Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8402/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14614/2024 nömrəli əmək pensiyasının dayandırılması barədə qərarının və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 14613/2024 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. O, xx.xx.1982-ci ildən müxtəlif işlərdə işləmiş və xx.xx.2017-cı ildən ona 52 yaşı tamam olmasına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra o əmək fəaliyyətini davam etdirmiş və hazırkı vaxta kimi işləməkdədir. İddiaçı bir müddət pensiya aldıqdan sonra ona təyin edilmiş pensiya cavabdeh tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixil, 2-1(102)-509/2024 saylı qərarına əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin xx.xx.2022-ci il tarixdən dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsi dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İşə baxan məhkəmə iddianı təmin edərkən belə qənaətə gəlmişidir ki, iddiaçının pensiyası dayandırılarkən cavabdeh tərəfindən “İnzibati icrat haqqında” AR Qanununun normaları pozulmuşdur. Yəni məhkəmə iddianı təmin edərkən mübahisəyə sırf prosessual hüquq normalarının pozuntusu kiimi yanaşmış və mübahisəyə mahiyyəti üzrə baxıb qərar qəbul etməmişdir. Adıçəkilən qərar cavabdeh tərəfindən icra edildikdən sonra yenidən inzibati icraat aparılmış iddiaçı maraqlı şəxs qismində inzibati icraata cəlb edilmiş, lakin cavabdeh orqan belə qənaətə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yoxdur. Hesab edirik ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əmək kitabçası və güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 nömrəli Evtikmə kombinatında fəhlə vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1984-cü ildən xx.xx.1984cü ilə qədər 2 №-li Evtikmə kombinatında fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1988-dək gözətçi, xx.xx.1989-cu ildən hal-hazıradək N.Nərimanov adına Neft-Qaz çıxarma İdarəsində yeraltı quyuların təmiri üzrə operator, mühəndis, geoloq vəzifələrində işləmişdir. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və Qazçıxarma sahəsində işlədiyi geoloq və xx.xx.2015-ci ildən hazıradək işlədiyi böyük geoloq vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərraı ilə təsdiq edilmiş 1 №-li Siyahının 10.2A bölməsinin 1100000B-17541 şifrəsi ilə qeyd edilmiş quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqlarının vəzifəsinin xüsusiyyətləri ilə eyni olmasına dair işəgötürən müəssisə tərəfindən 10/81 №-li, xx.xx.2025-ci il tarixli güzəştli arayış tərtib edilərək cavabdeh orqana təqdim edilmişdir. Lakin cavabdeh orqan qeyd edilən sənədləri nəzərə almadan iddiaçıya güzəştli şərtlərlə 52 yaşdan yaşa görə pensiya hüququnun olmaması qənaətinə gəlmişdir. Qanunvercilik aktlarından və iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı ilədək 20 il ümumi, 10 il zərərli işdə işləməsi öz təsdiqini tapmışdır. Lakin cavabeh orqan qeyd edilən haları nəzərə almamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Nazirliyin tabeliyində DSMF-in Daxili Nəzarət departamenti tərəfindən araşdırılmışdır. İddiaçının vaxtilə Fondun Qaradağ rayon Şöbəsinə təqdim etdiyi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin ona dair xx.xx.2017-ci il tarixli XŞ №10/161 nömrəli arayışında xx.xx.1990-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə geoloq və böyük geoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq həmin dövr üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün Fond tərəfindən aidiyyəti üzrə müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq iddiaçının xx.xx.1994-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və qaz çıxarma sahəsində geoloq, xx.xx.2015-ci il tarixindən bugünədək həmin idarənin 2 saylı Neft və qazçıxarma sahəsində böyük geoloq vəzifələrində işlədiyi, çalışdığı müddətdə quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin geoloqu vəzifəsində işləmədiyi, həmçinin xx.xx.2017-ci il tarixli XŞ№10/161 nömrəli arayışın güzəştli iş stajına dair deyil, ümumi iş stajı barədə olduğu bildirilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və İdarə tərəfindən həmin əmək pensiyası dayandırılmışdır. Sonradan məhkəmə qərarı əsasında həmin pensiya bərpa edilsə də, yenidən inzibati icraat aparılmaqla əmək pensiyası təkrarən dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia mübahisələndirilmə haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -Qaradağ RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -30 sentyabr 1982-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 №-li Evtikmə kombinatında fəhlə vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər 2 №-li Evtikmə kombinatında fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1988-dək gözətçi, xx.xx.1989-cu ildən hal-hazıradək N.Nərimanov adına Neft-Qaz çıxarma İdarəsində yeraltı quyuların təmiri üzrə operator, mühəndis, geoloq vəzifələrində işləyir. -“Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma İdarəsi tərəfindən verilən 09 yanvar 2025-ci il tarixli 10/81 №-li Güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və Qaz Çıxarma sahəsində geoloq, xx.xx.2015-ci ildən hal-hazıradək 2 saylı Neft və Qaz Çıxarma sahəsində böyük geoloq vəzifəsində işləyir. İddiaçı işlədiyi sahə dəniz şəraitində neft və qazçıxarma stasionar obyektlərində yerləşir. X1 geoloq vəzifəsi ilə yanaşı istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə sahə rəisinin müavini funksiyalıarını da yerinə yetirir. Belə ki, həmin vəzifəni yerinə yetirən zaman o istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədi ilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sahələri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sahələrin) işini bir-biri ilə uzlaşdırır. N.Nərimanov adına NQÇİ-nin rəisinin təsdiq etdiyi Neft və Qazçıxarma sahəsinin geoloqunun vəzifə təlimatına əsasən neft və qazçıxarma, quyu qazılması, geofiziki və hidrogeoloji tədqiqatlar üzrə işləri həyata keçirmək; qazmanın, yoxlamanın gedişinə, yerinə yetirilən tədqiqat işlərinin keyfiyyət və həcminə, əsaslı təmirə, neft və qaz quyularında texnoloji iş rejiminə operativ geoloji nəzarəti həyata keçirmək, quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üzrə sənədləri tərtib etmək; Suya qarşı izolyasiya işlərinin icrasına nəzarət edilməsi, quma qarşı izolyasiya işlərinin icrasına nəzarət edilməsi. Əlavə və təkrar dəlmə işlərinin icrasına nəzarət edilməsi, geofiziki tədqiqatlar –sementin alustik karotajın aparılmasını təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – neytron qamma karotajın aparılmasını təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – impuls neytron karotajın aparılmasın təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – muflokator karotajın aparılmasının təşkili və nəzarət edillməsi, geofiziki tədqiqatlar – tutma yerinin təyini karotajının aparılmasının təşkili və nəzarət edilməsi. Digər geoloji texniki tədbirlərin icrasına nəzarət edilməsi. Quyuların qazılmasında geoloji-texniki tapşırığa, həmçinin qoruyucu boru kəmərlərinin konstruksiyasına və keyfiyyətli sementlənməsinə, buruq məhlulunun göstəricilərinə, quyu lüləsinin əyriliyinə və istiqamətinə nəzarət edilməsi. Quyu dibinin işlənməsi ilə bağlı istifadə olunan aqreqatların normalara uyğunluğuna nəzarət edilməsi. Layda neft veriminin artırılması məqsədilə quyu dibinin işlənməsinə nəzarət edilməsi, quyu dibinin möhkəmləndirilməsi ilə bağlı tompanaj işlərinə geoloji nəzarət edilməsi. Partlayış atma işlərinin aparılmasına nəzarət edilməsi, digər geofiziki tədqiqatların aparılmasına nəzarət, geoloji texniki, geofiziki tədqiqat işlərinin təhlükəsiz aparılması üsullarının işçilərə öyrədilməsinə nəzarət edilməsi, quyularda tədqiqat mədən geo-fiziki partlayış işlərinin təhlükəsiz təşkilinə nəzarət edilməsi. Qazmanın gedişinə nəzarət edilməsini həyata keçirir. N.Nərimanov adına NQÇİ-nin neft və qazçıxarma sahələrində böyük geoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 10.2 “A” №-li Siyahısında 1100000b-17541 şifrəsi ilə qeyd edilmiş quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqları vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Həmin güzəştli arayışa böyük geoloqun vəzifə təlimatı da əlavə edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-509/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan həmin pensiya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı həmin dayandırılmanı qanunsuz hesab edilməklə pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11101/2022 saylı qərarı ilə iddia təmin edilmiş adıçəkilən qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1666/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin adıçəkilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə dəyişdirimədən saxlanılmıdır. Məhkəmələr iddianı təmin edərkən Belə qənaətə gəlmişlər ki, cavabdeh orqan tərəfindən iddiaçının pensiyası dayandırılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun ziddinə olaraq inzibati icraat aprılmamışdır. Adıçəkilən qərar cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və daha sonra həmin inzibati orqan tərəfindən inzibati icraat aparılmaqla iddiaçının pensiyasının dayandırılması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-14614/2024 saylı qərar qəbul edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən DSMF-in Qaradağ rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-14613/2024 saylı qərar qəbul edilmişdir. Beləliklə işin hallarından görünən odur ki, iddiaçının hüquqi marağı ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsiniə yönəlib və bu məqsədlə cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sözügedən Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin əsas mahiyyəti cavabdehin iddiaçının əmək geoloq və böyük geoloq vəzifələrində işlədiyi dövrlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda öz əksini tapmamasıdır. Cavabdeh orqan iddia edir ki, vaxtilə ona işəgötürən müəssisə tərəfindən təqdim edilmiş arayışda onun güzəştli şərtlərlə yaşa görə pensiya çıxması hüququ olan arayış təqdim olunmamışdır. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı tərəfindən işəgötürən müəssisədən əldə edilmiş güzəştli arayış eləcə də vəzifə təlimatı cavabdeh orqana müraciətlə göndərilmiş və onun pensiyasının bərpa edilməsi xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan təqdim edilmiş sənədləri nəzərə almamış və iddiaçının barəsində qəbul edilmiş əmək pensiyasının dayandırılması haqqında qərarını qüvvədə saxlamışdır. Məhkəmə cavabdehin güzəştli stajı ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən verilən işin xarakteri barədə arayışlarda işlədiyi “geoloq” peşəsinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 1 №-li Siyahısının 10.2a bölməsinin 1100000b-17541 kodu üzrə - “quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqları peşəsinin” güzəştli pensiya hüququ verən peşələrə aid edildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Həmçinin təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tutarlı sübut təqdim olunmamışdır. Odur ki, həmin arayış mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, məhkəmə cavabdehin iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı arqumentini qəbul etmir və iddiaçının ümumilikdə 10 dən artıq güzəştli iş stajının olması qənaətindədir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi üçün qanunla tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14614/2024 nömrəli əmək pensiyasının dayandırılması barədə qərarının və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14613/2024 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14614/2024 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14613/2024 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8402/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8402/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver