Məhkəmə qərarları › İş №2-1(112)-8412/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8412/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8412/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının vəkili və nümayənəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 mart 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən evə mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 fevral 2024-cü il tarixində 1 saylı Bakı ASAN xidmət mərkəzi vasitəsilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, ünvan 2 ünvanında yerləşən, (doğulub böyüdüyü və hal-hazıra kimi həmin ünvanda ailəsi ilə yaşadığı) evə, mərhum atası X4 məxsus olması barədə arayışın iddiaçıya verilməsi (köhnə qanunverc.adına çıxarışın və texniki pasportun verilməsi) üçün müraciət etmişdir. Həmin ərizəyə 07 fevral 1969-cu il tarixli X6 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li protokolunu, həmin evə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri Qəsəbə inzibati Dairəsi üzrə Nümayəndəliyinin təsdiq etdiyi 1969-cu il tarixli ev kitabını (Domovoy kniqa), sözügedən evə aid Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən vərəslərin dairəsi müəyyən olunaraq, cavabdeh tərəfə dövlət reyestrindən çıxarışın verilməsinə dair rəsmi məktubunu, mərhum atası X1 ölüm haqqında şəhədətnaməsini, mərhum atası X2 DİN-dən Maps arayışını, şəxsiyyət vəsiqəsinin surətini, (etibarnamə üzrə nümyəndəyə təqdim edilən etibarnamə) təqdim edilmişdir. 15 mart 2024-cü il tarixində cavabdeh tərəfdən sözügedən evə çıxarışın və texniki pasportun verilməsini tərəfindən təqdim olunan 07 fevral 1969-cu il tarixli X6 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li Protokolunu, hüquqmüəyyənedici Arxiv sənədini hüquqmüəyyənedici sənəd kimi hesab etməməklə, bunun vətəndaşlara ev kitabçasının verilməsini nəzərdə tutulduğunu və bu səbəbdən çıxarışın və texniki pasportun verilməsinin icrasının mümkün olmadığı qənaətinə gəlinməklə cavabdeh qurum tərəfindən imtina edilmişdir. Cavabdeh qurumun imtinaya səbəb gətirdiyi səbəb əsassız və qanunsuzdur. Tərəflərindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən onlara təqdim edilən rəsmi möhürlü arxiv sənədi mötəbər sübut əhmiyyətli hüquqmüəyyən edici sənəd kimi bu iddia ərizəsinə qoşma kimi əlavə olunur və təqdim edilən arxiv sənədinin tam mətinə nəzər salınsa həmin sənədin heç də cavabdeh qurumun həmin sözügedən evə çıxarışın və texniki pasportun verilməsinə imtina etməyə əsasın olmadığını və məhkəmə zamanı məhkəmə müstəvisində qanuvericiliyin təhlili və vahid məhkəmə təcrübəsi baxımından cavabdeh qurumun arqumentinin əsassız və qanunsuz olduğu ortaya çıxması şübhəsizdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısına nəzər salınsa təqdim edilən arxiv çıxarışı tam da hüquqmüəyyənedici sənəd siyahısındadır. 07 fevral 1969-cu il tarixli X6 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li protokolunda, həmin arxiv çıxarışının mətnində qeyd olunur ki, özbaşına qanuni qeydiyyata alınmalı evlər tikilmiş şəxslərin siyahısı təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında. Bakı şəhər sovetinin icraiyyə komitəsinin 21/Xİ-68 il tarixli 34/817 №-li qərarının və 30/İX-68 il tarixli 763/30 №-li məktubunun icrası üçün Rayon İcraiyyə Komitəsinin komissiyası tərəfindən yerində yoxlanılmış materiallar əsasında Biləcəri,Xoca-Həsənvə Sulu-Təpə qəsəbələri üzrə özbaşına tikililərdən 71 tikilinin vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında mənsub olduğu və qanuni qeydiyyata alınmalı və ev kitabçası verilməli olduğu hesab olunmuşdur.İcraiyyə Komitəsi Qərara alır: Şəxsi mülkiyyət hüququ əsasında tikili mülkiyyətçisi kimi tanınan 71 vətəndaşın siyahısı təsdiq edilsin və qəsəbə sovetləri arayışlarına əsasən ev kitablarının verilməsi üçün polis şöbəsinə göndərilsin. Bu Protokolu incələşək orada artıq o zamankı,Bakı şəhər sovetinin İcraiyyə Komitəsi tərəfindən artıq bu sözügedən tikilinin (71 vətəndaşın tikilisi daxil) eyni zamanda mərhum atası X2 şəxsi mülkiyyət hüququ əsasında mənsub olduğu tikilini (Müstəqil torpaq sahəli mövcud olan, Bünövrəli daş evi) artıq onun mülkiyyətçisi kimi tanınan Siyahısı təsdiq edilməklə qərar qəbul etmiş (Siyahıda 71 vətəndaş göstərilib təsdiq edilməklə) və həmin qərara əsasən ondan sonrakı icraat hərəkətlərinin yerinə yetirilməsi üçün, yani qanuni qeydiyyata alınaraq və qəsəbə sovetlərinin arayışlarına əsasən ev kitabçası verilməli olduğu hesab olunmaqla polis şöbəsinə göndərilməsi nəzərdə tutulmuşdur. Cavabdeh qurum təəssüf ki, ənənəvi hallarda imtina cavabına vərdişkar olduğu üçün tərəflərindən təqdim edilən Arxiv sənədinin məzmununda nəzərdə tutulan hüquqverici ardıcıllığın mahiyyətini görməzdən gələrək məhz həmin sənədin ev kitabçasının verilməsi hissəsini imtinaya əsas hesab etmiş, 07 fevral 1969-cu il tarixli X6 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li Protokolunu qərar qəbul edərkən geniş təhlil etməmiş və öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********17 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunan X6 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının xx.xx.1969-cu il tarixli, 03 nömrəli protokolunda vətəndaşlara ev kitabçasının verilməsi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 286 nömrəli məktubunda bildirilmişdir ki, X2 ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixində vərəsəsinin (İddiaçı) ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. X6 rayon şurasının İcraiyyə Komitəsinin İclasının verdiyi xx.xx.1969-cu il tarixli, 3 saylı protokoluna əsasən miras əmlakın tərkibində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şaumyan döngəsi, 19 ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş X6 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının “Özbaşına qanuni qeydiyyata alınmalı evlər tikmiş şəxslərin siyahısının təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında” 3 nömrəli protokolunda qeyd edilmişdir ki, Bakı şəhər sovetinin İcraiyyə Komitəsinin 21/V1-68 tarixli 34/817 Neli qərarının və 30/İX-68 tarixli 763/30 №-li məktubunun icrası üçün Rayon İcraiyyə Komitəsinin komissiyası tərəfindən yerində yoxlanılmış materiallar əsasında Biləcəri, Xoca-Həsən və Sulu-Təpə qəsəbələri üzrə özbaşına tikililərdən 71 tikilinin vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında mənsub olduğu və qanuni qeydiyyata alınmalı və ev kitabçası verilməli olduğu hesab olunmuşdur. İcraiyyə Komitəsi qərara alır: -Şəxsi mülkiyyət hüququ əsasında tikili mülkiyyətçisi kimi tanınan 71 vətəndaşın siyahısı təsdiq edilsin və qəsəbə sovetlərinin arayışlarına əsasən ev kitabçalarının verilməsi üçün rayon polis şöbəsinə göndərilsin. Bilələcəri, Xoca-Həsən və Sulu-Təpə qəsəbələri üzrə ev kitabçaları olmayan özbaşına tikililərin siyahısı: -8.X5, evin texniki əziyyəti bünövrəli daş ev, müstəqil torpaq sahəsi var, mülkün ünvanı 5-ci Şaumyan döngəsi, 19. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********52 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Y.Hüseynov, döngə 5, 19 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********53 nömrəli məktubu ilə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müsyinə (baxış) aktından görünür ki, ünvan 4 ünvanında yerləşən 19 saylı fərdi evin faktiki sahəsi 126.0 kv.m, torpaq sahəsi isə 530.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki tərəfdən metal tor, metal vərəqə və taxta materialdan əhatələnmişdir. Layihə təqdim olunmayıb. Ərazidə St/a~126.0 kv.m olan 1-mərtəbəli 4-otaqlı fərdi yaşayış evi mövcuddur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********17 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunan X6 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının xx.xx.1969-cu il tarixli, 03 nömrəli protokolunda vətəndaşlara ev kitabçasının verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən tərəfimizdən ərizənizin icrası mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; -8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; -1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; -1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; -1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; -1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; -1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; -1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; -1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; -1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); -1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı; -1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın imtinası da məhz qeyd edilən bu sənədlərin olmamasına əsaslanır. Belə ki, iddiaçının iddia etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd qismində X6 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının 3 nömrəli protokoluna istinad etmişdir. Qeyd edilməlidir ki, adıçəkilən protokol iddia edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına əsas verən Siyahının 1.8-ci bəndindəki hüquqmüəyyənedci sənəd qismində çıxış etmir. Belə ki, adıçəkilən bənddə qeydiyyata alınmalı olan fərdi yaşayış evlərinin xüsusiyyətlərindən görünür ki, həmin bənddə dövlət mənzil fonduna aid, bilavasitə dövlətin balansında olan mövcud fərdi yaşayış evləri və ya mənzillərin şəxsi mülkiyyətə verilməsindən bəhs edilir. Həmin bənddə nəzərdə tutulmuş “şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd” in adının qeyd edilməsi də fərdi yaşayış evi və ya mənzillərin ayrı-ayrı şəxslər tərəfindən özbaşına tikilmiş tikili olmadığı, qanunla nəzərdə tutulmuş qaydada tikilmiş və mövcud tikililər olduğu və həmin tikillərin dəyərinin ödənildiyi təqdirdə şəxsi mülkiyyətə keçirilməsinin mümkün olduğu qənaətinə gəlməyə əsas verir. Hazırkı iş üzrə təqdim edilmiş X6 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının 3 nömrəli protokolunun məzmununda qeydiyyatda olan fərdi yaşayış evinin özəlləşməsindən, ayrı-ayrı vətəndaşların şəxsi mülkiyyətinə verilməsindən deyil, vətəndaşlar tərəfindən özbaşına tikilimiş fərdi evlərin siyahısının təsdiq edilməsindən və həmin evlərdə yaşayan vətəndaşların pasport qeydiyyatının aparılması üçün ev kitabçalarının tərtib edilməsindən bəhs edilir. Təsadüfi deyildir ki, sözügedən protokola əlavə edilmiş siyahının adı “Biləcəri, Xoca-Həsən və Sulu-Təpə qəsəbələri üzrə ev kitabçaları olmayan özbaşına tikililərin Siyahısı” adlanır, həmin siyahıda X3 aid fərdi evin texniki xüsusiyyəti olaraq yalnız bünövrəli daş ev olduğu, müstəqil torpaq sahəsinin olduğu qeyd edilmiş, evin zəruri olan digər xüsusiyyətləri- sahəsi (ölçüsü), hansı layihəyə uyğun tikildiyi, yerləşdiyi tikintialtı və həyətyanı torpaq sahəsinin ölçüsü qeyd edilməmiş, yalnız fərdi evin ünvanı 5-ci döngə, Şaumyan döngəsi 19 olaraq göstərilmişdir. Fərdi evin ünvanının qeyd edilməsi isə mövcud özbaşına tikilinin məhz həmin ünvanda yerləşən tikili olması, həmin ünvanda yaşayanların pasport qeydiyyatı üçün zəruri olan ev kitabçasının tərtib edilməsi ilə bağlı olmuşdur. Sözüedən qərar fərdi evin şəxsi mülkiyyətə verilməsinin rəsmiləşdirilməsi ilə bağlı olmadığının, yalnız müvafiq mövcud özbaşına tikili üzrə pasport qeydiyyatının aparılmasının göstəricisidir ki, sözegedən qərarın yekun olaraq icra olunması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan səlahiyyətli quruma deyil, polis şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından da görünür ki, xx.xx.1969-cu il tarixdə 5-ci döngə, Şaumyan döngəsi 19 ünvanında yerləşən fərdi evə dair ev kitabçası tərtib edilmiş, kitabçada ünvan üzrə qeydiyyatda olan X5 və onun ailə üzvləri haqqında məlumatlar qeyd edilmişdir. Keçən müddət ərzində sözügedən ev və onun yerləşdiyi torpaq sahəsinin fərdiləşdirməyə imkan verən xüsusiyyətlərini -yerləşmə mövqeyi, cizgisi, sahə ölçülərini əks etdiən səlahiyyətli qurum tərəfindən texniki pasport tərtib edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar