Məhkəmə qərarları › İş №2-1(112)-8406/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8406/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8406/2024 24.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Arif qızının iştirakı ilə, İddiaçı, cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş xx.xx.1969-cu il təvəllüdlü X1 ilə nikaha daxil olub, nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmışdır və buna müvafiq olaraq 4AZ-İ seriyalı. 493124 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, “nikah haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının şəxsiyyət vəsiqəsinin olmamasını əsas gətirərək xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı BMT QAK tərəfindən himayəyə götürülərək himayə sənədi verilib və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə ünvan 1 ünvanına qeydiyyata alınıb. İddia tələbi, iddianın əsaslandırması, cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında nikahının xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında təkrar şəhadətnamənin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhəri Xətai rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən aldığı XX-JQ seriyalı, 670521 nömrəli SSRİ nümunəli pasportunu 2000-ci ildə əri X1 alarında olan mübahisə zəminində məhv etdi. Doğum haqqında şəhadətnaməni isə ondan əvvəl naməlum şəraitdə itirib. Doğum haqqında şəhadətnamə itdiyi üçün həmin vaxtdan sonra şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmadı. Həmin vaxtdan etibarən Azərbaycanda sənədsiz yaşayır. Hansı orqana müraciət etsə də, ondan doğum haqqında şəhadətnamə tələb edilir. Doğumu Qaxazıstanda qeydiyyata alındığı üçün və pasportu olmadığı üçün Qazaxıstana da gedə bilməyib. Hazırda 53 yaşım var. lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülüb. Hazırda sənədləşmə işimlə bağlı ona doğum haqqında şəhadətnamə ilə yanaşı nikah haqqında şəhadətnamə də lazımdır. 2000-ci ildə əri X1 daimi yaşamaq üçün Rusiya Federasiyasına gedib. Həmin vaxtdan sonra onu heç vaxt görməyib. O. Rusiya Federasiyasına gedərkən nikah haqqında şəhadətnaməmizi də özü ilə aparıb. Hazırda o, ünvan 1 ünvanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınıb. Bu səbəbdən də xx.xx.2024cii il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən mənə verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1970-ci il tarixdə Qazaxıstanın Almatı şəhərində anadan olmuş İddiaçı - doğum faktımın Qazaxıstan Respublikasının Almatı vilayətinin Kaskelen rayon Bolşe - Almatı kənd soveti tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Qazaxıstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş edib. Müraciəti əsasında 17 mart 2024-cii il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün Qazaxıstan Respublikasının aidiyyəti orqanlarına sorğu göndərmişdir. Lakin şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün ona həm də nikah haqqında şəhadətnamə lazımdır. Çünki şəxsiyyəti təsdiq edən sənədlə təmin edilən zaman onun ailə vəziyyəti haqqında məlumat nikah haqqında şəhadətnamə əsasında müəyyən ediləcək. Onun nikahı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alındığı üçün xx.xx.2024-cii il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət edərək məndən şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən mənə verilmiş himayə sənədi və mənim Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında məni nikah haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş edib. Cavabdeh ərizəni təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qavdası”nın 9.7-ci bəndinə istinad edərək şəxsiyyətimi təsdiq edən sənədin olmamasını əsas gətirib. Hesab edir ki, həmin müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki. həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsiylə təmin olunmuş şəxslərə aiddir. Onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu. müstəsna haldır, lakin bu vəziyyət mənim hüquqlarımın pozulmasına səbəb olmamalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qevdə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda ona nikah haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu onun şəxsi və əmlak hüquqlarımın pozuntusu ilə nəticələnir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş xx.xx.1969-cu il təvəllüdlü X1 ilə nikaha daxil olub, nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmışdır və buna müvafiq olaraq 4AZ-İ seriyalı. 493124 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçı ona nikah haqqında təkrar şəhadətnamə verilməsini xahiş edir. Cavabdeh isə iddiaçının şəxsiyyət vəsiqəsinin olmamasını əsas gətirərək iddiaçıya təkrar nikah haqqında şəhadətnamənin verilməsindən imtina edir. Ona görə də, hazırkı məhkəmə müahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. Tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. Həmin Qaydaların. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.7-cı bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar nikah haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu imtinanı mübahisələndirərkən, iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında” şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncunun itirilməsi onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. Beləliklə, iddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş “Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “Nikah haqqında" qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı deyil, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Nikah haqqında” şəhadətnamənin verilməsi ilə bağlıdır. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olubolmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki. BMT-nın Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. İş materiallarına əsaəsn müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi" əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi himayə sənədi iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilməli və, iddiaçıya “Nikah haqqında” təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindənb məhkəyə təqdim edilmiş akt qeydindən müəyyən edilir ki, iddiaçı həqiqətən də xx.xx.1992-ci il tarixdə X1 ilə nikaha daxil olub və nikahları xx.xx.1992-ci il tarixdə 146 № li akt qeydi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı - nikahının xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar