Məhkəmə qərarları › İş №2-1(112)-8404/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8404/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8404/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 və X15 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X5 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən 0,0524 ha ölçüdə torpaq sahəsi üzərində X3 istifadə hüququnun qeydə alınması barədə veilmiş RX seriyalı, ******* nömrəli, 01 noyabr 2016-cı il tarixli çıxarışın və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi üzərində X8 istifadə hüququnun qeydə alınması barədə verilmiş ********** nömrə ilə qeydə alınmış 11 noyabr 2022-ci il tarixli çıxarışın ləğv edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 27 mart 2015-ci iltarixli etibarnamə əsasında X6 Məştağa Qəsəbəsi, Çiləcir yaşayış məntəqəsində yerləşən 600 kv.metr sahəsi olan torpaq alaraq orada fərdi yaşayış evi inşa etdirmişdir və həmin evdə yaşayır. Həmin etibarnamə 12 iyul 2023-cü ildə təkrar olaraq 62 il müddətinə verilmişdir. Bu yaxınlarda onu Xəzər rayon polis şöbəsinə dəvət edərək bildirmişdirlər ki, fərdi yaşayış evini X5 və X13 məxsus olan torpaq sahələrini zəbt edərək inşa etdirmişdir. O, kənar şəxslərə məxsus olan torpaq sahəsini zəbt etməmişdir, etibarnamə ilə aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 01 noyabr 2016-cı il tarixli çıxarışla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Məştağa yolunun kənarında yerləşən 0,0524 ha ölçüdə torpaq sahəsi üzərində X3 istifadə hüquqları qeydə alınmışdır. Mübahisəli torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları isə qeydə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrə ilə qeydə alınmış 11 noyabr 2022-ci il tarixli çıxarışla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Məştağa yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsi üzərində X9 istifadə hüququ qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüquqları isə qeydə alınmamışdır. Hər iki çıxarışdan görünür ki, mübahisəyə səbəb omuş torpaq sahəsini hər iki istifadəçidən əvvəlki tarixdə alaraq fərdi yaşayış evi inşa etdirərək orada yaşamışdır və indi də yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunda yerləşən 0,0524 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ 3M-490 reyestrli, xx.xx.2016-cı il tarixli torpaqdan daimi istifadə hüququ alqı-satqı müqaviləsinə əsasən X3, həmin ünvanda yerləşən 0,02 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ isə 3M/04-848 reyestrli, xx.xx.2014-cü il il tarixli torpaq üzərində hüququn alqı-satqı haqqında müqaviləyə əsasən X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.İddianın mümkün sayılmaması xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, X5 və X8 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehlər sırasından X5 və X15 xaric edilmiş, X5 və X15 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən yol verilən hüquq və azadlıqların pozulmasına dair halların onun tərəfindən tamamilə aradan qaldırılaraq Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrin çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “iddianın dəyişdirilməsi” barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun kənarında yerləşən 0.02 ha torpaq sahəsi Bakı şəhəri 41 saylı notariat kontorunun 3M/04-848 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinə (elektron) əsasən X8 adına istifadə hüququ qeydiyyata alınmışdır. X1 məxsus RX seriyalı, ******* nömrəli, 01 noyabr 2016-cı il tarixli çıxarışın və X12 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətləri əlavə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İrəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, iddiaçıya hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir və qeyd edilən halın aradan qaldırılması üçün məhkəmə iclası təxirə salınmaqla növbəti iclas tarixinədək iddiaçıya vaxt verilmişdir. Lakin hazırkı iddia tələbinə uyğun cavabdeh inzibati orqana müraciət olunmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 və X15 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar