Məhkəmə qərarları › İş №2-1(112)-8408/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8408/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8408/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun sağ hissəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1968 saylı və xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamları əsasında fərdi ev tikintisi məqsədilə ayrılmış 1000 (bir min) kv. metr torpaq sahəsinin və 2002-ci il tarixdən tikib ailə üzvləri ilə birlikdə yaşadıqları təsdiq olunmmuş eskiz layihəsi əsasında fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun sağ hissəsində, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1968 saylı və xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamları əsasında fərdi ev tikintisi məqsədilə ayrılmış, faktiki ölçüsü 867 kv. metr olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin kadastrının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun 1 saylı Bakı Ərazi idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə baxılıb və araşdırıldıqdan sonra müraciətinə həmin İdarənin **********9 saylı məktubu əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edildiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2000-ci il tarixli Sərəncamına əsasən düzgün hesab edilir və torpaq sahəsinin təyinatının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq Rayon icra Hakimiyyətlərinin səlahiyyətində olduğu üçün həmin torpaq sahəsinin 1000 kv. metrinin istifadə məqsədi Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamı əsasında dəyişdirilərək, fərdi yaşayış evi tikintisi məqsədilə İddiaçı adına keçirilmişdir. Sənədlərdən də göründüyü kimi torpaq sahəsinin ayrılma vaxtı xx.xx.2000-ci il tarixdə həyata keçirilib. Digər proseslər qanunamüvafıq surətdə sərəncam və etibarnamələrlə həyata keçirilib ki, bu faktiki olaraq fəaliyyətdə olan qanunlara və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun sənədləşdirilmişdir. Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1968 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı-Sumqayıt yolunun sağ hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında X1 ayrılmış 1500 kv. metr torpaq sahəsinin 1000 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün notarial qaydada təsdiq edilmiş qarşılıqlı razılığa əsasən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamı əsasında İddiaçı adına keçirilmişdir, həmin tarixdən etibarən ailəsinin yaşayışı üçün qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir, sərəncamın və eskiz planının notarial təsdiqli surətləri ərizəsinə əlavə olunmuşdur. Torpaq sahəsi yerləşən ərazidəki tikililərin hamısı fərdi yaşayış evləridir. Həmin ərazidə digər fəaliyyət növü ilə tikinti yoxdur. Qeyd edilən torpaq sahəsinin ayrılmasına dair sərəncam 2000-ci il tarixdə verilmişdir, həmin torpaq sahəsinin 1000 kv. metri qarşılıqlı notarial razılığa əsasən 2002-ci il tarixdə onun adına keçirilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı münasibəti (etiraz) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan-DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********71 №-li xx.xx.2022-ci il tarixli etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** saylı, xx.xx.2020-ci il tarixli və ********** saylı, xx.xx.2022-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Binəqədi rayon İHB-nın 34 saylı, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin müraciətçinin adına ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1000 kv. metr olsa da, faktiki 867 kv. metr təşkil edir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və vətəndaşa **********42 saylı, xx.xx.2020-ci il tarixli və **********48 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 izahatında iddianı qəbul etmədiyini bildirərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu ildə Sabirabad rayonunda doğulmuş İddiaçı Şirvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-03735-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən müəyyən olunur ki; - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “vətəndaş F.C.Xəlilova Bakı-Sumqayıt yolunun sağ hissəsində “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında məişət və iaşə obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.2000-ci il tarixli 1968 saylı sərəncamı ilə X1 Bakı-Sumqayıt yolunun sağ hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında məişət və iaşə obyektinin tikintisi üçün 1500,0 kv. metr torpaq sahəsi ayrılmış və ona torpaq sahəsinin cizgisi tərtib olunmaqla, təqdim olunmuşdur. - X3 xx.xx.2002-ci il tarixdə ərizə ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1968 saylı sərəncamı ilə ona ayrılmış 1500 kv. metr torpaq sahəsindən 1000 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. - İddiaçı ərizə ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında yerləşən torpaq sahəsinin 1000 kv. metrinin fərdi yaşayış evinin tikintisi üçün onun adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “BRİHB-nın 1968 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə vət. F.C.Xəlilova Bakı-Sumqayıt yolunun sag hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında ayrılmış 1500,0 kv. metr torpaq sahəsinin 1000,0 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün vət. İddiaçı adına keçirilməsi barədə” xx.xx.2002-ci il tarixli 34 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1968 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı- Sumqayıt yolunun sağ hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında vətəndaş X1 ayrılmış 1500.0 kv. metr torpaq sahəsinin 1000,0 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün vət. İddiaçı adına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı adına mübahisəli torpaq sahəsinin cizgisi tərtib olunmaqla, təqdim olunmuşdur. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun sağ hissəsi ünvanında yerləşən, hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1000 kv. metr, faktiki 867 kv. metr olan, göstərilən torpaq sahəsi üzərindəki və qonşu tikililərin şöl divarı və mişar daş hasarla sərhədlənib və taxta lövhələrlə iki hissəyə ayrılmışdır. Torpaq sahəsi üzərində bir ədəd iki mərtəbəli, bir ədəd bir mərtəbəli yaşayış evi və həyət tikilisi, hin inşa olunmuşdur və bir ədəd inşası davam etdirilən yaşayış evi inşa olunur. Torpaq sahəsi Bakı Sumqayıt şossessinin sağ tərəfində yerləşir. Torpaq sahəsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər qeyd olunmamışdır. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı müraciətinə DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********99 №li xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********42 nömrəli xx.xx.2020-ci il tarixli və **********47 nömrəli xx.xx.2022-ci il tarixli məktublarda cavab verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur (bənd 2.7) ] “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-cı maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Cavabdehin dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ilkin olaraq 2001-ci il yanvarın 1-dən əvvəl, yəni xx.xx.2000-ci il tarixdə ayrılmış və xx.xx.2002-ci il tarixdə yalnız həm ilkin istifadəçinin, həm də hazırki iddiaçının ərizələri və qarşılıqlı razılaşmaları nəzərə alınmaqla həmin torpaq sahəsinin bir hissəsi (1.000 kv. metr) İddiaçı adına keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq qanuni əsaslarla ona ayrılmış torpağa dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1968 saylı və xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamları əsasında İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun sağ hissəsində, fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış, faktiki ölçüsü 867 kv. metr olan torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar