Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8415/2022 25.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə xx.xx.2013-cü il tarixdə cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən maddi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqabilində kompensasiya olaraq 2.967.150.0 manat pulun dövlət büdcəsi hesabına İddiaçı1 ödənilməsi, kompensasiyanın ödənilməsi üçün sifariş verilməsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 233/2014 saylı, 13 iyun 2014-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılması qərara alınmışdır. xx.xx.2014-cü il tarixində iddiaçı tərəfindən qərarda olan yalnışlıqların düzəldilməsi barədə ərizə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-233/2014 saylı, 25 iyun 2014cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qərarın nəticə hissəsində “İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqabilində kompensasiya olaraq 2.967.150.0 manat pul dövlət büdcəsi hesabına İddiaçı1 ödənilsin” əvəzinə - “İddiaçı1 mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin X1 tikintisi ilə əlaqədar cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən dövlət ehtiyacları üçün alındığından dəymiş ziyana görə kompensasiya olaraq 2.967.150.0 manat Gənclər və İdman Nazirliyindən dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı1 ödənilsin” (ödənilməsi ilə) düzəldilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014cü il tarixli qərarından xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 13 iyun 2014-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması və apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, onun apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2019 saylı, 04 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarının və həmin qərara düzəliş edilməsi barədə 25 iyun 2014-cü il tarixli qərardadının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2874/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv olunmasını və işin yenidən inzibati məhkəməyə göndərilərək yenidən məhkəmə baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3491/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2655/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin buraxılması üzrlü hesab olunaraq bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2655/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hazırkı işin ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdeh tərəfin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: -8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, ərazi aidiyyəti ilə bağlı xüsusi qayda yuxarıda qeyd edilən 8.1.1-8.1.3-1-ci maddələrdə nəzərdə tutulmuşdur. Yalnız qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. İş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdeh orqan Bakı şəhəri ərazisində yerləşsə də iddiaçının tələbi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ümumilikdə 2.79 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına müvafiq olaraq xx.xx.2006, xx.xx.2007-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən təqdim edilmiş layihəyə əsasən X1 tikintisi ilə əlaqədar dövlət ehtiyacının alınmasının təsiri altına düşdüyündən ondan alındığını, tikinti altına düşən torpaq hissəsi ilə bağlı ona hər hansı kompensasiya ödənilmədiyini iddia edərək hazırkı inzibati məhkəmə icraatında müvafiq kompensasiyanın ödənilməsini mübahisələndirir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1.2-ci maddəsinə görə torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -19.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. -19.2-ci maddəsinə görə torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. -19.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. -23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə 23.1.1-ci maddəsinə görə alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2-ci maddəsinə əsasən alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılması qaydası ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi “Torpaqların dövlət ehtiyacları haqqında” Qanunun yuxarıda qeyd edilən normaları baxımından torpaq sahəsi ilə bağlı mübahisə gedişində istər tərəflərin məhkəməyə əlçatımlığının, torpaq sahəsinin yerləşdiyi yer üzrə qiymətinin müəyyən edilməsinə, istərsə də məhkəmənin həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı iş üzrə ərazi aidiyyəti İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri ilə tənzimlənməli və işə müvafiq daşınmaz əmlakın olduğu yerin inzibati məhkəməsində, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin Qərara görə Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8415/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8415/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8415/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver