Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8408/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərar vaxtından əvvəl, tam və hərtərəfli araşdırılmadan qəbul edildiyindən onun ləğv edilməsi barədə qərar qəbul edilmsəini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü və 48.1-ci maddələrini (Məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq, iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2012-ci il tarixli Qərarına əsasən inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktdan (qərarlardan) verilən şikayət və proteslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. iddia tələbi inzibati orqan tərəfindən qəbul edilən inzibati xətalarla bağlı qərarla əlaqədar olduğundan, aidiyyəti üzrə hazırki işə İnzibati Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq inzibati qaydada baxılması mümkün sayılmadığı izah edilmişdir. Həmçinin iş üzrə məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. İş üzrə mümkünlük iclası 24 avqust 2021-ci il tarixə təyin edilmiş, iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 şikayəti əsasında X5 Xidmətinin əməkdaşları tərəfindən “X8 Məsuliyyyətli Cəmiyyəti 19.04.2021-ci il tarixdə, AR İXM-nin 192.4 maddəsinin tələblərinin pozulması əsas gətirilərək MN ******* nömrəli Protokola əsasən inzibati tənbeh vermə Qərarı ilə 1000 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC yarandığı tarixdən otelçilik fəaliyyətilə məşğul olmuşdur. COVİD -19 pandemiyası ilə əlaqədar şirkət, 2020-ci ilin mart ayının sonlarından fəaliyyətini dayandırmışdır və bu günə qədərdə işləmir. Bu səbəbdən inzibati qərarı almamışlar. X5 Xidmətinə X3 ilə bağlı göndərdikləri müvafiq sənədlərdən görünür ki, T.R.Məmmədovun işə qəbul edilməsi, iş yerində başqa vəzifəyə təyin edilməsi, məzuniyyətə buraxılması və sair sənədlər qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş və surətləri əməkdaşa vaxtında təqdim edilmişdir. Bu səbəbdən X5 Xidməti tərəfindən "xxxx" MMC -yə qarşı 19.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında Qərar vaxtından əvvəl, tam və hərtərəfli araşdırılmadan tələsik qəbul edildiyindən ləğv edilməlidir. Qeyd edilənlər əsasən iddiaçı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində qəbul olunmuş 19.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı iddiaçı qismində inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normalarını kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin qərardan verdiyi şikayət iddia qaydasında inzibati məhkəmələrə deyil, inzibati xətalara dair işlər üzrə icraatın aparılmasına əsasən rayon (şəhər) məhkəmələrinə verilməli idi. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələbi cavabdeh orqanın müvafiq inzibati xətalara dair iş üzrə fəaliyyəti ilə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti arasında yaranan mübahisə ilə bağlı iddia inzibati mübahisə qaydasında baxılan iddia kimi qiymətləndirilmir. İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı olan iddialara baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, hazırkı tələbdə göstərilənlər inzibati mübahisənin mövcudluğuna əsas deyildir. Beləliklə, Məhkəmə qeyd edir ki, iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 oktyabr 2012-ci il tarixli Plenum Qərarına əsasən məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, Məhkəmə izah edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-8408/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8408/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver