Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8403/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddət göstərilmədən təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin 17.07.2017-ci il tarixdən müddət göstərilmədən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı zabit kimi həqiqi hərbi xidmət keçmiş, 2010-cu il tarixdə yaşa görə ehtiyata buraxılmış və həmin tarixdən o, yaşa görə əmək pensiyası almışdır. 2017-ci ilin iyun ayında səhətti ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən ona 5 il müddətinə İİ qrup əlillik təyin olunmuşdur. İddiaçı hesab edir ki, o, yaşa görə əmək pensiyası aldığından “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin müddəaları ona münasibətdə tətbiq olunaraq, İİ-ci dərəcəli əlillik müddət göstərilmədən təyin edilməlidir. Cavabdehin məhkəmə daxil olmuş etirazından göründüyü kimi cavabdeh hesab edir ki, iddiaçının xəstəliyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”dəki meyarlarda təsbit olunmamışdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının müraciəti üzrə rəsmi cavab verilməməsi iddianın qeyri-mümkün hesab edilməsinə əsas vermir. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti üzrə cavab verilməmişdir. Müraciətin 2-ci səhifəsinin sonluğunda “31.05.2021-ci il tarixdə qəbul olunduğu” göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən müraciətin olmamasını mübahisələndirmədiyindən, müraciətin sonunda olan qeydin mövcudluğu da məhkəmə üçün şübhə doğurmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçıya əlillik təyin edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. -4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini ərtləndirmişdir. Hazırki idia tələbininin məzmunundan görünür ki, iddiaçının irəli sürdüyü tələbin məqsədi ondan ibarətdir ki, o, ikinci dərəcə əlilliyin müddət göstərilmədən təyin edilməsini arzulayır. İddiaçının əsaslandığı yeganə hal odur ki, o, əmək pensiyaçısı olduğundan, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndi ona münasibətdə də tətbiq olunmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndinə nəzər yetirdikdə aydın olur ki, əlillik dərəcəsindən asılı olmayaraq, yalnız iki halda əlilliyin müddət göstərilmədən təyin edilməsi mümkündür: -əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” Qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası həddinə çatması; (1) -əlillik dərəcəsindən asılı olmayaraq “Sosial müavinətlər haqqında” Qanunu ilə müəyyən edilmiş sosial müavinət almaq hüququ verən yaş həddinə çatması; (2) Hazırki iddia tələbi üzrə iddiaçı isə göstərilən birinci əsasın əhatə dairəsinə düşür. Belə ki, işin faktiki hallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4.1ci maddəsi əsasında iddiaçıya 19.11.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra o, Mərkəzi Hərbi Həkim Komissiyasından keçərək şəhadətləndirilmiş və ona 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, həqiqətən də, əlillik təyin olunmazdan əvvəl iddiaçı yaşa görə əmək pensiyası alan şəxs olmuşdur. Bu müqabildə iddianın düzgün qiymətləndirilməsi üçün məhkəmə hazırda pensiya münasibətlərini tənzimləyən qanunvericilik və normativ hüquqi aktın müddəalarını əsas getirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -4-cü maddəsinə əsasən əmək pensiyasının üç növü vardır: yaşa görə; əlilliyə görə; ailə başçısını itirməyə görə. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır “Əmək pensiyaları haqqında” Qanununda yaşa görə əmək pensiyası hüququ olan şəxslər müxtəlif müddəalarda iki kateqoriyaya ayrılır: birincisi, həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslər; ikincisi, yaşından asılı olmayaraq müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslər. Hər iki halda pensiyaya çıxmış şəxslər yaşa görə əmək pensiyası növündə pensiya alırlar. Əlbətdə nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxan şəxlər həm yaş, həmçinin də staj ilə bağlı şərti ödəməlidirlər. Xüsusi ilə qeyd olunmalıdır ki, güzəştli şərtlərlə pensiya alan şəxslərin fərqi odur ki, onlar yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) əmək funksiyalarına icra etmiş olurlar, bununla da güzəştli pensiya almaq hüququna malik olurlar. Bundan başqa qeyd olunmalıdır ki, təkcə “Əmək pensiyaları haqqında” Qanunda deyil, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında güzəştli pensiyanın yaşa görə pensiya növünə aid olduğu bir mənalı göstərilir. Belə ki, həmin Qaydaların 4.2-ci bəndi bir başa yaşa görə əmək pensiyasının hesablanmasına həsr olunmuşdur ki, bura da həm Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslərə, həmçinin də müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslərə pensiyanın təyinatı və pensiya məbləğinin hesablanma qaydası göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, hər nə qədər də güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin pensiya təyin olunması üçün şərtləri fərqli olsa da, onlar əlilliyə və ya ailə başçısının itirilməsinə görə deyil, yaşa görə əmək pensiyası növündə pensiya alırlar. Beləliklə, hazırki iddia tələbi üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs hesab olunduğundan,“Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndi ona münasibətdə tətbiq olunmalı və təyin olunmuş İİ-ci dərəcəli əlilliydə müddət göstərilməməlidir. Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, təyin olunmuş İİ-ci dərəcəli əlillik üzrə 5 illik müddətinin tamamlanması iddiaçıya münasibətdə mənfi təsir göstərməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin 17.07.2017-ci il tarixdən müddət göstərilmədən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8403/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8403/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver