Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8401/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Abşeron rayonu, Quşçuluq y/m, ev 410; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Abşeron rayon Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X4 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - X2 cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - Atakişiyev Nicat Mirzə oğlu qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzilinə borcun əvəzi olaraq iddiaçının adına -X2-mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Atakişiyev Nicat Mirzə oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzili borcun əvəzi olaraq iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək bu barədə ona mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı məhkəmə qaydasında hazırki iş üzrə borclu Atakişiyev Nicat Mirzə oğlundan boşandıqdan sonra qız soyadını götürərək şəxsiyyət vəsiqəsində Bədirova soyadı yazdırmışdır. Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-4548/2019 saylı, 08 aprel 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Adil Məmmədov küçəsi, 11 saylı evin 55 saylı mənzilinə görə ödənilmiş 36699,08 manatın 1/2 hissəsi- yəni 18349,54 manat, cavabdehin "xxxx" QSCdə saxlancda olan 3000 manatının 1/2 hissəsi- 1500 manat, cavabdehin işdən çıxması ilə bağlı "xxxx" QSC-dən aldığı 18317,43 manatın 1/2 hissəsi-9158,70 manat, cəmi 29008,24 manat cavabdeh Atakişiyev Nicat Mirzə oğlundan alınaraq iddiaçı Atakişiyeva (Bədirova) Gülsüm Abbas qızına verilməlidir. «Hundai Sonata» markalı, ** DN *** dövlət nişanlı avtomaşının üzərində 1/2 hissədə iddiaçı Atakişiyeva Gülsüm Abbas qızının, 1/2 hissəsi Atakişiyev Nicat Mirzə oğlunun mülkiyyəti müəyyən edilsin. 79.724,9 manat məbləğində pul vəsaiti Atakişiyev Nicat Mirzə oğlundan alınaraq X1 verilməlidir. Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun icra sənədini icra etmək məqsədi ilə borclunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzilinə borcun yönəldilməsi məqsədi ilə mənzilin üzərinə həbs qoyulması barədə verdiyi təqdimat Binəqədi rayon məhkəməsinin 8(001)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilmişdir. İzahatı alınan borclu Atakişiyev Nicat Mirzə oğlu da xx.xx.2019-cu il tarixdə icra şöbəsinə verdiyi izahatında borcun əvəzinə mənzilin satılaraq əvəzləşdirilməsinə razı olduğunu bildirmişdir. Mübahisələndirilən mənzilin ilkin satış qiyməti Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 75.000 manat müəyyən edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Mübahisəli mənzil tələbkar kimi ona təklif olunmuşdur. O, mənzili borcun 75.000 manat hissəsinin əvəzi olaraq qəbul etmişdir. Bu səbəbdən Binəqədi rayon icra şöbəsinin icra məmurunun 28 aprel 2021-ci il tarixli qərarı ilə mənzilin ona təqdim edilməsi barədə və daşınmaz əmlakın tələbkar olaraq onun adına icra üsuluna uyğun olaraq sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədləri cavabdehin ünvanına göndərilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh adı çəkilən mənzili onun adına sənədləşdirməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur, iddiaçı X2 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti zamanı qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilin üzərinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 8(001)-83/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan əlavə, üzərinə həbs qoyulmuş əmlakın tələb əvəzində tələbkara verilməsi haqqında icra məmurunun qərarı əmlaka dair hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində əsas kimi nəzərdə tutulmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********28 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir, həmçinin qeyd olunan mənzilin üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-83/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1045/2018 nömrəli, 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk, Adil Məmmədov küçəsi, 11 saylı evin 55 saylı ümumi sahəsi 49,86 kv.m olan bir otaqlı mənzilinin əldə edilməsi üçün ödənilmiş 36699,08 manat üzərində birgə nikahdan olan iki uşağın mənafeyi nəzərə alınmaqla 2/3 hissədə G.Atakişiyevanın, 1/3 hissədə N.Atakişiyevin paylarının müəyyən edilməsi, N.Atakişiyevdən həmin 2/3 hissəni təşkil edən pul məbləğinin, yəni 24466,05 manatın alınaraq G.Atakişiyevaya ödənilməsi, “Hyundai Sonata” markalı, ** DN *** dövlət nişanlı avtomaşın üzərində birgə nikahdan olan iki uşağın mənafeyi nəzərə alınmaqla 2/3 hissədə G.Atakişiyevannın, 1/3 hissədə N.Atakişiyevin paylarının müəyyən edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri gəliri təşkil edən 18317,43 manat və 159449,80 manat üzərində birgə nikahdan olan iki uşağın mənafeyi nəzərə alınmaqla 2/3 hissədə G.Atakişiyevanın, 1/3 hissədə N.Atakişiyevin paylarının müəyyən edilməsi, N.Atakişiyevdən həmin 2/3 hissəni təşkil edən pul məbləğinin, yəni 118511,48 manatın alınaraq G.Atakişiyevaya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş rüsum iddiaçını özünə aid edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-6914/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1045/2018 saylı iş üzrə qəbul etdiyi 15 mart 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi, 11 saylı evin 55 saylı mənzilinin və “Hyundai Sonata" markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomaşının, cavabdehin "xxxx" QSC-dən aldığı və "xxxx" sığorta şirkəti ASC-dən həyat sığortasına görə aldığı pul vəsaitləri ilə bağlı hissədə ləğv edilməsi, həmin tələblərə aid hissədə yeni qətnamə qəbul edilməsini və iddia tələblərinin həmin hissədə qismən təmin edilməsi, “Hyundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ½ hissədə iddiaçı Atakişiyeva Gülsüm Abbas qızının /2 hissədə isə cavabdeh Atakişiyev Nicat Mirzə oğlunun payının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi, 11 saylı evin 55 saylı mənzilinə görə ödənilmiş 36699,08 manatın 1/2 hissəsi-yəni 18 349,54 manat, cavabdehin "xxxx" QSC-də saxlancda olan 3000 manatının 1/2 hissəsi-1500 manatın, cavabdehin işdən çıxması ilə bağlı "xxxx" QSC-dən aldığı 18317,43 manatın 1/2 hissəsinin- 9158,7 manatın, cəmi 29 008,24 manatın cavabdeh Atakişiyev Nicat Mirzə oğlundan alınaraq iddiaçı Atakişiyeva Gülsüm Abbas qızına verilməsi, cavabdeh tərəfindən "xxxx" sığorta şirkəti ASC-dən həyat sığortasına görə alınmış pul tələbinə aid hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7662/2018 nömrəli 17 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Atakişiyeva Gülsüm Abbas qızının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6914/18 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsi iddiaçı Atakişiyeva Gülsüm Abbas qızının iddia tələbinin “Atəşgah Həyat" sığorta şirkəti ASC-dən xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən alınmış həyat sığorta məbləği 159449,80 manat məbləğində pul vəsaitinin 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə cvabdeh Atakişiyev Nicat Mirzə oğluna bölünməsinə aid hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4548/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1045/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışı predmeti olan hissədə dəyişdirilməsi, tərəflərin birgə nikahları dövründə əldə etdikləri 159449,80 manat üzərində Atakişiyeva Gülsüm Abbas qızının və cavabdeh Atakişiyev Nicat Mirzə oğlunun 1/2 hissədə payları müəyyən edilməsi, 79724,9 manat məbləğində pul vəsaiti Atakişiyev Nicat Mirzə oğlundan tutularaq Atakişiyeva Gülsüm Abbas qızına verilməsi, apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6261/2018 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh Atakişiyev Nicat Mirzə oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4548/2019 nömrəli iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4548/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə İcra Vərəqəsi verilmiş və həmin İcra Vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4548/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işinin təsdiqlənmiş materiallarını məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4548/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4548/2019 saylı, xx.xx.2019-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Atakişiyev Nicat Mirzə oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş (********** qeydiyyat nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ev 16, 93 nömrəli mənzilin üzərinə həbs qoyulması və borcun mənzilə yönəldilməsi barədə təqdimat baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-83/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin Təqdimat qismən təmin edilərək, borclu Atakişiyev Nicat Mirzə oğluna məxsus ünvan 4, 93 saylı mənzilin üzərinə həbs qoyulması, qalan hissədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-83/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-263/2021 saylı xx.xx.2021-ci il tarixli İcra Vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 93 nömrəli mənzilin ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi xx.xx.2021ci il tarixli xx/xx-177027-16 nömrəli Təklif məktubu ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsini rəhbər tutaraq 75000 (yetmiş beş min) manat dəyərində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A. Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzili Atakişiyeva Gülsüm Abbas qızına təklif etmişdir. İş materiallarından görünür ki, Atakişiyeva Gülsüm Abbas qızı xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx- 177027-16 nömrəli Təklif məktubunda göstərilən təklifi, yəni 75000 (yetmiş beş min) manat dəyərində olan Bak şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A. Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzilin qəbul edilməsinə razılıq vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərar qəbul edərək, icra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldiyi Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzili iş üzrə tələbkar Atakişiyeva Gülsüm Abbas qızına təqdim edilməsi və daşınmaz əmlakın iş üzrə tələbkar Atakişiyeva (Bədirova) Gülsüm Abbas qızına icra üsuluna uyğun adına sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədlərin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 16 saylı evin, 93 saylı mənzilinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, qeyd olunan mənzilin üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-83/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Həmçinin məktuba əlavə edilmiş sənədlər (təklif və ərizə) hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində əsas kimi nəzərdə tutulmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak, yəni ünvan 4 ünvanda yerləşən 93 saylı mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və bu barədə Atakişiyev Nicat Mirzə oğluna ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarış verildiyindən, hazırkı mübahisənin predmeti isə həmin mənzilin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə tələbkar X3 təklif olunduğundan və G.Bədirova həmin əmlakdan imtina etmədiyindən və nəticədə mənzil üzərində mülkiyyət hüquqları X2 adına keçirilməli olduğundan, cavabdeh inzibati orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin verilməməsi ilə bağlı dəlili əsassızdır. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “qeyd olunan mənzilin üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-83/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur” dəlili ilə bağlı qeyd edir ki, Binəqədi rayon Məhkəməsinin 8(001)-83/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından da göründüyü kimi, mənzil üzərində həbs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin müvafiq təqdimatı əsasında qoyulmuşdur. Daha sonra isə həmin mənzil qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilmiş borc əvəzi olaraq X3 təklif edilmiş və X5 həmin mənzili borc əvəzi olaraq qəbul etmişdir. Qeyd edilənlərə əsasən Binəqədi Rayon İcra Şöbəsi “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” Qərar qəbul edərək həmin qərarı və digər sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmişdir. Göründüyü kimi, hazırkı mübahisənin predmeti olan mənzil üzərində həbs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi və nəticədə tələbkar qismində çıxış edən X2 mülkiyyət hüquqlarının qorunması məqsədilə qoyulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X2 mülkiyyət hüquqlarının qorunması məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzil üzərinə qoyulmuş həbs, həmin mənzil üzərində G.Bədirovanın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak olduğundan və həmin mənzil qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq X2 adına keçirilməli olduğundan, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzili borcun əvəzi olaraq iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək bu barədə ona mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 93 saylı mənzili borcun əvəzi olaraq iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək bu barədə ona mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-8401/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8401/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver