Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8400/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" mənzil tikinti kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış 25.06.2021-cı il tarixli, **********74 saylı cavab məktubunun ləğv edilməsini, ünvan 2 ünvanda inşa edilmiş binanın 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 kv. metr olan 8 saylı mənzilin üzərində Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla MTK arasında 13 oktyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda inşa edilmiş binanın 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 kv. metr olan 8 saylı mənzilini almışdır. Həmin mənzilin dəyərini tam ödəmiş və bu barədə ona 13 oktyabr 2020-ci il tarixdə maliyyə arayışı verilmişdir. Mənzil alqı-satqı müqaviləsi əsasında onun istifadəsinə verilmişdir. Cavabdeh inzibati orqana ünvan 2 ünvanda inşa edilmiş binanın 1ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 kv. metr olan 8 saylı mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 iyul 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş və məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" mənzil tikinti kooperativi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs "xxxx" mənzil tikinti kooperativi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Cavabdeh inzibati orqanın iddia ilə bağlı 17 sentyabr 2021-ci il tarixli **********84 saylı etirazında göstərmişdir ki, qeyd olunan mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq MTK-nın adına Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qabaqcadan qeydiyyata alınmışdır. Mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim olunmamışdır. Bununla yanaşı mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq mənzilə baxış keçirilən zaman müəyyən olmuşdur ki, mənzilin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 154,8 kv. metr, faktiki isə 144,3 kv. metr təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli podrat müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri,Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi "xxxx" MTK-ya həvalə olunmuşdur. Həmin müqavilənin İİİ.1-ci bəndinə əsasən “Payçı” ona düşən 1-ci blok 4-cü mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 154,8 kv.m olan mənzilin hər 1 kv.m üçün 450 (dörd yüz əlli) manat, cəmi 69.660( altmış doqquz min altı yüz altmış) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. "xxxx" MTK tərəfindən verilmiş 13 oktyabr 2020-ci il tarixli Maliyyə arayışının surətindən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTTK-sına məxsus binanın 1-ci giriş 4-cü mərtəbəsində yaşayış sahəs i154,8 kv. metr olan 3 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Mənzil Tikinti Koperativinə borcu yoxdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********74 №li 25.06.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MTK-nın adına Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qabaqcadan qeydiyyata alındığı müəyyən edilmişdir. Mənzilin əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim olunacağı təqdirdə müraciətə yenidən baxıla bilər. Həmçinin mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən aşağıda qeyd olunan: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10.09.2021-ci il tarixli XO-01-09-2021-05659 saylı cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvanda inşa edilən yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.11.2021-ci il tarixli **********26 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı binada yerləşən mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.11.2021-ci il tarixli **********26 saylı məktubuna əlavə olunmuş aşağıdakı sənədlərdən: 06.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X9 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 39, Giriş 2 ünvvanında yerləşən, ümumi sahəsi 141,3 kv. metr olan yaşayış sahəsini "xxxx" Mənzil Tikinti Koperativindən almışdır. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilllmiş 629190 saaylı arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil 26.05.2021-ci il tarixdə X4 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 3789 nömrəli reyestr kitabının 354549 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. 14.08.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 7, Giriş 1 ünvvanında yerləşən, ümumi sahəsi 140,3 kv. metr olan yaşayış sahəsini "xxxx" Mənzil Tikinti Koperativindən almışdır. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilllmiş 522863 saaylı arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzil 06.09.2021-ci il tarixdə X1 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2711 nömrəli reyestr kitabının 252651 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. 27.08.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 39, Giriş 1 ünvvanında yerləşən, ümumi sahəsi 196,1 kv. metr olan yaşayış sahəsini "xxxx" Mənzil Tikinti Koperativindən almışdır. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* saylı arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzil 04.09.2021-ci il tarixdə X5 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2794 nömrəli reyestr kitabının 260511 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı yaşayış sahəsinin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə hesab edir ki, istismara qəbul edilməyən yaşayış binasında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8400/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8400/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver