Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8405/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı qardaşının Qarabağ uğrunda gedən döyüşlərdə aldığı xəsarət nəticəsində vəfat etdiyinə əsaslanaraq onun hərbi xidmət dövründə həlak olmasına görə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunaziddir və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni tərəflərdən heç biri inzibati orqan olmadığından, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, münasibət mülki hüquqi xarakterə malik olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər Eyni zamanda, qeyd olunmalıdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun: 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti 4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək; 4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır: 4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək; 9.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 620 nömrəli 25 iyul 1997-ci il tarixli Fərmanının: 2.5. həmin Qanunun 4-1.2.1-ci, 4-1.2.2-ci, 4-2.1.2-ci, 4-2.1.4-cü, 4-2.2.3-cü maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində, 8-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 9.1-ci və 9.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; 2.6. həmin Qanunun 2.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Qanunvericiliyin tələbindən də aydın olur ki, hazırkı növ münasibətlər üzrə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir, sığortaçı qismində isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Göründüyü kimi 2022-ci il yanvarın 1-dən sonra qüvvəyə minmiş dəyişikliklərlə sığorta ödənişlərinin ödənilməsində səlahiyyətli orqan qismində Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırkı tələblə bağlı iddiaya cavab verməli olan inzibati orqana müraciətin olmadığı da müəyyən edilmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçıya hazırkı tələblə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək, müraciətinin təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ da izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8405/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8405/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver