Məhkəmə qərarları › İş №2-1(112)-8400/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8400/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8400/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üçüncü şəxs qismində göstərilməklə “xidmət illərinin yenidən hesablanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmətinin başlanğıcının xx.xx.1992-ci il tarixdən, xidmətinin son gününün isə verilməli olan 3 aylıq növbəti məzuniyyətin verilməmiş 55 günü nəzərə alınmaqla xx.xx.2013-cü il kimi göstərilməsi (hesab olunması) vəzifəsinin (Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə daxil olmağı və ehtiyata buraxılma haqqında N №-li hərbi hissə komandirinin müvafiq əmrində dəyişiklik edilməklə) cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən onun hərbi xidmətinin başlanğıcının xx.xx.1993-cü il tarixdən, xidmətinin son gününün isə ehtiyata buraxılarkən ona verilməli olan, lakin verilməmiş 3 aylıq növbəti məzuniyyətin verilməmiş 55 günü nəzərə alınmaq şərti ilə xx.xx.2013-cü il kimi göstərilməsi (hesab olunması) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə ərizə üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə ərizənin geri götürülmüş sayılması barədə ərizə verdikdə o, ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə ərizənin geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi üçüncü şəxs qismində göstərilməklə “xidmət illərinin yenidən hesablanması” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar