Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8406/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan yəni, 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Cavabehə 57 yaşdan ona güzəştli şərtlərə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin, həmin Filialdan ona ünvanlanmış 18 iyun 2021-ci il tarixli məktubla güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, “X8” LTD şirkətinin 13.01.2021ci il tarixli, 02 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüuqu verən peşələr üzrə iş stajı haqqında” arayışda onun həmin şirkətdə ümumi iş stajının 18 il 11ay 21 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı isə 18 il 11 ay 21 gün təşkil edir. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Məlumat üçün bildirir ki, o, SSRİ ordusunda 2 il hərbi xidmətdə olmuş və ümumi iş stajı isə 30 ildən çoxdur. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququm məhdudlaşdırılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 60 yaşının tamam olduğu, 03.01.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 14.01.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 fevral 1983-cü il tarixli ИT-l ******* nömrəli əmək kitabçasının 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci qeydləri (1992-1995-ci illər üzrə) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə olunmuşdur. Buna görə də, iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Bu səbəbdən, onun əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən 10.02.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş və bu barədə 08.04.2021-ci il tarixində **********0 nömrəli məktubla ona məlumat göndərilmişdir. Sorğuya cavab olaraq isə 21.02.1983-11.09.1995-ci il tarixləri arasındakı dövrə aid arxiv sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən də, yuxarıda qeyd edilən dövrü iddiaçının ümumi iş stajına daxil etmək mümkün olmadığından onun iş stajı 25 ildən az (21 il 10 ay 15 gün (14.10.1979-14.10.1981-ci il, 21.02.1983-12.07.1983-cü il, 04.06.1985-06.02.1986-cı il, 09.11.1995 - 31.10.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37658,36 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39400,00 manat təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017- ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən-çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüddür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18 iyun 2021-ci il tarixli, **********2 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunveriiciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə ujyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim edilmiş 1 fevral 1983cü il tarixli, ИТ-İ seriyaıl ******* nömrəli əmək kitabçasının 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci qeydləri (1992-1995-ci illər üzrə) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə olunmuşdur. Buna görə də, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Bu səbəbdən, əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağı Mərkəzi Filial tərəfindən 10.02.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş və bu barədə 08.04.2021-ci il tarixində **********0 nömrəli məktubla ona məlumat göndərilmişdir. Sorğularına cavab olaraq isə 21.02.1983-11.09.1995-ci il tarixləri arasındakı dövrə aid arxiv sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən də, yuxarıda qeyd edilən dövrü onun ümumi iş stajına daxil etmək mümkün olmadığından iş stajı 25 ildən az (21 il 10 ay 15 gün (14.10.1979-14.10.1981-ci il, 21.02.1983-12.07.1983-cü il, 04.06.1985-06.02.1986-cı il, 09.11.1995- 31.10.2014-cü il tarixli arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hisəssində qeydə alınan pensiya kapitalı cəmi 37658.36 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 13.10.1979-14.10.1981-ci il tarixlərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan “X5 LD” Şirkəti tərəfindən verilmiş 02 nömrəli, 13.01.2021-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də, “Şirvanneft” NQÇİ-də, "xxxx" X6 Müəssisəsində, “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki, 08.11.1995-ci il tarixli, 192/k saylı əmrlə 09.11.1995-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ-si 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL X6 Müəssisə yaradılmışdır. 13.02.2001-ci il, 55-k saylı əmrlə "xxxx" BMMM-nin Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keşirilmişdir. 01.08.2002-ci il tarixli, 112/k-a saylı əmrlə 01.08.2002-ci il tarixdən 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. 17.03.2003-cü il tarixli, 33/k-a saylı 17.03.2003-cü il tarixdən Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmiş və 04.10.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşədə iş stajı 13 il 10 ay 25 gündür. 05.10.2009-cu il tarixli əmək müqaviləsi ilə 05.10.2009-cu il tarixdən “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş, 29.11.2011-ci il tarixli, 401/k saylı əmrlə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. 30.10.2014cü il tarixli, 607/k saylı əmrlə 31.10.2014-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Həmin peşədə iş stajı 05 il 26 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.2. bölməsinin (Neft, qaz və qaz kondensatının hasilatı) “a” yarımbölməsində (fəhlələr) “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsinə uyğundur. İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X6 Müəssisəsində, “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ümumi əmək stajı 18 il 11 ay 21 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 18 il 11 ay 21 gün təşkil edir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 01.09.1982-ci il tarixdən 10.01.1983-cü il tarixədək, 21.02.1983cü il tarixdən 12.07.1983-cü il tarixədək, 13.07.1983-cü il tarixdən 30.05.1985-ci il tarixədək, 04.06.1985-ci il tarixdən 06.02.1986-cı il tarixədək, 11.02.1986-cı il tarixdən 24.11.1986-cı il tarixədək, 26.01.1987-ci il tarixdən 17.03.1988-ci il tarixədək, 20.04.1988-ci il tarixdən 02.11.1992-ci il tarixədək, 02.11.1992-ci il tarixdən 10.03.1992-ci il tarixədək, 16.03.1993-cü il tarixdən 14.05.1993-cü il tarixədək, 01.06.1993-cü il tarixdən, 11.09.1995-ci il tarixədək, 09.11.1995-ci l tarixən, 05.10.2009-cu il tarixədək, 05.10.2009-cu il tarixdən 31.10.2014-cü il tarixədək müxtəlif peşələrdə işləmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 144 nömrəli Çıxarışla təqdim edilmiş məlumatdan görünür ki, Sabirabad rayon X1 əmrlərindən əmr № 12, & - 6, 24 saylı SMD-ə üzrə 21.02.1983-cü il tarixli əmrə əsasən İddiaçı – 04/İV-1985-ci il tarixdən 3-cü dərəcəli fəhlə qəbul edilmiş, əmr № 44, & - 6, 24 saylı CMD-ə üzrə 11 iyul 1983-cü il, İddiaçı- öz ərizəsinə və Azərbaycan Respublikası SSRİ Əmək qanunu Məcəlləsinin 37-ci maddəsinə əsasən 12.07.1983-cü il tarixdən işdən azad edilmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 144 nömrəli Çıxarışla təqdim edilmiş məlumatdan görünür ki, Sabirabad rayon X1 əmrlərindən əmr № 37, & - 7, 05 iyun 1985-ci il tarixli əmrə əsasən İddiaçı – 04/İV-1985-ci il tarixdən 3-cü dərəcəli fəhlə qəbul edilmiş, əmr № 1, 02 yanvar 1986-cı, aşağıda qeyd olunan işçilər 1986-cı ilə daimi işçi hesab edilsinlər. 71. İddiaçı – fəhlə. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X3 İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən 18.04.1988-ci il tarixli, 25-k saylı əmrlə 20.04.1988-ci il tarixdə Kür-Araz çaylarında Bəndatma İdarəsində çilingər vəzifəsinə qəbul edilmiş, 02.11.1992-ci il tarixli, 41-k saylı əmrlə 02.11.1992-ci il tarixdən işdən azad edilmiş, 12.07.1993-cü il tarixli, 30 – k saylı əmrlə 01.06.1993-cü il tarixdə fəhlə vəzifəsinə qəbul edilmiş, 08.09.1995-ci il tarixli, 22-k saylı əmrlə 11.09.1995-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli, 149 nömrəli qərarına əsasən Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin 22 iyun 2006-cı il tarixli, 29 saylı əmrlə 03 iyul 2006-cı il tarixdən Kür-Araz çaylarında Bəndatma İdarəsi – X3 İstismarı İdarəsinə çevrilmişdir. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 155 nömrəli, 04 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, X3 İstismarı İdarəsinin rəhbərliyi İddiaçı Kür-Araz çaylarında Bəndatma İdarəsində 18.04.1988-ci il tarixli, 28-k saylı əmrlə 20.04.1988-ci il tarixdə işə qəbul edilməsi, 02.11.1992-ci il tarixli, 41-k sayı əmrlə 02.11.1992-ci il tarixdən işdən azad edilməsi, 12.07.1993-cü il tarixli, 30-k sayı əmrlə 01.06.1993-cü il tarixdə işə qəbul edilməsi, 08.09.1995-ci il tarixli, 22-k saylı əmrlə 11.09.1995-ci il tarixdən işdən azad edilməsi barədə əmrlərin surətini və həmin dövlərdə ona hesablanmış əmək haqqı cədvəllərindən çıxarış təqdim edilmişdir: - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 28-k nömrəli, 18 aprel 1988-ci il tarixli əmrdən çıxarışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı – 20.04.1988-ci il tarixdən Mexanizasiya şöbəsində 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. Əmrin verilməsinə əsas – şəxsin ərizəsi olmuşdur. - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 41-k nömrəli, 02 noyabr 1992-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı – Mexanizasiya şöbəsində 4-cü dərəcəli çilingər, 02.11.1992-ci il tarixdən yeni yaradılmış SMD-yə köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. Əmrin verilməsinə əsas – Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin 06.10.1992-ci il tarixli, 113 nömrəli əmri olmuşdur. - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 30-k nömrəli, 12 iyul 1993-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı – 01.06.1993-cü il tarixdən 01.09.1993-cü il tarixədək Tikinti sahəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. Əmrin verilməsinə əsas – şəxsin ərizəsi olmuşdur. - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 22-k nömrəli, 08 sentyabr 1995-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1961ci il təvəllüdlü İddiaçı – tikinti sahəsində 1-ci dərəcəli, fəhlə 11.09.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - Kür-Araz çaylarında Bəndatma İdarəsində işləmiş İddiaçı 20.04.1988-ci il tarixdən 02.11.1992-ci il tarixə və 01.06.1993-cü il tarixdən 11.09.1995-ci il tarixə kimi işlədiyi dövrlərdə ona hesablanmış əmək haqqı cədvəllərindən çıxarış təqdim edilmişdir. İşdə olan cavabdeh tərəfindən 23.12.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş İddiaçı barəsində “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168,52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 27594,13 manat olmaqla cəmi pensiya kapitalı 42762,65 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017- ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bunanla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 10 ay “15 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15168,52 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 27594,13 manat pensiya kapitalı qeydə alınmışdır. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu 03.01.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38600.00 manat məbləğində hesablanmışdır. Məhkəmə hazırki iş üzrə cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdehin imtinasının və etirazının birinci hissəsi ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim edilmiş 1 fevral 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci qeydləri (1992-1995-ci illər üzrə) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə olunmuşdur. Buna görə də, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Bu səbəbdən, əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağı Mərkəzi Filial tərəfindən 10.02.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş və bu barədə 08.04.2021-ci il tarixində **********0 nömrəli məktubla ona məlumat göndərilmişdir. Sorğularına cavab olaraq isə 21.02.1983-11.09.1995-ci il tarixləri arasındakı dövrə aid arxiv sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən də, yuxarıda qeyd edilən dövrü onun ümumi iş stajına daxil etmək mümkün olmadığından iş stajı 25 ildən az (21 il 10 ay 15 gün (14.10.1979-14.10.1981-ci il, 21.02.1983-12.07.1983-cü il, 04.06.1985-06.02.1986-cı il, 09.11.1995-31.10.2014-cü il tarixli arasındakı dövrlər)) təşkil edir. Cavabdehin həmin mövqeyi məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, ilk öncə cavabdeh tərəfindən iddiaçının 01.09.1982-10.01.1983-cü, 13.07.1983-30.05.1985-ci illər üzrə əmək stajı ümumiyyətlə nəzərə alınmamış, halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilmişdir ki, onun əmək kitabçasında həmin dövrlər üzrə işləməsinə dair qeydlər mövcuddur və həmin qeydlərin mötəbərliliyi şübhə doğurmur. Digər tərəfdən, cavabdeh üçün iddiaçının əmək kitabçasında əsas şübhə doğuran qeydlər 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci qeydlər təşkil edir ki, məhkəmə həmin qeydlərə münasibətdə bildirir ki, iş materiallarında olan Azərbaycan Respblikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür- Araz çaylarında Bəndatma İdarəsinin 41-k nömrəli, 02 noyabr 1992-ci il tarixli əmrindən müəyyən edilmişdir ki, həmin əmrdə birbaşa göstərilmişdir ki, İddiaçı – mexanizasiya şöbəsində 4-cü dərəcəli çilingər, 02.11.1992-ci il tarixdən yeni yaradılmış SMD-yə köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. Göründüyü kimi, sözügedən əmr özlüyündə iddiaçının əmək kitabçasındakı 15 və 16-cı qeydlərin həqiqliyini təsdiq edir. Həmçinin əmək kitabçasına baxış keçirildikdə müəyyən edilir ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən 15, 16, 17 və 18-ci qeydlərdə gözlə görünəcək dərəcədə bir düzəliş, qaralama və yaxud qeydlərin mötəbərliliyini şübahə altına alacaq hər-hansı bir əsas yoxdur. Ümumiyyətlə cavabdehin həmin mövqeyi ilə bağlı qanunvericiliyin tələblərinə nəzər yetirdikdə müəyyən edilir ki, hazırki mübahisəyə qazanılmış hüquq konsepsiyasından yanaşılaraq iddiaçının mübahisə predmetini təşkil edən illər üzrə əmək stajını əldə etdiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmalıdır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə hesab edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, məhkəmə qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də, əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının 02.11.1992-ci il tarixdən, 10.03.1993-cü il tarixədək və 16.03.1993-cü il tarixdən, 14.05.1993-cü il tarixədək işlədiyi illər üzrə əmək kitabçasında müvafiq qeydlər vardır və bu qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulmuşdur. Əmək kitabçasına vurulmuş möhürün SSRİ dövrünə aid möhürlə vururulması halı isə iddiaçının qazanılmış iş stajını qeyri-mötəbər edən sübut kimi, qiymətləndirilə bilməz, belə ki, iddiaçının işləmiş olduğu müəssisə tərəfindən möhürün yenisi ilə dəyişdirilməsi ilə bağlı müraciət edilməməsi halı, iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə iddiaçının əmək kitabçasında olan 19-cu və 20-ci qeydlərə münasibətdə bildirir ki, həmin qeydlərin mötəbərliliyi iş materiallarına əlavə olunmuş məhkəmə sorğularına cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı SC tərəfindən verilmiş arayış, əmək haqqı cədvəlləri və əmrlərlə öz təsdiqini tapmışdır. Məhkəmə eləcə də, cavabdehin imtina və etirazında göstərilən digər dəlil olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi halına münasibətdə bildirir ki, həmin hal da, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, belə ki, məhkəmənin tələbinə əsasə cavabdeh tərəfindən 23.12.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan müəyyən edilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalının aşağı həddi 38600.0 manat təşkil etmiş, iddiaçının isə 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168.52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hisəssində qeydə alınan 27594.13 manat olmaqla cəmi pensiya kapitalı 42762.65 manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının olması ümumiyyətlə hazırki iş üzrə mübahisə predmeti olmasa da, məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə də, bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qanunvericiliklə tələb olunan pensiya yaşına çatması, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajına malik olması, eləcə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sübuta yetirildiyindən, bununla da, onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu, 03.01.2021-ci il tarixdən güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8406/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8406/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver