Məhkəmə qərarları › İş №2-1(112)-8416/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8416/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8416/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı daimi yaşama faktının müəyyən edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 1985ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşamasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1961-ci il fevral ayının 20-də Ermənistan SSRİ-nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. X2, anası isə X4 olmuşdur. Ailədə 8 uşaq olmuşlar. 1978 - ci ildə Əzizbəyov kənd orta məkəbini bitirmişdir. 1979-cu ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətini Rusiya SSRİ-nin Leninqrad şəhərində xidmət etmişdir. 1981-ci ildə hərbi xidməti başa vurduqdan sonra yaşadığı Amasiya rayonunun Əzizbəyov kəndinə qayıtmışdır. İki il orada yaşadıqdan sonra 1983-cü ildə X1 Sənaye və Mülki Tikinti ixtisasına qəbul olunmuşdur. 1986-cı ilə kimi həmin texnikomda oxumuş və oranı həmin ildə bitirmişdir. Texnikomda təhsil aldığı müddətdə qohumlarının yaşadığı Balakən rayonu Qullar kəndində yaşamışdır.20 iyun 1985-ci ildə Ermənistan SSRİ-nin Amasiya rayonunun Əzizbəyov kəndindən qeydiyyatdan çıxmışdır. 23 avqust 1985-ci ildə daimi yaşadığı Balakən rayonunun Qullar kəndinə qeydiyyata alınmışdır. 21 yanvar 1987-ci il tarixində həmin ünvandan qeydiyyatdan çıxaraq ünvan 2əqillik dövründə isə Azadlıq küçəsi hazırki isə Heydər Əliyev prospekti 41 saylı evin 11 saylı mənzilində qeydiyyata alınmaqla yaşamışdır. Onu da, qeyd edir ki, bu günə olan müddətə qədər o, SSRİ-nin İİİ-CJ1 № 637656 seriyalı pasportu ilə yaşamışdır. 1986-cı ildə Balakən rayonunda yaşayan qohumu X6 ilə ailə həyatı qurmuşdur. Bu barədə Balakən rayonu Qullar kənd VVAQ şöbəsindən 11 fevral 1986 - cı il tarixli İİİ - ЖГ № 436272 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 3 qız övladları anadan olmuşur. Hazırda övladlarının hər biri ailəlidir. 2008-ci ilin əvvəlinə kimi onlar ailəvi olaraq Balakən rayonunda daimi yaşamışlar. 2008-ci ilin əvvəlindən isə həyat yoldaşı X3 adına Bakı şəhəridə aldıqları ünvan 3 ünvanında bu günə kimi yaşamaqdadırlar. Ailə üzvləri ölkə vətəndaşı olduğu üçün onlar sözügedən ünvan üzrə qeydiyyata alınmış olsalar da, onun Azərbaycan dövlətinə vətəndaşlığı bu günə kimi tanınmadığı üçün qeydiyyatı mümkün olmamışdır. Bu faktı Balakən rayon Mənzil İstismar Sahəsi Sahəsinin xx.xx.2023-cü il tarixli 04 saylı arayışı, Bakı şəhəri Nəsimi rayon 65 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 93 saylı arayışı və SSRİ-nin İİİ-CЛ № 637656 seriyalı pasportunda qeydiyyat haqqında məlumatlar təsdiq etməkdədir. Qeyd etmək istəyir ki, ölkə 1991-ci ildən müstəqil olmasına baxmayaraq o, 2022-ci ilə qədər heç bir zaman vətəndaşlığının tanınması barədə aidiyyatı orqanlara müraciət etməmişdir. Ömrünün çox hissəsi bazarlarda piştaxta arasında satıcılıq etməklə keçib. Heç bir zaman rəsmi işlər üzrə hər hansı məsələsi olmamışdır. O da, həqiqətdir ki, həyat yoldaşı dəfələrlə şəxsiyyət vəsiqəsi məsələsinin həll olunmasını ondan tələb etsə də, bu məsələyə hər zaman biganə yanaşmışdır. Hətta Bakı şəhərinə köçdükdən sonra belə yenidən bazarda satıcı olaraq öz işinə davam etdiyindən, sonradan da, şəxsi evlərdə santexnik kimi xidmət göstərməsi onu bu işin həll olunmasına arxayın salaraq bu günə kimi zamanı uzatmışdır. Onu da bildirir ki, o, 1983 - cü ildən bu günə kimi Azərbavcan Respublikasının ərazindən heç bir zaman çıxmamışdır, yuxarıda qevd etdiyi ünvanlarda ailəsi ilə birlikdə yaşamışdır. Bilindiyi kimi, ölkədə dövlət və bəzi özəl səhiyyə sektoru sığorta hesablı olmuşdur. 2022-ci il tarixdə səhətində yaranmış bəzi narahatlıqlarla bağlı müxtəlif həkimlərə sığorta hesabına müraciət etsə də, onun ölkə vətəndaşlığı olmadığı üçün bundan imtina olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, Ermənistan SSRİ-nin Amasiya rayonunun Əzizbəyov kəndində doğulsa da milliyət olaraq Azərbaycanlı olmuş və 1983-cü ildən 1991-ci ilin 18 oktyabrınadək Azərbaycan SSRİ-nin ərazisində, 1991-ci ilin oktyabr ayının 18-dən müstəqil Azərbaycan Respublikasının ərazisində rəsmi qeydiyyatda olmaqla faktiki olaraq vətəndaş kimi, lakin rəsmi olaraq vətəndaşlığı olmayan şəxs kimi yaşamışdır. Bildirir ki, 2022-ci ilin mart ayında tərəfindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ölkə vətəndaşlığına mənsubiyyətinin olmasına dair müraciət edisə də, heç bir əsas olmadan xx.xx.2022-ci il tarixdə bundan imtina olunmuşdur. Buna baxmayaraq bu məsələnin əlavə sübutlar əsasında yenidən araşdırılması məqsədilə tərəfindən Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. İş üzrə maraqlı şəxsin ona göndərmiş olduğu xx.xx.2023-cü il tarixli 3- 37/2-B-18/26-1-01-1837/2023 saylı məktubu ilə bildirilmişdir ki, hazrkı məsələ üzrə onun 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bu faktın bu günə kimi müəyyən edilməməsi bir vətəndaş olaraq bir sıra hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqdadır. Hesab edir ki, bu faktın məhkəmə vasitəsi ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qəranımn 12-ci maddəsinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1–ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərinin rəhbər tutmalıdırlar. Sözügedən qanunun 14-cü maddəsinin 4 - cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Onu da qeyd etmək istəyir ki, məhkəməyə müraciət və dövlət rüsumunun ödənilməsi qanunla elektron qavdada müəyyən edilsə də, o, vətəndaşlığı olmayan şəxs olduğundan və şəxsiyyət vəsiqəsi olmadığından bunu etmək mümkün olmamışdır. Belə vəziyyətdə məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu həyat yoldaşının şəxsiyyət vəsiqəsi əsasında tərəfindən ödənilmiş, iş üzrə iddia və ona əlavə olunmuş sənədlərin məhkəməyə göndərilməsi də, poçt vasitəsilə həyata keçirilmişdir. Məlumat üçün onu da, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəfindən ilk öncə iddia tələbi üzrə ümumi məhkəməyə müraciət edilsə də, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1858/2023 saylı xx.xx.2023-cii il tarixli qərardadı ilə işin baxılması ilə bağlı məhkəmənin aidiyyətinin tərəflərindən düzgün seçilməməsi səbəbindən, işin baxılması əslində inzibati məhkəməyə aid olması əsas gətirilməklə geriyə qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbindən və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı onun 1985-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsinə nail olmaqdır. İddiaçı bu tələbi ilə bağlı ilk öncə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1858/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən alınmış imtina cavabı ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilərək iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-37/2-13-18/26-1-08-1837/2023 saylı imtina məktubuna əsasən ona bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vtəndaşı olmadığı müəyyən edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Sözügedən imtina məktubunda həmçinin iddiaçıya izah edilmişdir ki, 1985-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Beləliklə işin hallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçının hüquqi marağına, yəni Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə nail olması üçün ilk öncə onun 1985-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktına mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə mülki məhkəmə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüququ münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndində göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin faktiki hallarını qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiq edərək məhkəmə hesab edir ki, hazırki mübahisəsinin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) münasibətlərə aid olmayıb, inzibati məhkəmə icraatının predmetinə aid olan mübahisə deyil, mülki məhkəmə icraatının predmetini təşkil etməklə xüsusi hüququn nizamasalma predmetinə aid münasibətlərindən irəli gələn mübahisədir və sözügedən mübahisəyə ümumi məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar