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətindən ehtiyyata buraxılmışdır. Ailəlidir, himayəsində 2 övladı var. O, işinə bərpa olunmaq, sədaqətlə və vicdanla xidmət etmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasi Konstitusiyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8869/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 801/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8869/2022 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 1 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Adıçəkilən əmrdə baş gizir İddiaçı cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış bağlaşmanın ləğv edilməsi, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsinə göndərilməsi qeyd olunmuşdur. Qoşmaya əlavə olunmuş protokoldan (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) görünür ki, cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini baş gizir İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi nəzakət qaydalarını pozması ilə əlaqədar dinlənilmə iclası keçirilmişdir. Həmin protokolda Sahil Mühafizəsi rəisi ilə bölmədə aparılan yoxlamalar zamanı İddiaçı bir sıra nöqsanlarının mövcud olması qeyd olunmuşdur. Belə ki, İddiaçı əməliyyat şəraitini sxem üzrə Sahil Mühafizəsi rəisinə məruzə edə bilməmiş, xidməti ərazinin səliqə-səhmanı qənaətbəxş olmamışdır. Aşkar edilən nöqsanların aradan qaldırılması üçün səy göstərilməmiş, habelə hadisə ilə bağlı cənub regional şöbənin rəisi 3-cü dərəcəli kapitan Zaur Salamova heç bir məlumat verilməmişdir. Şöbə rəisi məzuniyyətdən qayıtdıqdan sonra telefon vasitəsilə İddiaçıla əlaqə saxlamış, hadisə ilə bağlı məlumat vermədiyinə görə irad bildirərkən sonuncu şöbə rəisinə qarşı hərbi nəzakət qaydalarını pozaraq, kobud ifadələr işlətmişdir. Dinlənilmə zamanı məlum olmuşdur ki, şöbə rəisi ilə baş gizir İddiaçı arasında 2021-ci ilin aprel ayında da anlaşılmazlıq olmuş, lakin İddiaçı səhvini başa düşərək, şöbə rəisindən üzr istəmiş və şöbə rəisi ona “məzəmmət” intizam cəzası elan etmişdir. Verilmiş suallara, tutulmuş iradlara cavab olaraq baş gizir İddiaçı dinlənilmənin sonunda yol verdiyi nöqsanlarla bağlı aparılmış söhbət əsasında səhv etdiyini, iradları səmimi qəbul etdiyini, bu kimi halları bir daha təkrarlamayacağını və ona şans verilməsini xahiş etmişdir. Dinlənilmənin sonunda İddiaçı xidmətində yol verdiyi nöqsanlara görə “şiddətli töhmət” inzitam cəzası verilməklə xidmət yerinin sahil nəzarəti bölmələrindən birinə dəyişdirilməsi qərarı qəbul edilmişdir. Protokolla (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd olunan protokolda İddiaçı “məzəmmət” intizam cəzasının verilməsi göstərilmişdir. Qeyd oluna hal qoşmaya əlavə olunmuş arayışla da təsdiq olunur. Həmin arayışda İddiaçı məzuniyyətdə olarkən xx.xx.2021-ci il tarixdə müayinə olunması məqsədilə Dövlət Sərhəd Xidmətinin Hospitalına müraciət etməsi, pandemiyanın yayılması səbəbindən müayinənin dayandırılması, bu barədə cənub şöbəsinin rəisi Zaur Salamova telefon vasitəsilə məlumat verərkən səs tonunu qaldıraraq hərbi nəzakət qaydalarını pozaraq hörmətsizlik etməsi qeyd olmuşdur. Bununla bağlı baş gizir İddiaçıla söhbət aparılmış, böyük rəisə qarşı hərbi nəzakət qaydalarını pozması onun nəzərinə çatdırılmış, eyni zamanda tutulmuş nöqsandan nəticə çıxartmadığı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilmişdir. Söhbətin sonunda İddiaçı bu cür halların bir daha təkrarlanmayacağını dair söz vermiş, arayışla tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə olunan xx.xx.2020-ci il tarixli öhdəliyin surətindən bəlli olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “DSX hərbi qulluqçuların etik davranış qaydalarının və əməl edilməsi ilə bağlı” öhdəliyi imzalamışdır. O, bu öhdəliyə qol çəkməklə DSX rəisinin xx.xx.2007-ci il tarixli “DSX hərbi qulluqçularının etik davranış qaydaları haqqında" əmri ilə tanış olmuş və həmin əmrin tələblərini pozmağa görə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar edilmişdir. Həmin Qaydaların 1-ci maddəsinə əsasən, bu Qaydalar DSX-nin bütün əməkdaşlarına şamil edilir. DSX-nin hər bir əməkdaşı qanunun əliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. Bütün bunlara baxmayaraq, İddiaçı xidməti fəaliyyətində dönüş yaratması üçün son şans verilmiş, lakin sonuncu, yuxarıda qeyd olunanlara baxmayaraq, barəsində tətbiq edilmiş intizam cəzalarından xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır. Daha sonra İddiaçı ona göstərilən etimadı bir daha doğrultmamışdır. Belə ki, qoşmaya əlavə olunmuş protokoldan (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) görünür ki, cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini baş gizir İddiaçı xx.xx.2021-ci il tarixdə üzərində “smartfon" tipli mobil telefonun olması və şöbə rəisinin əmrinə tabe olmaması ilə əlaqədar dinlənilmə iclası keçirilmişdir. Həmin protokolda bölmədə aparılan yoxlamalar zamanı İddiaçı çantasında sönülü vəziyyətdə “smartfon" tipli mobil telefonun aşkar edilməsi, şöbə rəisi Zaur Salamov və 2-ci dərəcəli kapitan Əliyev Elsevərin İddiaçı “smartfon” tipli mobil telefonu istəməsi, lakin sonuncunun telefonu verməkdən imtina etməsi qeyd olunmuşdur. Bununla da, İddiaçı buna dair öhdəlik götürərək (imzalamaqla) qadağan olduğunu bildiyi halda "Smart' tipli mobil telefondan istifadə edərək Dövlət Sərhəd Xidməti rəisinin "Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin, informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında” xx.xx.2017-ci il tarixli 07 nömrəli əmrinin tələblərini kobud səkildə pozmuşdur. Digər tərəfdən İddiaçı xx.xx.2018-ci il tarixdə “Hərbi sirrin qorunması və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında” öhdəliyə imza atmaqla üzərinə bir neçə öhdəlik götürmüşdür ki, onlardan biri də hərbi hissə və struktur qurumlarda foto və video çəkiliş imkanı olan “smartfon” tipli mobil telefonlardan istifadə edilməməsini nəzərdə tutur( öhdəlik qoşmaya əlavə edilir). İddiaçıla dəfələrlə izahedici söhbətlərin aparılması, keçmişdə yol verdiyi nöqsanlara görə barəsində intizam cəzalarının tətbiq olunması, İddiaçı xidmətini davam etdirməsi üçün sonuncu şansın verilməsi, habelə DSX rəisinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə baş gizir İddiaçı etimad olunaraq zabit vəzifəsinə təyin edilməsi adıçəkilən protokolda bir daha öz əksini tapmışdır. Lakin sonuncu, tutulmuş iradlardan və verilmiş tövsiyələrdən düzgün nəticə çıxarmayaraq müsbət istiqamətdə dönüş yaratması üçün səy göstərməmişdir. Dinlənilmənin sonunda İddiaçı xidməti fəaliyyəti təhlil olunaraq, zabit vəzifəsi üçün tam formalaşmadığı və tutduğu vəzifəyə uyğun olmadığı üçün yuxarıda qeyd olunanlar və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Protokolla (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə edilmiş 01.11 2021-ci il tarixli raportda qeyd olunur ki, baş gizir İddiaçı atası vətəndaş Əliəskər Əhmədov (mobil nömrə etirazda qeyd edilmişdir) mobil nömrəsindən Sahil Mühafizəsinin kadrlar şöbəsinin rəisi Zəka Məmmədova zəng edərək, oğlu İddiaçı işi ilə bağlı görüşmək istədiyini bildirmişdir. Bununla bağlı vətəndaşa görüşməyə lüzum olmadığı izah olunsa da, sonuncu israrla xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 16:15-də radələrində vətəndaş Əliəskər Əhmədov görüş zamanı “KİA OPTİMA” markalı şəxsi avtomobilini satıb, üzərinə pul əlavə edib, oğlu İddiaçı isini həll etmək üçün Sahil Mühafizənin rəisinə “hörmət" etmək istədiyini bildirmiş, lakin kadr şöbəsinin rəisi Dövlət Sərhəd Xidmətində pul ilə məsələ həll edilmədiyini qəti şəkildə izah edərək, təkrar olaraq vətəndaşa bu məsələ ilə bağlı müraciət etməməsini bildirmişdir. İşə əlavə olunmuş İddiaçı xidməti vərəqəsinin surətindən görünür ki, xidmət etdiyi müddət ərzində xx.xx.2016-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə “töhmət”; xx.xx.2021-ci il tarixdə isə barəsində “şiddətli töhmət” inzitam cəzası verilməklə, ümumilikdə 4 halda İddiaçı intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.Lakin iddiaçı özünün əməli ilə Nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuşdur. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
6. İş materiallarında olan İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə arayışa əsasən: xx.xx.2016-ci il tarixdə verilmiş göstərişi vaxtında icra etmədiyinə görə “töhmət”; xx.xx.2019-cu il tarixdə üzmə vasitəsinə baxışı səthi keçirdiyinə görə “töhmət”; xx.xx.2021-ci il tarixdə xidmətdə yol verdiyi nöqsanlara görə “şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə özbaşına hərbi hissəni tərk etdiyinə görə “töhmət” intizam məsuliyyətinə cəlb edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Sərxəd Xidməti Sahil Mühafizə rəisinin xx.xx.2022-ci il tarixli 1ş/h nömrəli əmrdə qeyd edilir: Baş gizir Əhmədov X4 regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın və onunla xx.xx.2020-ci il tarixdə bağlanmış bağlaşma ləğv edilsin. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilsin. Baş gizir İddiaçı 01 dekabr 2021-ci il tarixə xidmət illəri: Təqvimi: 07 il, 02 ay, N gün Əsas: N №-li hərbi hissədə keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2021-ci il tarixli 32 №-li protokolu və qərargah rəisinin xx.xx.2021-ci il tarixli təqdimatı.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən cavabdehin nümayəndələri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. 2.2 İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
12. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
13. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
14. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixli 1ş/h nömrəli əmr qəbul edilmiş, iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
17. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərxəd Xidməti Sahil Mühafizə rəisinin xx.xx.2022-ci il tarixli 1ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsi əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunu: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
22. Məhkəmə araşdırması nəticəsində müəyyən etdi ki, iddiaçı dəfələrlə xidmətində yol verdiyi nöqsanlara görə “məzəmmət”, “töhmət” və “şiddətli töhmət” intizam məsuliyyətinə cəlb edilmişdir. Xidmətində yol verdiyi nöqsanlar məhz onun tərəfindən törədildiyi üçün barəsində haqlı olaraq tətbiq edilən intizam cəzaları qəbul edilmişdir.
23. Azərbaycan Respublikası Silahlı X2:
61. Gizirlərə və miçmanlara verilən intizam cəzaları. a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər.
24. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həm bilavasitə xidməti ilə əlaqədar nöqsanlara yol vermiş, həmçinin şöbə rəisinə qarşı hərbi nəzakət qaydalarını pozaraq kobud ifadələr işlətmişdir.
25. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi:
5. Hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qaydaqanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır.
12. Hərbi qulluqçular tutduqları vəzifəyə və rütbələrinə görə bir-biri ilə münasibətdə (10-11ci maddələr) rəis və ya tabe olan deyillərsə, böyük və ya kiçik ola bilərlər. Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir. Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdirlər. Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər.
38. Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər.
26. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində tətbiq edilmiş intizam cəzalarından, onunla mütəmadi olaraq söhbətlərin aparılmasından, xidmətini davam etdirməsi üçün şərait yaradılmasından iddiaçı xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır.
27. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin mübahisəli əmri qanunauyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, əmr mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
28. Odur ki, cavabdeh mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və ya həmin əmr verilərkən inzibati icraatın həmin əmrə təsir edən şəkildə pozulduğu hallarını müəyyən etmir.
29. İPM-dən:
68. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
30. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva